Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:31

Məhkəmədə keçmiş nazir Əli Abbasovun adı hallandı


arxiv
arxiv

"Mən də daxil, burada oturanların hamısı günahsızdır. Hamı bilir ki, Vidadi Zeynalov və digərləri icraçı olub. Mən keçmiş nazir Əli Abbasovun yerinə olsaydım, bu adamların həbs olunmasına imkan verməzdim", – "Azərpoçt"un həbsdə olan sabiq baş direktoru Qəmbər Bəybalayev iyulun 12-də məhkəməsində belə deyib.

Qəmbər Bəybalayev, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov, "Aztelekom"un keçmiş baş direktoru Məhəmməd Məmmədov da daxil, 11 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Məhkəmə istintaqı başa çatıb, prokuror təqsirləndirilən şəxslərin bir qisminə şərti cəza, qalanlarına da 8 ildən 15 ilə qədər həbs verilməsini təklif edib.

Hazırda vəkillərin müdafiə çıxışları və təqsirləndirilən şəxslərin son söz deməsi mərhələsidir.
Təqsirləndirilən şəxslərin əksəriyyəti onların mənimsədiyi və dövlətə ziyan vurduqları iddia olunan rəqəmlərlə razılaşmasalar da, ittihamda göstərilən həmin məbləğləri ödəyiblər.

“ETMƏDİYİ ƏMƏLƏ GÖRƏ HƏBSDƏDİR”

Məsələn, "Bakı Telefon Rabitə" İstehsalat Birliyinin sabiq baş direktoru, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olan Beytulla Hüseynova qarşı ittihamda bu rəqəm 10 milyon manatdan artıq idi və o, həmin məbləği ödəyib.

Təqsirləndirilən şəxslərdən Cəlil Cəfərovun vəkili onun da ziyanı tam ödədiyini bildirərək, məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib: "Müdafiə etdiyim şəxs 1 il 9 aydır əsassız həbsdə saxlanılır. Etmədiyi əmələ görə... Buna baxmayaraq, Cəlil Cəfərovun qardaşı dövlətə vurulduğu deyilən məbləği ödəyib. Məhkəmədən ədalətli qərar gözləyirik", – vəkil bildirib.

Vidadi Zeynalovun vəkili Bəylər Məmişov da ziyanın ödənilməsi üçün əlavə vaxt verilməsini istəyib. Vəkil bildirib ki, son günlərdə onlar daha 2 milyon ödəyiblər.

Vidadi Zeynalov
Vidadi Zeynalov

Zərərçəkmiş qismində tanınan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev də məhkəmədən vaxt istəyib. O təsdiqləyib ki, hazırda təqsirləndirilən şəxslərin ailə üzvləri və yaxınları tərəfindən dəymiş zərərin ödənilməsi istiqamətində addımlar atılır.

“PULU ANCAQ NAZİRDƏN ALIB QAYTARA BİLƏRƏM”

Təqdirləndirilən şəxslərdən "Azərpoçt"un sabiq rəhbəri Qəmbər Bəybalayev deyib ki, əvvəla, ittihamda yazılan rəqəmlərin təqsirləndirilən şəxslərə, o cümlədən onun özünə aidiyyəti yoxdur. İkincisi də o pulu ödəməyə imkanı yoxdur.

"Korrupsiya İdarəsi bu işləri yaxşı araşdırmayıb. Mənim Karlovı Varıda mülklərim, Bakıda milyonluq restoranlarım, bölgələrdə torpaq sahələrim var, üzə çıxarmayıblar. Mənim ayağıma ziyan kimi yazılan məbləği ödəməyə imkanım yoxdur. Pulu, ancaq keçmiş nazir Əli Abbasovdan alıb qaytara bilərəm", - Bəybalayev ironiya ilə deyib.

O bildirib ki, məhkəmənin ədalətli qərar çıxaracağına inanmaq istəyir: "Bu ittihamla əlbəttə ki, razı deyilən. Kişi kimi işləmişəm, indi də kişi kimi deyirəm ki, burada heç kimin günahı yoxdur. Məhkəmədən xahiş edirəm ki, mənə görə prosesi uzatmasınlar. Vidadi Zeynalov və digər təqsirləndirilən şəxslərin hamısı icraçı olub. Onların heç biri təqsirli deyil. Bunu hamı bilir. İnsaf da yaxşı şeydir. Gərək ən azı, bəzi şəxslər ev dustaqlığına buraxılardı".

Məhkəmə iyulun 19-da davam edəcək.

Buna da bax: 'Rabitəçilər işi': İttihamı qəbul etməsələr də, yazılan məbləği tam ödəyiblər...

XATIRLATMA

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər.

Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Hazırda V.Zeynalov və digərlərinin məhkəmə prosesi davam edir.

Dövlət ittihamçısı məhkəmədən onun 14 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

XS
SM
MD
LG