Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:35

Necə olur ki, Rusiyada işçi qüvvəsi azalır...


Putinin TV ilə ictimaiyyətlə canlı görüşü
Putinin TV ilə ictimaiyyətlə canlı görüşü

Qabaqcıl iqtisadiyyata malik bir çox ölkələr sürətli texnoloji inkişafın insanları işsiz qoyacağından narahatdırlar. Rusiyada isə hökumət əhalinin ciddi azaldığı bir vaxtda iş yerlərini necə dolduracağı haqda düşünür.

İqtisadiyyat naziri Maksim Oreshkin bu həftə Rusiyadakı demoqrafik durumu "dünyada ən ağır həddə olanlardan biri" adlandırıb. O deyib ki, yaxın beş-altı ildə "biz hər il təqribən 800 min əmək yaşlı insanı ...itirəcəyik".

Buna da bax:​ Navalny-dan hakimiyyətə suçlama

“BU NƏSİL ÇOX KİÇİKDİR”

Sentyabrın 25-də "Sberbank"ın Korporativ Universitetində çıxış edən Oreshkin bunu 1990-cı illərin effekti adlandırır. SSRİ-nin dağılmasından sonra yaranmış iqtisadi çətinliklər, artan cinayətkarlıq və rifah halının ciddi pisləşməsi ölkədə doğum səviyyəsinin düşməsinə səbəb olub.

"Ölkəmizdə ən aşağı doğum səviyyəsi 1999-cu ildə qeydə alınıb. Bu adamların indi 18 yaşı var. Onlar əmək qüvvəsinə daxil olurlar. Bu nəsil çox kiçikdir", – Oreshkin deyib. Nazirin sözlərinə görə, yaxın altı il ərzində ölkənin əmək yaşlı əhalisi 4,8 milyon nəfərə qədər azalacaq.

140 milyondan bir qədər çox əhalisi olan ölkədə əmək qüvvəsinin davamlı azalması iki il çəkmiş dərin böhrandan sonra iqtisadiyyatı dirçəltmək səylərini əngəlləyəcək. Bu hal həm də Kremlin Rusiyanın guya demoqrafik böhranın öhdəsindən gəldiyi haqda iddialarını puça çıxara bilər.

Buna da bax:​ Sobchak-la Navalny söz savaşında - prezidentliyə namizədlik mübahisəsi

Rusiyadakı demoqrafik böhranın kökləri SSRİ vaxtlarına gedib çıxır. Təlatümlü hadisələr, ölüm səviyyəsinin yüksək, uzunömürlülüyünsə aşağı olması göstərilən səbəblər arasındadır.

ƏMƏK QÜVVƏSİ 10 MİLYON NƏFƏRƏDƏK AZALA BİLƏR

"Təbii ki, problem ciddidir. Ancaq məsələ bu problemə necə yanaşmaqdadır. Müəyyən mənada, bəlkə də əmək bazarındakı qıtlığı doldurmaq üçün daha böyük miqrant axınına ehtiyac var. İkinci məsələ isə əmək məhsuldarlığıdır ki, bizdə bu o qədər də yüksək deyil", – Moskvadakı Ali İqtisadiyyat Məktəbi nəzdindəki Demoqrafiya İnstitutunun direktoru Anatoly Vishnevsky deyir.

Prezident Vladimir Putin-in hakimiyyətə gəldiyi 2000-ci ildə bu problem artıq mövcud idi. Putin doğum səviyyəsini yüksəltmək, kişilərin ömür həddini uzatmaq və ölkəyə əmək miqrantları cəlb etmək üçün tədbirlər görüb. 2012-ci ildə seçki kampaniyası üçün yazdığı məqalədə Putin qeyd edib ki, mövcud demoqrafik trendlər davam edərsə, 2050-ci ilədək dünyanın ən böyük ölkəsinin əhalisi 143 milyondan 107 milyona enəcək.

Buna da bax: Medvedev: 'Seçkinin nəticələri 'Vahid Rusiya' üçün 'çox yaxşı' olub'

"Nezavisimaya Qazeta" və başqa qəzetlər yazır ki, Oreshkin-in çıxışında göstərdiyi məqamlar hökumətin pensiya yaşını artırmasına səbəbdir. Pensiya yaşının artırılması Kremli dəstəkləyən yaşlı mühafizəkar seçiciləri qəzəbləndirə bilər. Qəzet nüfuzlu keçmiş maliyyə naziri Aleksei Kudrin-in proqnozunu da xatırladıb. Pensiya yaşının artırılması tərəfdarı olan Kudrin bu ilin aprelində demişdi ki, yaxın 15 ildə ölkənin əmək qüvvəsi 10 milyon nəfərədək azalacaq.

İLƏ 0,4 FAİZ GERİLƏMƏ

Analitik Kredit Reytinqi Agentliyinin eksperti Dmitry Kulikov-sa "RIA Novosti" dövlət xəbər agentliyinə bildirib ki, əmək qüvvəsinin azalması və miqrasiyanın aşağı səviyyəsi Rusiya iqtisadiyyatının potensial artımını ildə 0,4 faiz geri sala bilər.

Buna da bax:​ Siyasilərə Andropovun yaratdığı 'psixiatrik' yanaşma geri qayıdır

Vishnevsky isə pensiya yaşının artırılmasının problemi həll edə biləcəyinə inanmır. "Yaşlı insanlar heç zaman gəncləri əvəzləyə bilməzlər. Onlar effektiv işçilər deyil. Onlar yeni texnologiyanı mənimsəyə bilmirlər. Ona görə, sizin bütün əmək qüvvəniz yaşlanarsa, bunun nəticələrinin necə olacağı aydın deyil", – o deyir.

O həmçinin qeyd edib ki, Orta Asiya və başqa yerlərdən əmək miqrantlarını cəlbetmə siyasəti ölkədə güclənməkdə olan millətçi hissləri daha da alovlandıra bilər. "Rusiyanın miqrantlara çox da açıq olmaması isə başqa bir məsələdir. Yetərincə güclü antimiqrant hissləri mövcuddur, ona görə də vəziyyətin necə inkişaf edəcəyini demək çətindir", – Vishnevsky deyir.

Qeyd edək ki, hazırda Rusiyada 10 milyondan çox əmək miqrantının çalışdığı bildirilir.

XS
SM
MD
LG