Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:54

Nizami Cəfərov: “İlham Əliyevin xanımının, övladlarının fəaliyyəti də göz qabağındadır”


Nizami Cəfərov
Nizami Cəfərov

“Oyun çıxarmaq, hoqqabazlıq qalıq müxalifətin köhnəlmiş metoduna çevrilib”.

“Milli Şuranın mənasız iddialarını ciddi qəbul etmək mümkün deyil”, – hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Nizami Cəfərov AzadlıqRadiosuna belə deyib.

Nizami Cəfərov: “İlham Əliyevin xanımının, övladlarının fəaliyyəti də göz qabağındadır”
Gözlə

No media source currently available

0:00 0:06:05 0:00
Direct-ə keçid

O, Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 7-də keçirilən mitinqində səslənən korrupsiya ittihamlarını birmənalı şəkildə rədd edib və “böhtan, mənasız iddia”adlandırıb.

– AXCP sədri Əli Kərimli “Talana yox” şüarı ilə keçirilən aksiyada deyib ki, hakimiyyət xalqa böyük vədlər versə də, onu aldadıb, onun apardığı neft siyasəti nəticəsində xalq yox, hakim ailə varlanıb. Bir YAP-çı, deputat kimi siz bu ittihama, tənqidə nə cavab verərdiniz?

– Bizim müxalifətin hərdən elə yersiz iddiaları olur. Azərbaycanda neft siyasətinin nəticəsi bugünkü Azərbaycandır, bugünkü Azərbaycanın inkişafıdır, onun iqtisadi, siyasi, mədəni inkişafıdır. Bunlar göz qabağındadır. Ona görə də onların verdiyi şərhlər əvvəlcədən düşünülmüş, guya problem yaratmağa istiqamətlənən mənasız söz-söhbətdir. Azərbaycanda ciddi neft siyasəti yeridilib və o, nəinki indiki, hətta gələcəyə istiqamətlənmiş böyük layihələrin təminatıdır. Buna görə də Milli Şuranın mənasız iddialarını ciddi qəbul etmək mümkün deyil.

Milli Şuranın 7 oktyabr mitinqi
Milli Şuranın 7 oktyabr mitinqi

– Əliyevlər ailəsi və ya yüksək vəzifəli məmurlar vaxtaşırı beynəlxalq mətbuatda korrupsiyada ittiham olunur, bununla bağlı bəzən jurnalist araşdırmaları ortaya çıxır. Məsələn, elə ötən ay “Azərbaycanın pulyuyan maşını” adı ilə araşdırma tək ölkədə yox, Qərbdə də müzakirələrə yol açdı. Sizcə, niyə bu məsələ araşdırılımır, hakimiyyət üstündən sükutla keçməyə çalışır?

– Azərbaycan rəsmiləri dəfələrlə buna münasibət bildiriblər. Ancaq böhtana münasibət bildirmək vaxt alan, absurda aparan bir şeydir. Ümumiyyətlə, dünya təcrübəsində diskomfort cəmiyyət yaratmaqdan ötrü bu cür iddialar ortaya atılır. Bir ölkənin başçısı və ya ailəsi korrupsiyada ittiham olunur. Belə söhbətlər müxtəlif dövlətlərdə müxtəlif dövlət başçıları ilə bağlı qaldırılır. Ancaq çox görməmişəm ki, həmin dövlət başçıları hər boş sözdən ötrü rəsmi izahat versinlər. Azərbaycanla bağlı rəsmi izahat isə göz qabağındadır. İlham Əliyevin ailəsinin fəaliyyəti də, xanımının, övladlarının fəaliyyəti də göz qabağındadır. Ölkə daxilində və ya xaricdə, beynəlxalq miqyasda Azərbaycanın elə bir problemi yoxdur ki, o ailə onunla xüsusi məşğul olmasın, Azərbaycana, məmləkətə xeyir gətirməsin. Çox adama böhtan atıla bilər. Əsas məsələ gerçəklikdir, görünəndir, göz qabağında olan genişmiqyaslı işlərdir.

– Siz mitinqdə səslənən fikirləri “böhtan, mənasız ittiham” adlandırırsınız. Opponentləriniz də hakimiyyəti “Talana yox” şüarları ilə keçirilən mitinqlərin qarşısını almağa çalışmaqda, bu məqsədlə aksiya öncəsi siyasi fəalları saxlamaqda ittiham edir. Eləcə də son aksiya zamanı mitinqin keçirildiyi ərazidə internetin zəif olduğu, mobil telefonlarda problem yarandığı deyilir və müxalifət bunu da “hakimiyyətin işi” kimi dəyərləndirir. Buna cavabınız nədir?

– Bizim qanunlarımız var, toplantı, mitinq keçirməklə bağlı qanunlarımız var və onlara əməl edilməlidir. O qanunlara riayət edilmirsə, deməli, hərc-mərcliyə hesablanır. Dünyanın heç yerində yoxdur ki, kimin kefi harda gəldi mitinq keçirsin, əvvəldən razılaşdırılmamış şüarlar səsləndirsin, əsası olmayan, həddini aşan hərəkətlərə yol verilsin. Bunları da biz görmüşük. Bizim müxalifətin təcrübəsində belə şeylər nə birinci dəfə deyil, nə də yüzüncü dəfə. Odur ki, hər şey qanun-qayda çərçivəsində olmalıdır. Əlbəttə, bizdə sərbəst toplaşmaq azadlığı var, amma bu normanı pozmaq olmaz. Yəni qanun-qayda daxilində sərbəst toplaşmaq da olar, fikir də söyləmək olar. Mən neçə ildir millət vəkiliyəm, az-çox siyasi proseslərdən baş çıxaran bir adam kimi bilirəm ki, indi müxalifət yoxdur, biz də düşünürük ki, yeni konstruktiv müxalifət gəlməlidir, hakimiyyətin gördüyü işləri qəbul etməlidir, lazımdırsa polemika aparmalıdır. Bu dövlətin, xalqın inkişafına kömək etməlidir, yoxsa oyun çıxarmaq, hoqqabazlıq müxalifətin, belə deyək, qalıq müxalifətin köhnəlmiş metoduna çevrilib. Bununla məşğul olmaq lazımdır. Biz elə bir regiondayıq ki, bəzən elə mürəkkəb problemlərlə üzləşirik ki, bu məsələlərdə həddən artıq sərbəstlik, dağıdıcı şəraitə meydan yaratmaq olmaz.

– Milli Şura bildirir ki, siyasi fəallar aksiyadan öncə saxlanıblar. Hətta bəziləri iddia edir ki, mitinqdən öncə polis bölməsinə çağrılıblar və onlara aksiyada iştirak etməməklə bağlı xəbərdarlıq edilib, hədə-qorxu gəlinib.

– Hədə-qorxu gəlmək, qadağa qoymaq şərti söhbətlərdir. Qanunvericiliklə mümkündür ki, hüquq-mühafizə orqanlarında hər hansı vətəndaşın anormal hərəkət edəcəyi haqda məlumat varsa, əlbəttə, ona əvvəldən xəbərdarlıq edilməlidir: “Qanunsuz iş görməyin”. Əgər onlar da cavab versə ki, mütləq bunu edəcəyik, onları saxlamaq da olar, cəzalandırmaq da. Qanuna qarşı çıxmaq olmaz, hərc-mərclik yaranar.

XS
SM
MD
LG