Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:49

Qərb Ukraynanın arxasında birləşir


Ukraynanın daxili işlər naziri Arsen Avakov-un Facebook-da paylaşdığı video
Ukraynanın daxili işlər naziri Arsen Avakov-un Facebook-da paylaşdığı video

Ukrayna və Rusiya arasında yaranmış son qarşıdurma vəziyyətindən sonra Qərb ölkələri Kiyevin ətrafında birləşməkdədir. Bazar günü – noyabrın 25-də Rusiya Qara dənizdə, nəzarətində olan Krım yarımadası yaxınlığında Ukrayna gəmilərinə atəş açıb və 23 dənizçini əsir götürüb.

Qərb liderləri həm BMT-də, həm də dünən axşam verdikləri bəyanatlarda Rusiyanın Ukraynanın suverenliyini, eləcə də beynəlxalq dəniz sazişlərini “həyasızcasına” pozduğunu bildirir, Moskvanı dənizçiləri dərhal azad etməyə çağırır. Qeyd edək ki, dənizçilərdən altısı toqquşma zamanı xəsarət alıb.

SUVEREN ƏRAZİNİN “HƏYASIZCASINA” POZULMASI

Birləşmiş Ştatlar Rusiyanın bu aqressiv hərəkətini pisləyir”, – ABŞ-ın dövlət katibi Mike Pompeo deyib. O, Rusiyanı gəmiləri və dənizçiləri qaytarmağa, Ukraynanın “beynəlxalq miqyasda tanınmış, ərazi sularını da əhatələyən sərhədlərinə” əməl etməyə çağırıb.

Mike Pompeo (sağda) Ukraynanın Xarici işlər naziri Pavlo Klimkin ilə, arxiv fotosu
Mike Pompeo (sağda) Ukraynanın Xarici işlər naziri Pavlo Klimkin ilə, arxiv fotosu

Pompeo deyib ki, hər iki tərəf “təmkinli davranaraq beynəlxalq öhdəliklərinə əməl etməlidirlər”. O, Rusiya Prezidenti Vladimir Putini ukraynalı həmkarı Petro Poroshenko ilə “birbaşa işləyərək durumu həll etməyə” səsləyib.

Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Haley də insidenti “Ukraynanın suveren ərazisinin həyasızcasına posulması”, Rusiyanın Ukraynadakı münaqişəni “ehtiyatsız şəkildə qızışdırması” hesab edir. O, ABŞ-ın “Rusiyanın təcavüzünə qarşı Ukrayna xalqının yanında duracağını” söyləyib.

Britaniyanın BMT-dəki səfirinin köməkçisi Jonathan Allen-in sözlərinə görə, Rusiya son hərəkətilə qərbə meydan oxuyur.

“RUSİYA İLHAQI MÖHKƏMLƏNDİRMƏK İSTƏYİR”

Rusiya Krım yarımadasını qanunsuz ilhaq etməsini möhkəmləndirmək, Azov dənizini ilhaq etmək istəyir. Görünür, Rusiya ümid edir ki, beynəlxalq ictimaiyyət bu yeni reallığı dinməzcə qəbul edəcək. Xeyr, etməyəcəyik”, – o deyib.

Jonathan Allen
Jonathan Allen

Noyabrın 26-da Ukrayna parlamenti Poroshenko-nun xahişilə ölkədə 30 günlük hərbi vəziyyət elan edib.

Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini Rusiyanın ukraynalı dənizçiləri ələ keçirməsini “qəbuledilməz” adlandırıb, Rusiyanı onları “dərhal buraxmağa”, tibbi yardım göstərməyə çağırıb.

NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, “Rusiya hərəkətlərinin nəticəsi barədə düşünməlidir. Biz dəstəyimizi göstərməkdən ötrü Ukrayna hökuməti ilə əlaqə saxlayacağıq”.

ABŞ Prezidenti Donald Trump isə digər qərb liderlərindən fərli olaraq birmənalı danışmayıb. “Heç bir halda baş verənlərdən məmnun deyilik. Ümid edirik, məsələni yoluna qoyacaqlar. Bilirəm ki, Avropa bundan lərzəyə gəlməyib, bunun üzərində işləyirlər. Hamımız birlikdə işləyirik”, – o deyib.

Rusiyanın BMT-dəki səfirinin vəzifəsini icra edən Dmitry Polyanskiy isə Ukraynanı “aqressiv provokasiya səhnələşdirməkdə” suçlayıb. Onun iddiasına görə, məqsəd martda keçiriləcək prezident seçkisi öncəsi Poroshenko-ya ictimai dəstəyi gücləndirməkdir.

Onların başqa cür hakimiyyətdə qalmağa ümidi yoxdur”, – deyən diplomat Qərb liderlərini Kiyevdəki “kuklalar”ını həvəsləndirməkdə ittiham edib.

***

Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə telefon söhbətində Ukraynanın hərbi vəziyyət elan etmək qərarından “ciddi narahatlıq” bildirib. Məlumatı Kreml noyabrın 27-də yayıb.

Putin deyib ki, ümid edir, “Berlin Ukrayna hakimiyyətini gələcəkdə ehtiyatsız hərəkət etməkdən çəkindirə bilər”.

“Müxtəlif regionlarda hərbi vəziyyətin elan olunması münaqişə zonasında gərginliyin daha da artmasına apara bilər”, – Putinin sözçüsü Dmitry Peskov daha sonra jurnalistlərə deyib.

Rusiyanın Rossia-24 dövlət televiziyası isə saxlanmış ukraynalıların bir neçəsini göstərib, onların Rusiya təhlükəsizlik xidməti tərəfindən dindirilməsinin lentə alındığını bildirib.

Dənizçilərdən biri Rusiya hakimiyyətinin səsləndirdiyi versiyanı dilə gətirib, deyib ki, “Ukraynanın silahlı gəmiləri Kerç boğazında provokativ davranıblar”.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) saxlananlar arasında bir neçə zabitinin olduğunu təsdiqləyib.

XS
SM
MD
LG