Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:21

Keçmiş nazir müavininin baldızı: 'Onun evindən 'bandotdel'ə 21 milyon pul daşıdım...'


L.Hüseynova
L.Hüseynova

2004-2015-ci illərdə «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri, ondan sonra 2017-ci ilin fevralında Nəqliyyat Nazirliyi ləğv olunana qədərsə nazir müavini olmuş Arif Əsgərov və oğlu Elnar Əsgərovu öz qohumları ittiham edir. Lətifə Hüseynova deyir ki, onların üzündən iki övladının ailəsi dağılıb, dörd uşaq atasız qalıb, oğlanlarından biri 9 il həbsə göndərilib, o birindən də bir həftədir heç bir xəbər yoxdur.

L.Hüseynova sabiq nazir müavininin baldızıdır. Onun oğlu Emil Hüseynov birgə biznes (Gürcüstandan izolyasiya materialları gətirmək) adıyla pul alıb adamları aldatmaqda suçlanaraq, 9 il azadlıqdan məhrum edilib. Digər oğlu Rahib Hüseynova da bir müddət öncə prokuror 10 il həbs cəzası istəyib. Noyabrın 22-də o, məhkəmədə son sözünü deməli, ardınca da hakimlər hökmü elan etməliydilər, amma R.Hüseynov məhkəməyə gəlmədi. Məhkəmə də onun haqqında ev dustaqlığı qətimkan tədbirini ləğv edib həbs qərarı çıxardı və axtarışa verildi.

«Hər evlərində 3-4 mühafizəçi olur»

Bu barədə AzadlıqRadiosuna danışan L.Hüseynova deyir ki, bir həftədən çoxdur oğlundan xəbər ala bilmir: «Heç bilmirəm, ölüb, yoxsa sağdır. Bu işlərin başında lap əvvəldən Elnar dayanıb, pulları da adamlardan o alıb. Mənim uşaqlarımı göndərirdi ki, “get, filankəsdən bunu al gətir, onu apar”. Yəni mənim uşaqlarım onun dediyini eləyib. Elnar olmasaydı, kim idi, mənim uşaqlarıma milyonlarla pulu etibar eləyib verən? Ona görə də Rahibin yerini-yurdunu öyrənmək üçün neçə gün onların qapısına getdim. Bilirəm ki, balamın başına nə iş gəlibsə, onlarlıqdır. Amma qapını açmırlar. Mühafizəçi yoldaşımla məni aldadır ki, yoxdurlar, bir həftədən sonra gələcəklər...».

E.Əsgərov bir neçə gün əvvəl xalasından Binəqədi rayonu, 7-ci polis bölməsinə şikayət edib. Ərizəsində də yazıb ki, L.Hüseynova onlara narahatlıq yaradır, təhdid edir: «Mən kiməm ki, onları təhdid edim? Adi qapını üzümə açmırlar ki, balamın yerini soruşum. Hər evlərində 3-4 nəfər mühafizəçi olur».

Anası deyir ki, oğlu Rahib dəmiryolunda işləyirdi, digər oğlu Emil çox vaxt elə xalası oğlu Elnarın yanında olurdu: «Elnar həmişə bizi də əmin eləyirdi, hamının da yanında deyirdi ki, narahat olmayın, Emil mənimlədir. Rahib də normal işini işləyirdi. Evimizdə 4 dənə kitabça vardı, orada kimdən nə qədər pul alınıb, kimə nə qədər faiz verilib, hamısı yazılıb (R.Hüseynov onları məhkəməyə də təqdim edib-red.). İşi görən Elnar idi, mənim uşaqlarım da onun icraçıları. Kimdən pul alınması, hara nə qədər verilməsi – bunlar hamısı Elnarlıq idi».

Hansı vəzifəlilərin övladlarından pullar alınıb

L.Hüseynova danışır ki, adamların əksəriyyəti pulları sələm kimi vermişdilər, aylıq faizini alırdılar. Pul sahibləri də, əsasən, tanınmış şəxslərin, vəzifə sahiblərinin övladları olub. L.Hüseynova artıq xitam verilmiş cinayət işində adları keçən şəxsləri sadalayır:

«(Keçmiş ədliyyə naziri) Əlisahib Orucovun oğlu, deputat Əhliman Əmiraslanovun oğlu, Binəqədinin keçmiş icra başçısı Xaləddin İsgəndərovun oğlu Dəyanət... Rahib kim idi ki, bu adamlar ona pul versinlər, onların hamısından pulları Elnar alıb, Rahib sadəcə, qeydiyyat aparırdı. Bunlar dəmiryoluna aid yataq dəstləri-filan gətirib burada dövlətə satırdılar. Məsələn, 20 qəpiyə alıb, dövlətə 2 manata satırdılar. Olurdu ki, pulun ödənişi gecikirdi. Belə gecikmələr olanda bir adamdan alıb, o birinin faizini ödəyirdilər».

L.Hüseynovanın sözlərinə görə, problem əsasən E.Əsgərovun banklardan birindən götürdüyü böyük məbləğdə kreditin ödənişiylə əlaqədar yaranıb: «Guya atasına sürpriz edib holdinq yaratmışdı. Bankdan bir neçə milyonluq kredit götürüb qaytara bilməyəndə adamlardan aldığı pulların hesabına onu bağlayıb. O kredit söhbətindən əvvəl ata-anasının da xəbəri olmamışdı».

Müxtəlif adamlardan alınan pullarla əlaqədar bundan öncə R.Hüseynov haqqında cinayət işi başlanıb, 11 ay həbsdə saxlanıb. İstintaqı da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb. L.Hüseynova bu haqda da danışır: «Oğlum 11 ay «bandotdel»in zirzəmisində qaldı. O vaxt «bandotdel»in rəisi Mirqafar Seyidov idi, Allah ömrün uzun eləsin, göstəriş verdi ki, iş düzgün aparılsın. İşi də müstəntiq Canpolad Daanov aparırdı. O dövrdə söhbət açılanda Arif Əsgərov oğlunun əməllərindən xəbər tutdu. Onun evindən «bandotdel»ə 21 milyon pul daşıdıq. O, hissə-hissə bizə verirdi, biz də yoldaşımla aparırdıq «bandotdel»ə, orada müstəntiq pul sahibini çağırıb, pulu verib, ərizəsini alıb protokollaşdırırdı. Protokolu aparıb Arif Əsgərova verirdik. Beləcə, düz 21 milyon pul verdik. Sonra Nərimanov Rayon Məhkəməsində Rahib haqqında cinayət işinə xitam verildi».

«Mən çoban oğluna o qədər pul verməzdim»

Pul sahibləri arasında Tovuzun sabiq icra başçısının oğlu, Dövlət Yol Polis İdarəsinin zabiti Qoşqar Zeynalov da var. O həm də E.Əsgərovun bacanağıdır. L.Hüseynova deyir ki, Rahib həbsdən çıxandan sonra nə baş verdisə, Qoşqar yenə ondan şikayətçi oldu: «Bilmədik ki, Elnar öyrətdi onu, yoxsa özü elədi. Halbuki, həmin Qoşqar özü gəlib yoldaşıma demişdi ki, «mən çoban oğluna o qədər pulu verməzdim». Biz təsərrüfatla, kartof-soğanla, taxılla dolanıb, övladlarımızı ev-eşik sahibi eləmişdik, nəyimiz vardı, hamısı əlimizdən çıxdı».

«Bizə böhtan atıb ləkələməyə çalışırlar»

L.Hüseynovanın digər oğlu E.Hüseynovun məhkəməsində zərərçəkən qismində çıxış edən pul sahibləri, o cümlədən Emin Məmmədov məhz Elnarı ittiham edirdi. Sabiq nazir müavininin oğlu məhkəmədə şahid qismində dindiriləndə də onunla həm təqsirləndirilən xalası oğlu, həm də zərərçəkən E.Məmmədov arasında mübahisə oldu. Zərərçəkən bildirdi ki, pulu E.Əsgərova verib, ondan da tələb edir.

E.Əsgərov isə hər iki xalası oğlanlarının məhkəməsində dindirilərkən deyilənləri təkzib edib. Bildirib ki, qohumları onların adından sui-istifadə ediblər, adlarını hallandırıb şantaj edirlər: «İstəyirlər ki, adamlara vurduqları ziyanı bizim hesabımıza ödəsinlər. Bizə böhtan atırlar, ləkələməyə çalışırlar».

E.Əsgərovla bağlı daha bir qalmaqal təxminən 10 il öncə Böyük Britaniyada olmuşdu. 2008-ci ildə 22 yaşı olan E.Əsgərov Londonda təhsil aldığı universitetdə imtahanlara öz əvəzinə saxta sənədlə başqasını göndərmişdi. Bu faktın üstü açılandan sonra onların hər ikisiylə bağlı araşdırmalar başlamışdı.

XS
SM
MD
LG