Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:26

Kasparov: ‘Dikatatorların cinayətləri üçün xalqlar cavab verməli olurlar’


Garry Kasparov dekabrın 14-də AzadlıqRadiosuna müsahibə verib
Garry Kasparov dekabrın 14-də AzadlıqRadiosuna müsahibə verib

Kremlin məşhur tənqidçilərindən Garry Kasparov deyib ki, prezident Vladimir Putinin “aqressiv” siyasətlərinə görə Rusiya dünya səhnəsindəki yerini getdikcə daha çox itirir^

“Əsas problem Kremlin ölkə daxilindəki proseslərə nəzarət edə bilib-bilməməsində deyil. Fakt budur ki, rejim beynəlxalq nüfuzunu sürətlə itirməyə başlayıb”.

Şahmat üzrə keçmiş dünya çempionu və Rusiya müxalifətinin aparıcı fiquru olan Kasparov dekabrın 14-də AzadlıqRadiosuna müsahibəsində daha sonra deyib:

“Tez və ya gec, bu, baş verməli idi, çünki Kremlin aqressiv siyasəti azad dünyanı əmin etməliydi ki, Putinlə danışmaq mənasızdır”.

Kasparov bunu da bildirib ki, o, Rusiyanın ABŞ-ın 2016-cı ilə seçkisinə və başqa seçkilərə müdaxilə etdiyinə inanır.

Kasparov deyib ki, Rusiya Donald Trump-ın bu seçkidə Hillary Clinton üzərində qələbəsi üçün “nəhəng resurslar” investisiya edib.

“Rusiya təbliğatı Trump-ın seçki qələbəsini Putinin təntənəsi kimi təqdim edir. Lakin Moskvadakı təntənənin ömrü qısa olub, çünki Birləşmiş Ştatların prezidentinin nəhəng siyasi qüvvəsinə baxmayaraq Putinin ondan gözlədiyi siyasəti yürütmək imkanları məhduddur”.

Rusiyanın seçkiyə müdaxiləsi Trump-ın prezidentliyinə ilk gündən kölgə salıb və xüsusi prokuror Robert Mueller-in Moskva və Trump arasında mümkün sövdələşməni təhqiq etməyə başlaması ilə nəticələnib. Trump bu iddiaları rədd edir və əcinnə ovu adlandırır.

Kasparov deyib ki, Putin üçün daha bir zərbə Avropa İttifaqının Krımın ilhaqı ilə bağlı Moskvanın üzərinə qoyduğu iqtisadi sanksiyalar olub.

Dekabrın 13-də Avropa İttifaqı bu sanksiyaların müddətini daha 6 ay uzadıb.

Sanksiyalar ilk dəfə 2014-cü ildə, Rusiya Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq etdikdən və Ukraynanın şərqindəki separatçılara dəstək verməyə başladıqdan sonra qoyulub.

Rusiya üzərindəki sanksiyaların müddəti gələn ay başa çatırdı, lakin Avropa İttifaqı liderləri Moskvanın Minsk razılaşmalarına hörmət etməməsini nəzərə alaraq onların müddətini daha 6 ay uzadıblar.

Kasparov xəbərdarlıq edib ki, Putinin Qərb dünyasını parçalamağa yönəlmiş siyasəti hələ başa çatmayıb.

Keçmiş çempiion deyib ki, “indiyədək bu siyasət əks-nəticəli olub və Putinin taktiki qələbələri onun strateji məğlubiyyətləri ilə nəticələnib”.

Kasparov deyib ki, gələckdə Putinin Ukrayna və başqa yerlərdə yürütdüyü siyasətlərin bədəlini Rusiya və ruslar ödəməli olacaqlar. O əlavə edib ki, “diktatorların cinayətləri üçün həmişə millətlər cavab verməli olublar”.

55 yaşlı Kasparov 1985-2000-ci illərdə şahmat dünyasında dominant fiqur olub. O siyasi fəaliyyətə başlaması ilə əlaqədar 2005-ci ildə peşəkar şahmatla vidalaşıb və Putinə qarşı “Başqa Rusiya” adlı hərəkata start verib.

Nəhayət Rusiyanı tərk edən Kasparov 2013-cü ildə deyib ki, o bu ölkəyə bir daha qayıtmayacaq. O 2014-cü ildə Xorvatiya vətəndaşlığı alıb. Buna baxmayaraq daha çox Nyu Yorkda olur.

O 2015-ci ildə “Qış gəlir və ya Vladimir Putin və azad dünyanın düşmənləri dayandırılmalıdır” kitabını yazıb.

XS
SM
MD
LG