Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:57

Musk yenə tvitilə özünə problem yaradıb – Qərb mediası


Elon Musk
Elon Musk

Birləşmiş Ştatların səhm bazarının tənzimləyiciləri milyarder Elon Musk-ı məhkəmə qərarıyla qüvvəyə minmiş razılaşmanı pozmaqda suçlayırlar. “Frans Pres” agentliyi texnologiya vunderkindinin son xətasının ona baha başa gələcəyini yazır.

Tesla elektromobil şirkətinin icraçı direktoru Musk fevralın 19-da tvitində yazıb ki, şirkət bu il 500 min avtomobil buraxacaq. İndiyədək bu rəqəmin 400 min olacağı bildirilirdi.

Musk dörd saat sonra səhvini düzəldib. O yazıb ki, Tesla əslində bu il 400 minədək avtomobil buraxacaq. “Demək istəyirdim ki, 2019-cu ilin sonunadək illik hasilat 500 minədək yüksələ bilər”, – o vurğulayıb.

ABŞ-ın nüfuzlu Qiymətli Kağızlar və Birjalar Komissiyası bildirir ki, bu tvitlər milyarderlə əldə olunmuş razılaşmanı pozub. Həmin sənədə görə onun tvitləri dərc olunmamışdan öncə nəzərdən keçirilməlidir.

Tesla-nın Model 3 elektromobilləri
Tesla-nın Model 3 elektromobilləri

Sözügedən məhdudiyyət Musk-ın ötən yazdığı bir tvitdən sonra qoyulub. O, şirkəti özəl edəcəyini planlaşdırdığını yazdı, bu tvit bazarlarda çaxnaşma yaratsa da, əsassız olduğu üzə çıxdı.

Komissiya bildirir ki, Musk-ın təsdiqlənməmiş yaydığı tvit dəqiq olmayıb, 24 milyon nəfər onu oxuyub. Qurum bunu Nyu York məhkəməsində qaldırdığı iddiada bildirir.

Musk isə Twitter-də özünü müdafiə etməyə başlayıb, yazıb ki, komissiya “Teslanın qazanclarla bağlı hesabatını oxumayıb, orada aydın şəkildə 350 min – 500 mindən söz açılır. Utancvericidir”.

Amma Musk “hakimlərə böyük sayqısı olduğunu” da vurğulayıb. Onun vəkilləri məhkəmə sənədlərində yazırlar ki, Musk öncədən açıqlanmış məlumatların yayıldığı tvitlərinin təsdiqə ehtiyacı olmadığını düşünüb.

“Frans Pres” ABŞ hakimiyyətinin qaydanı təkrar pozanlara dözümlü yanaşmadığını qeyd edir. Özəlliklə də söhbət ABŞ maliyyə bazarlarına təsir göstərən hallardan gedirsə.

Artıq bazar ertəsi Teslanın səhmləri 3,6 faiz düşüb.

Guaido-nun variantı qalıbmı

Venesuela müxalifətinin lideri Juan Guaido ötən həftəsonu ölkəyə humanitar yardımı gətirməyə çalışdı, amma hakimiyyətini saxlamağa çalışan prezident Nicolas Maduronun dirənişi ilə üzləşdi.

Venesuela üçün nəzərdə tutulmuş yardım Kolumbiyada boşaldılır
Venesuela üçün nəzərdə tutulmuş yardım Kolumbiyada boşaldılır

Sərhəddə toqquşmalar zamanı dörd nəfərin öldüyü, yüzlərlə adamın yaralandığı bildirilir.

Guaido beynəlxalq ictimaiyyəti “qitədə sabitliyə təhdid yaradanlara” təzyiqi artırmağa çağırıb.

“Maduro hökuməti özünü rahat hiss edə bilər, çünki ondan çox adam ayrılmayıb”, – Latın Amerikası üzrə Vaşinqton İdarəsi beyin mərkəzindən David Smilde “Frans Pres”ə deyib.

“Amma onun əsgərlərinin sərhəddə adamları öldürməsi, ölkəyə yardımın girməsini əngəlləməsi, sərhəddə humanitar yardım dolu yük maşınlarının yanması sadəcə dəhşətdir. O, getdikcə daha çox təcrid durumuna düşür”, – təhlilçi sözlərinə əlavə edib.

Agentlik yazır ki, beynəlxalq dəstək boş vədlərdən ibarət olarsa, durum müxalifət üçün xeyli mürəkkəbləşəcək. Guaido-nun manevr imkanı qalmır və beynəlxalq ictimaiyyətdən çox aşlıdır. Bunu Venesueladakı Delphos İnstitutunun rəhbəri Felix Seijas deyir.

Guaido beynəlxalq silahlı müdaxiləni mümkün saysa da, xaricdə belə bir addıma dirəniş artmaqdadır. Avropa Birliyi, Kanada, eləcə də Amerikanın müdaxiləsinin acı izlər buraxdığı Latın Amerikası ölkələrindən bəziləri buna qarşı çıxır. Müdaxilə yerli əhalinin də yalnız bir hissəsi dəstəkləyər.

Beynəlxalq sanksiyalar sərtləşdirilə, Maduro rejiminə iqtisadi baxımdan daha çox zərbə vurula bilər, Avrasiya Qrupu konsultasiya şirkətinin tövsiyəsi belədir.

Kök siçovulu necə xilas etdilər

Almaniyada kök bir siçovul kanalizasiya barmaqlığına ilişib qalıb. Amma səkkiz yanğınsöndürən və bir heyvan eksperti onu xilas ediblər.

Siçovul
Siçovul

“The Guardian” qəzeti xilasetmə əməliyyatının Almaniyanın Benşeym şəhərində baş tutduğunu yazır.

Siçovul barmaqlıqdakı kiçik deçikdən keçmək istəyəndə qış aylarında yığdığı piy qatı onun ilişib qalmasına səbəb olub. Hadisə yerinə yanğınsöndürmə briqadası və heyvanları xilasetmə dəstəsini çağırıblar. Səkkiz nəfərin qoşulduğu əməliyyat nəticəsində siçovul azadlığa çıxıb.

“Siçovul qışda o qədər piylənib ki, elə arxa hissəsindən ilişib qalıb, nə irəli gedə bilib, nə geriyə”, – heyvan xilasedicisi Michael Sehr DPA agentliyinə deyib.

Yanğınsöndürmə departamenti əməliyyatın 25 dəqiqə sürdüyünü, siçovulun azadlığa buraxıldığını deyib.

Əməliyyatdan sonra iki gənc qız xilasedicilərə hədiyyə bağışlayıb – rəsmdə ürəklərlə əhatələnmiş siçovul çəkilib, üstündə “danke!” (çox sağ ol!) sözləri yazılıb.

Sehr deyib ki, “hətta çox adamın nifrət etdiyi heyvanlar belə sayqıya layiqdir”.

XS
SM
MD
LG