Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:35

Qorxu filmləri rejissoru Larry Cohen vəfat edib


Larry Cohen
Larry Cohen

«O sağdır» (It’s Alive) və «Allah dedi ki, bunu edim» (God Told Me To) kimi azbüdcəli kult qorxu filmlərinin əfsanəvi rejissoru Larry Cohen dünyasını dəyişib. Onun 77 yaşı var idi.

Cohen-in dostu və sözçüsü, aktyor Shade Rupe Cohen-in şənbə günü Los-Ancelesdə yaxınlarının yanında dünyadan getdiyini deyib.

Cohen-in şokedici, aşağıbüdcəli filmləri kult effekti yaradır, sekvellərə (silsilə filmlərə) yol açır və günün ictimai problemlərini əks etdirirdi.

Onun 1974-cü ildə çəkdiyi «It's Alive» filmi qatil mutant körpədən bəhs etsə də, əslində uşaqlarla davranış haqda idi. Filmin musiqisi tez-tez Alfred Hitchcock-un filmləri üçün musiqi bəstələyən Bernard Herrmann-a məxsusdur.

«Az pulla yoxdan film yaradırdıq»

Larry Cohen-in 1976-cı ildə çəkdiyi, quruluşunu Nyu-Yorkda verdiyi «God Told Me To» filmində dini zəmində törədilən silsilə atışma və qətllərdən söz açılır. Andy Kaufman Müqəddəs Patrik günü (irland milli bayramı, Şimali Amerikada geniş qeyd olunur – tərc.) parad zamanı başlayan atışma yerinə gələn polis nəfərini oynayır. Filmdə yadplanetlilər də var.

1985-ci ildə çəkdiyi «Maddə» (The Stuff) filmində Cohen kosümerizm mədəniyyətini tənqid edir. Filmin ssenarisi keyfiyyətsiz qidanın populyarlaşmasından qaynaqlanır. Filmdə yerdən qaynayıb çıxan şirin yoqurta bənzər maddə qablaşdırılaraq kalorisiz dondurma əvəzinə satılır. Sonradan məlum olur ki, «maddə» istehlakçıları zombiyə döndərən parazit imiş.

«Bu, sadəcə zavod işçisi kimi studiyaya gedib, kino çəkib evə qayıtmaq deyildi. Biz bu filmləri çəkmək üçün cəngəlliyə gedirdik, improvizə edirdik, həzz alırdıq və az pulla havadan, yoxdan filmlər yaradırdıq», – Cohen ötən il Ringer saytına verdiyi müsahibədə deyib.

«Filmi gərək ya öz bildiyin kimi çəkəsən, ya da heç çəkməyəsən. Çünki bunun başqa yolu yoxdur», – deyə o əlavə edib.

Cohen çox zaman ekstremal səhnələri Nyu-York şəhərinin küçələrində çəkirdi. Bunun üçün nə icazə alır, nə də ərazidəki insanları xəbərdar edirdi. Bu yanaşma onu Roger Corman kimi müstəqil kino janrının nümayəndəsi kimi tanıtmışdı. Ötən il ekranlara çıxan «Kral Koen: rejissor Larri Koenin vəhşi dünyası» adlı sənədli film Cohen-in yaradıcılığına həsr olunub.

Televiziyadan başlanan karyera

«Larry Cohen həqiqətən də müstəqil, azad kinonun əfsanəsi idi», - yazıçı və rejissor Edgar Wright deyib. O, Cohen-in filmlərini «maraqlı, yüksək konseptli» adlandırıb, ideyalarının büdcədən böyük olduğunu qeyd edib. Wright «Şon adlı zombi» (Shaun of the Dead) və «Körpə sürücü» ('Baby Driver) kimi filmlərin müəllifidir.

Nyu-York şəhərində doğulub böyüyən Larry Cohen karyerasına televiziyada başlayıb. Burada o, «Qaçaq» (The Fugitive), «Müdafiəçilər» (The Defenders) və «Surfside 6» kimi serialların epizodları üçün ssenarilər yazıb. Nyu-York sonradan Cohen-in bir çox filmləri üçün səhnə olacaqdı. Belə filmlərdən biri 1982-ci ildə çəkilən «Q» filmidir. Filmdə nəhəng uçan kərtənkələ Kraysler binasının üstündə yuva salır.

Cohen-in 1973-cü ildə çəkdiyi «Qara sezar»(Black Caesar) adlı kriminal dram harlemli qanqster haqdadır. Filmdə çəkilən James Brown və Fred Williamson növbəti il həm də «Harlemdə iğtişaşlar» (Hell Up in Harlem) filmində çəkiliblər.

Cohen sonradan, 1989-cu ildə Bette Davis-in son filmi olan «Zalım ögey ana» (Wicked Stepmother) filmini çəkib. 2002-ci ildə o, Colin Farrell-in «Telefon köşkü» (Phone Booth), 2004-cü ildə isə Chris Evans-la birlikdə «Cellular» filmlərinin ssenarisini yazıb.

Cohen çox zaman özü öz filmlərinin prodüseri, rejissoru, ssenari müəllifi, bəzən hətta direktoru və prodakşn meneceri olurdu. «Əks halda gərək prodüserlərə dözəydim. Prodüserlərsə, inanın mənə, əsl başağrısıdır», – Cohen «Village Voice» qəzetinə demişdi.

XS
SM
MD
LG