Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:28

Soğandan sonra kələm də 'ceyran belində'


Kələm
Kələm

«Cəmi iki həftə əvvələ qədər bazarlarda kələmin bir kiloqramının pərakəndə satış qiyməti 70-80 qəpik arasında dəyişirdi. İndi bu, 1 manat 80 qəpik olub».

Bunu AzadlıqRadiosuna Bakıda «Yaşıl bazar»ın bir satıcısı deyib.

Satıcıların demələrinə görə, bir həftə öncə kələmin bir kiloqramının topdansatış qiyməti 1 manat 20 qəpiyə yüksəlib: «Son iki-üç gündə topdansatış qiymət artıq 1 manat 40 qəpiyə çatıb. Pərakəndə satış isə hazırda 1 manat 60 qəpikdən 2 manata kimi dəyişə bilir».

Satıcıların bildirməsinə görə, qiymətlərin birdən-birə belə kəskin dəyişməsinə topdansatış məntəqələrinin sahibləri hər hansı izah vermirlər: «Bizim fikrimizə görə, qiymətlərin belə kəskin artmasının əsas səbəbi bölgələrdə və xüsusilə də Bərdə rayonunda kələmin istehsalının azalmasıdır».

Satıcılardan fərqli fikir söyləyənlər də var. Onlardan bəziləri isə vurğulayırlar ki, əvvəlki vaxtlarla müqayisədə hazırda kələmin bazara daxil olan həcmi də azalıb: «Biz belə hesab edirik ki, bu, artıq istehsalın azlığı ilə bağlı məsələ deyil, daha çox ölkədən kələm ixracının kəskin artmasıdır. Bu da yerli bazarlarda bu kənd təsərrüfatı məhsulunun qiymətinin bahalaşmasına səbəb olur».

Satıcılar yaxın günlərdə bazara Qusardan və başqa bölgələrdən məhsul daxil olmasını gözlədiklərini bildirirlər. Onların fikrincə, əgər bu məhsullar ixraca yönəldilməsə, qiymətlərin düşməsinə səbəb ola bilər.

Kələmin qiymətinin kəskin bahalaşmasına, hələlik, Kənd Təsərrüfatı Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bu yaxınlarda Azərbaycanda soğanın da qiyməti təqribən iki dəfə artıb. İndi bir kiloqram soğan 1 manat 50 qəpiyə satılır.

Ekspertlər bunu qonşu Türkiyədə bəzi kənd təsərrüfatı məhsullarının qıtlığından sonra bu ölkəyə ixracın artması ilə izah edirdilər.

XS
SM
MD
LG