Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:40

Təhlükəsizlik Şurası feldmarşal Khalifa Haftarı ordusunu dayandırmağa çağırıb


Liviya feldmarşalı Khalifa Haftar
Liviya feldmarşalı Khalifa Haftar

BMT-nin Təhlükəsizlik Şurası Liviya ordu komandanı Khalifa Haftarı öz qüvvələrinin BMT tərəfindən dəstəklənən hökumətin yerləşdiyi paytaxt Tripoli üzərinə irəliləyişini dayandırmağa çağırıb.

Aprelin 5-də keçirilən təcili iclasında şura xəbərdarlıq edib ki, Haftarın Liviya Milli Ordusunun fəaliyyəti ölkədəki stabilliyi riskə atır.

Hazırda Təhlükəsizlik Şurasının sədri olan Almaniya səfiri Christoph Heusgen bağlı qapılar arxasında keçirilən iclasdan sonra müxbirlərə deyib ki, şura Liviya Milli Ordusunu hərbi əməliyyat hərəkətlərini dayandırmağa çağırıb.

Şura bildirib ki, bundan sonrakı zorakılıqlara görə məsuliyyət daşıyanlardan hesabat tələb ediləcək.

Bu da xəbər verilir ki, Tripolidəki BMT qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

***

Bundan əvvəl verilən xəbərlrədə deyilirdi ki, BMT baş katibinin Liviya ordularından birinin komandanı ilə danışıqlar apardığı xəbər verilir.

Orada Liviyanın şərqindəki administrasiyaya bağlı komandan Khalifa Haftarın qoşunları beynəlxalq birlik tərəfindən tanınmış Liviya hökumətinin yerləşdiyi paytaxt Tripoli istiqamətində irəliləməklə yeni vətəndaş müharibəsi təhlükəsi yaradıb.

Aprelin 5-də BMT baş katibi Guterres və Khalifa Haftar arasında gedən danışıqlarda belə görünür ki, şərqi Liviya qüvvələrinin Tripoli üzərinə yürüşünün dayandırılmasına cəhd göstərilir.

Xəbər agentlikləri bildirirər ki, bu görüş ölkənin şərqindəki Benqazi şəhərində keçirilib. Guterresin özü aprelin 5-də yazırdı ki, o Tripolidən Tobruk və Benqaziyə getməyə hazırlaşır:

"Mənim məqsədim dəyişməyib: hərbi qarşıdurmanın qarşısını almaq. Mən bir daha bəyan edirəm ki, Liviya böhranının hərbi həlli yoxdur, yalnız siyasi çözümü var”.

Reuters və başqa agentliklər Haftara tabe qoşunların beynəlxalq birlik tərəfindən tanınmış baş nazir Fayez al-Serraja sadiq qüvvələrlə toqquşmadan sonra Tripolinin 80 kilometrliyindəki Qaryan məntəqəsini ələ keçirdiyini xəbər verir.

Tripolinin hərbi qüvvələri Haftarın onlarca əsgərinin əsir alındığını bildirir.

Haftarın Liviya Milli Ordusunun hücuma keçməsi 2011-ci ildə polkovnik Muammar Qaddafi devrildikdən sonra Liviyada hakimiyyət uğrunda çəkişmənin ən təhlükəli eskalasiyası hesab olunur.

Haftarı islamçı ekstremistlərin təhlükəsindən narahat olan Misir və Birləşmiş Ərəb Əmirlikləri dəstəkləyir.

"Moskvanın əli"

O Moskvadan da müəyyən dəstək görür, hərçənd Rusiya Haftar qüvvələrinə kömək etmədiyini və böhranın dinc yollarla çözümünə tərəfdar olduğunu bildirib.

Kremlin sözçüsü Dmitry Peskov aprelin 5-də bildirib ki, Moskva Liviyadakı vəziyyəti müşahidə edir.

Haftar siyasi dəstək qazanmaq məqsədilə 2016-cı ildə iki dəfə Moskvaya səfər edib.

Maraqlıdır ki, Rusiya mediası o vaxt Haftarla görüşlərdə “Putinin aşpazı” ləqəbli Yevgeny Prigozhin-in də iştirak etdiyini yazırdı. Qərb Prigozhin-in Rusiya muzdlu hərbçilərinə rəhbərlik etdiyinə inanır. Onun Vagner hərbi şirkətinin döyüşçüləri Suriyadakı əməliyyatlarda iştirak ediblər.

Feldmarşal Khalifa Haftar (solda) Moskvada Sergei Lavrovla görüşür (2017)
Feldmarşal Khalifa Haftar (solda) Moskvada Sergei Lavrovla görüşür (2017)

The Financial Times qəzeti yazırdı ki, Rusiya Haftarın administarsiyasına Liviyanın şərqində paralel valyuta tədavülündə kömək edib. Bu faktiki olaraq şərqi Liviyanın ölkənin qanuni hökumətinə qarşı qoyulması demək idi.

Bəzi məlumatlara görə Kreml ABŞ və Avropanın Qaddafinin devrilməsi və ölkənin xaosa yuvarlanması ilə nəticələnmiş hərəkətlərindən narazıdır.

Prezident Putin 2011-ci ildə demişdi ki, NATO qüvvələrinin hava zərbələrinə icazə verən BMT qətnaməsi “orta əsrlərin səlib çağırışına” bənzəyir.

ABŞ Dövlət Departamenti də Liviyadakı gərginlikdən narahartlıq ifadə edib.

ABŞ-ın Fransa, İtaliya, Britaniya və Birləşmiş Ərəb Əmirlikləri ilə birgə verdiyi bəyanatda deyilir:

"Biz Liviyadakı münaqişənin hərbi həllinin olmadığına qətiyyətlə inanırıq”.

XS
SM
MD
LG