Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:48

Arsenal UEFA-nın Bakı qərarına qəzəblənib


Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

Arsenal futbol klubu azarkeşlərindən çoxunun UEFA Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşmasında iştirak edə bilməməsini “sadəcə düzgün hesab etmir”.

UEFA-nın qərarıyla mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşünə Çelsi və Arsenal klublarının hərəsinə 6 min bilet ayrılıb. Stadion 68 min 700 yerlikdir.

6 min azarkeş Bakıya gəlib çıxa biləcəkmi?

Arsenal kəskin bəyanatında deyir ki, durum “qəbuledilməzdir və gələcəkdə təkrarlana bilməz”. Klub UEFA-nı final yarışları üçün stadionları necə seçdiyini izah etməyə çağırıb.

“Nəqliyyat məhdudiyyətlərinə görə UEFA-nın 60 mindən artıq yeri olan stadionda Arsenala maksimum 6 min bilet ayırmasından çox məyusuq”, – Arsenal sözçüsü deyib.

“Aşırı səyahət əngəllərini nəzərə alanda hələ 6 min azarkeşin yarışa gedib-getməyəcəyini də zaman göstərəcək. 45 min abonementimiz var və UEFA-nın belə bir məhdud nəqliyyat imkanları olan yeri final qarşılaşması üçün seçməsi sadəcə düzgün deyil. Reallıq odur ki, finala kim çıxırsa çıxsın, azarkeşlərinin tələbini ödəyə bilməyəcəkdi”, – bəyanatda vurğulanır.

Arsenal bilet problemilə bağlı tərəfdarlarından “xeyli şikayət” aldığını bildirib.

***Buna da bax: Liverpool meneceri Bakıya görə UEFA-nı niyə tənqid edir?

UEFA ötən həftə bildirmişdi ki, “oyuna ev sahibliyi edəcək şəhərdə aeroportlarda və onların ətrafındakı logistik tutumu” nəzərə alaraq Arsenal və Çelsiyə daha çox bilet ayırmaq “məsuliyyətli seçim” olmazdı.

Arsenal Tərəfdarları Birliyi (AST) isə UEFA-ya “təzyiqi saxlamaq”dan ötrü klubla işləyəcəyini bildirib. AST ötən həftəsonu Çelsi Tərəfdarları Birliyi ilə birlikdə bəyanat yayaraq hər kluba 6 min yer arılmasını “gülməli” adlandırıb.

Şişirdilmiş qiymətlər

Bəyanatda uçuş qiymətlərinin bahalığı, azarkeşlərin çoxunun qonşu ölkələrə gedərək oradan Bakıya taksi, yaxud qatarlar gedəcəyi vurğulanırdı. Üstəlik, Bakıda otel qiymətlərinin də şişirdildiyi bildirilirdi.

“The İndependent” yazır ki, həftə ərzində London-Bakı arasında üç reys var və hamısına biletlər artıq satılıb. Birbaşa olmayan reyslər isə 10 saatdan çox çəkir və müxtəlif dayanacaqlardan ibarətdir.

***Buna da bax: UEFA Avropa Liqasının kuboku Bakıda

Bu bəyanatdan öncə ikili Britaniya və Ermənistan vətəndaşlığı olanlara Azərbaycana viza verilməməsi ortaya çıxıb və Arsenal məsələni yoluna qoymaqdan ötrü hazırda Britaniya Xarici İşlər İdarəsi ilə danışıqlar aparır.

Təhlükəsizlik səbəblərindən Arsenal Hernrikh Mkhitaryan-ı finala aparmaya bilər. Hazırda klub UEFA danışıqlar aparır, müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini istəyir.

Azərbaycan XİN-i isə bir müddət qabaq yaydığı bəyanatda Azərbaycanda təhlükəsizlik və sabitliyin tam şəkildə təmin olunduğunu bildirirdi.

Qarabağ münaqişəsi isə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Bu münaqişə ATƏT-in Minsk qrupu vasitəsi ilə tənzimlənir. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

XS
SM
MD
LG