Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 02:27

Alimlər: Adam 1000 il yaşaya bilər


Ahıllar
Ahıllar

Silikon Vadisi hər şeyin «yarıla» biləcəyi ideyası üzərində qurulub. Əgər həyatın bütün aspektləri «sındırıla» bilərsə, bu, uzunömürlülüyə niyə aid olmasın? Yaxın zamanlaradək insanı gənc saxlayan həblər haqda danışmaq dəlilik əlaməti sayıla bilərdi. Ancaq indi karyerasını insan ömrünü uzatmağa həsr etmiş «transhumanistlər»in sayı get-gedə artmaqdadır. Onlar yaşlanmanın istənilən başqa xəstəlik kimi müalicə oluna biləcəyinə inanırlar.

Futuroloqlar nanotexnologiyalar, gen mühəndisliyi və robotiksin bu qədər sürətlə inkişaf etdiyi bir dövrdə «biohaker»lərin insan ömrünü uzada biləcəyinə inanırlar. Regenerativ təbabəti öyrənən alim Aubrey de Grey hesab edir ki, yeni biotexnologiya bu gün artıq həyatda olan insanların 1000 yaşına çatmasına imkan verəcək.

Günə 100 həb qida əlavəsi və...

De Grey və Silikon Vadisinin bir çox digər sakinləri uzunömürlülüyü artırmağı qarşısına məqsəd qoyub. Əlbəttə ki, texnologiyanın imkan verdiyi qədər. Bu sahə, hələlik, ziddiyyətli olsa da, ölümlə mübarizə aparan tədqiqatçıların sayı artmaqdadır.

Həftəlik «The Week» jurnalı yazır ki, Joon Yun adlı koreyalı həkim bir heyvanın ürəyinin sağlamlığını qoruyub saxlamaqla ömrünü 50% uzada bilən alimlərə hərəsi 500 min ABŞ dollar məbləğində iki mükafat təklif edib.

Yun iddia edir ki, 20 yaşlı insanlar üçün ölüm nisbəti 1/1000 olduğu üçün adi riyazi hesablamaya görə, sağlamlığını 20 yaşındakı kimi qoruyub saxlaya bilən adam təqribən 1000 ilə qədər yaşamalıdır.

De Grey və Yun heç də istisna deyillər. «The Week» jurnalı ölümlə maraqlanan bir neçə başqa alimin də adını çəkir. Onların arasında «gülləkeçirməz qəhvə»nin (Bulletproof Coffee) yaradıcısı Dave Asprey də var. O, gündə 100 həb qida əlavəsi qəbul edir, oynaqlarına və orqanlarına müntəzəm kök hüceyrələri vurmağı planlaşdırır. Artıq ötən il həkimlər bu hüceyrələri onun sümük iliyindən götürüb orqanlarına vurublar.

Asprey-nin Britaniya Kolumbiyasındakı (Kanada) evi hiperbarik oksigen kamerası kimi əndirəbadi cihazlarla təchiz olunub. Belə cihazlardan biri də saniyədə 30 dəfə vibrasiya edərək əzələləri stimullaşdıran platformadır. Asprey bütün bunların onu cavan saxlayacağına ümid edir. Asprey hazırda 45 yaşındadır. Ancaq 180 yaşa qədər yaşayacağına əmindir.

Ölümü anlamamaq

Silikon Vadisinin standartlarına görə, Asprey-in uzunömürlülük sevdası çox sadədir. «Oracle»ın xudbinlikdə ad çıxarmış həmtəsisçisi Larry Ellison deyir ki, ölümü anlamağa çətinlik çəkir.

Google-ın yaradıcıları, Facebook-un qurucusu Mark Zuckerberg də insan ömrünün uzadılması layihələrinə bu və ya digər formada sərmayə yatırırlar. «Tesla»nın yaradıcısı Elon Musk insan beyninə yerləşdirilmək üçün rəqəmsal implantlar hazırlayan «Neura­link» şirkətini qurub. Musk hesab edir ki, insan öz beyin gücünü artıran texnologiyadan yararlanmasa, süni zəka bəşəriyyətə qalib gələcək.

Ancaq uzunömürlülüyü araşdıran bu alimlər hələ Silikon Vadisindən kənarda elm cameəsini bu işin ciddiliyinə inandıra bilməyiblər. «The Week» jurnalı Grey-in iddialarının tamamilə əsassız olduğunu düşünən ekspertlərdən sitatlar gətirib.

Silikon Vadisinin «tez tərpən, qır, dağıt» əxlaqının insan uzunömürlülüyünə şamil edilməməli olduğunu düşünənlər də az deyil. Aydındır ki, yeni, ultrazəngin insanlar sinfinin sözügedən hipotetik müalicələri alaraq yüz illərlə yaşamaq imkanı var. Ancaq bu məsələnin özündə, yalnız zənginlərin bunu edə bilməsində ciddi etik problemlər var.

Xoşbəxtlikdən de Grey-in proqnozlarını kənara qoysaq, günümüzün insanlarının belə problemlərdən narahat olacağını düşünməyə elə bir real əsas yoxdur. Hələlik, ən uzun yaşamış insan yalnız 122 yaşına çata bilib.

XS
SM
MD
LG