Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:42

CNN: ‘Assange Ekvador səfirliyini ‘komanda mərkəzinə’ çevirmişdi…’


Julian Assange
Julian Assange

WikiLeaks saytının qurucusu Julian Assange Ekvadorun Londondakı səfirliyində keçirdiyi silsilə şübhəli görüşlər zamanı materiallar alırdı. Bunların arasında 2016-cı il ABŞ prezident seçkisinə müdaxilə üçün hakerlər tərəfindən oğurlanmış sənədlər də ola bilərdi. Amerikanın CNN telekanalının jurnalistləri belə bir nəticəyə gəliblər.

Sözü gedən sənədlər xüsusi prokurur Robert Mueller-in Rusiyanın seçkiyə müdaxiləsinə dair irəli sürdüyü mülahizələrin doğru ola biləcəyini göstərir.

CNN-nin reportajında deyilir ki, digər ölkələrin nümayəndələri Ekvador səfirliyinə Assange üçün oğurlanmış faylları gətirə bilərdilər.

Əldə olunmuş materiallardan bəlli olub ki, Assange səfirliyi əslində özünün “komanda mərkəzinə” çevirmişdi və bu mərkəzdən 2016-cı il ABŞ seçkisinin kampaniyası üçün dağıdıcı təsiri olan ifşaedici materiallar yayırdı.

CNN bildirib ki, Londondakı Ekvador səfirliyində yaşadığı vaxtlarda Assange Rusiya vətəndaşları və aparıcı hakerlərlə görüşüb. Onların görüşləri bəzən saatlarla uzanırdı.

Bu da deyilir ki, WikiLeaks banisi ona Rusiya agentlərindən materiallar daxil olmazdan bir neçə həftə əvvəl məlumatların ötürülməsi üçün güclü kompüter və şəbəkə avadanlığı gətirilib.

Bu barədə məlumatlar UC Global özəl ispan şirkətinin Ekvador hakimiyyəti üçün müşahidə məlumatları əsasında hazırladığı hesabatda yer alıb.

Bu hesabatda Assange-ın səfirlikdəki həyatı və hərəkətləri barədə məlumatlar var.

Assange-ın özü Kremlə işlədiyini dəfələrlə inkar edib və israr edib ki, “sızmaların mənbəyi Rusiya hökuməti deyil və ümumiyyətlə heç bir dövlət deyil”.

O habelə deyib ki, Donald Trump haqqında da ifşaedici materialları olsaydı, onları da dərc edərdi.

Bu ilin əvvəllərində ABŞ Assange-a qarşı onun məxfi diplomatik məlumatları və Pentaqona aid sənədləri yayması ilə bağlı cinayət ittihamları irəli sürüb. Assange-ın bu materialları ABŞ ordusunun qulluqçusu Chelsea Manning-dən aldığı deyilir.

Aprel ayında Britaniya polisi Assange-ı Ekvador səfirliyindən çıxarıb və o hazırda zaminliyin şərtlərini pozduğuna, eyni zamanda ABŞ-a ekstradisiyaya müqavimət göstərdiyinə görə həbsxanada saxlanır.

WikiLeaks saytı CNN-nin verdiyi bu reportajla bağlı şərh vermək istəməyiblər. Assange-ın vəkilləri də şərh verməkdən boyun qaçırıblar.

XS
SM
MD
LG