Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:30

'Tender komissiyaları korrupsiya bataqlığında...'-Media icmalı


Korrupsiya
Korrupsiya

Məhkəmə-hüquq islahatları, tenderlər, sosial mənzillər və başqa məsələlər medianın diqqət ayırdığı mövzulardandır...

«Elə tenderlər var ki, «otkat» alırlar»

Fed.az saytında «Elə tenderlər var ki, 70-80% «otkat» alırlar-işadamı» sərlövhəli yazı diqqət çəkir.

Müəllif tenderlər mövzusunu «Neuron Technologies» şirkətinin sahibi, işadamı İsmayıl Ələkbərovla müzakirə edib.

Yazıda qeyd edildiyinə görə, işadamı iddia edib ki, Azərbaycanda dövlət qurumlarının elan etdiyi tenderlərin bir hissəsi yalnız nağdlaşdırma məqsədilə keçirilir. Onun sözlərinə görə, hazırda dövlət satınalmaları üzrə keçirilən tenderlərdə qanunsuzluq baş alıb gedir, amma bununla bağlı çoxsaylı şikayətlərə baxmayaraq, vəziyyət düzəlməyib: «Dövlət büdcəsini kolxoz bazarına çevirən şirkətlər və onlara havadarlıq edənlər Azərbaycana, onun iqtisadiyyatına, dövlətçiliyinə, dövlət başçısına zərbə vurur. Mən neçə illərdir ki, dövlət satınalmalarında baş verən qanunsuzluqlarla bağlı silsilə həyəcan təbilləri vurmuşam, aidiyyəti qurumları dəfələrlə ayağa qaldırmışam, konkret iqtisadi cinayətkarlıq hallarının üstünü açıb ifşa etmişəm, lakin əfsuslar olsun ki, heç bir əməli tədbirlər görülməyib. Ölkəmizin dövlət qurumlarının tender komissiyaları korrupsiya bataqlığında üzməkdə davam edir. Mənə bu prosesdə bata bilməsələr də, «ağ qarğa»ya dönmüşəm artıq...».

İ.Ələkbərov deyib ki, tenderlərin bir hissəsində qaliblər əvvəlcədən məlum olur: «Əlimizi hansı layihəyə, hansı tenderə atırıqsa, əvvəlcədən kiminləsə razılaşdırılıb, əvvəlcədən satılıb...».

İşadamı iddia edib ki, qalib «şirkətlər» onlara havadarlıq edən oliqarx-məmur işdən uzaqlaşdırılandan sonra gündəmdən itib-gedir.

İ.Ələkbərovun habelə iddia etməsinə görə, tenderlərin bir hissəsində iştirakçılardan qalib gəlməyə görə faiz - «otkat» istəyirlər: «...«Otkat» - qazanılan sifarişin məbləğinin bir hissəsinin qeyri-rəsmi olaraq tender elan edən təşkilatın təmsilçisinə və ya onun göstərdiyi şəxsə qaytarılmasıdır və Azərbaycanda geniş yayılıb».

Mənzil
Mənzil

«Sosial mənzil», yoxsa «ucuz mənzil»?

Yenisabah.az saytında «Bu evlər artıq sosial mənzil kontekstində təqdim olunmamalıdır – ekspert» sərlövhəli yazı oxumaq olar.

Müəllif sosial mənzillərin satışındakı problemlərlə bağlı Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ilə söhbətləşib.

Yazıda qeyd edilir ki, sosial mənzillər satışa çıxarıldıqdan bəri bu mövzudakı qalmaqallar bitmir, istər qoyulan şərtlər, istərsə də mənzillərin onlayn satış prosesinin müddəti tənqid edilir: «Daha 3000 sosial mənzilin tikiləcəyi açıqlanıb. Bəs bu addım Bakının mənzil problemini həll edə biləcəkmi?».

R.Osmanlı sayta deyib ki, bu mənzillər artıq sosial mənzil deyil, «ucuz mənzil» kontekstində təqdim olunmalıdır: «Bu, sosial layihə formatından çıxıb. Çünki sosial mənzil anlayışı bir qədər fərqlidir, həm qanunvericilik, həm də prosedur baxımından. Bu, Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə tikilən qismən ucuz qiymətə satılan mənzillərdir».

Ekspert hesab edir ki, belə mənzillər aztəminatlı ailələrin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət etməli idi və bura müəyyən əhali kateqoriyası aiddir: «Onların arasında elə şəxslər var ki, ailə üzvlərinin sayı 4 və 4-dən artıqdır və aylıq gəliri 500 AZN-dan aşağıdır. Müvəkkil banklar tərəfindən araşdırılaraq məlum olub ki, onların ödənişlə bağlı riskləri həddən artıq yüksəkdir və onlara uzunmüddətli kredit yolu ilə faizlərin verilməsi gələcəkdə ödənişlə bağlı problemlərə yol aça bilər».

R.Osmanlı mənzillərin 30 saniyə ərzində satılması ilə bağlı deyilənlərə də münasibət bildirib: «Mən konkret şəkildə o proseslə tanış deyiləm, müraciətlə və satışın həyata keçirilməsi ilə yaxından maraqlanmamışam. Amma belə hesab edirəm ki, mənzillərin onlayn şəkildə belə qısa zaman kəsiyində satılması mümkündür».

F.Ələsgərov
F.Ələsgərov

«Yeni mərhələ»

Rəsmi AZƏRTAC saytında «Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi» sərlövhəli yazı dərc edilib.

Yazıda prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovun fikirləri yer alır.

F.Ələsgərov bildirib ki, bu ilin martında prezident İlham Əliyev məhkəmə-hüquq islahatlarına ciddi ehtiyac olduğunu bəyan edərək, bu sahədə yeni mərhələnin başlanmasına təkan verib. Onun fikrincə, prezidentin bu ilin aprelində imzaladığı «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» Fərmanı isə bu prosesin əsas istiqamət və prioritetlərini müəyyən edib.

Şöbə müdiri əlavə edib ki, prezident islahatların institusional komponentini əhatə edən ilk qanunvericilik aktları paketini bu il iyulun 20-də imzalayıb: «İmzalanan normativ hüquqi aktlar paketinə «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununa, Mülki-Prosessual, İnzibati-Prosessual və Cinayət-Prosessual məcəllələrə dəyişikliklərin edilməsini nəzərdə tutan qanunlar, həmin qanunların tətbiqini təmin edən sərəncam və fərmanlar daxildir».

F.Ələsgərovun fikrincə, «Məhkəmələr və hakimlər haqqında» Qanuna edilən dəyişikliklər ixtisaslaşmış məhkəmələrin iki sisteminin - inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməlini formalaşdırır. O, bildirib ki, qeyd edilən qanunlar 2020-ci ilin yanvarında qüvvəyə mindikdən sonra mövcud inzibati-iqtisadi məhkəmələr sistemi ləğv olunacaq.

Prezidentin köməkçisi sonda da bunları deyib: «Aparılan islahatlar ədalət mühakiməsinin keyfiyyətini və səmərəliliyini artırmaqla, ümumilikdə, hüquq sisteminin inkişafına mühüm təsir göstərəcəkdir».

XS
SM
MD
LG