Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:47

Kantemir Balaqov olduğu kimi qalmaq istəyir


K.Balaqov
K.Balaqov

27-yaşlı Kantemir Balaqov Rusiyanın Kabarda-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində doğulub. O, dostları ilə birlikdə qısa videolar və internet serialları çəkirmiş. Sonradan taleyin hökmü ilə Kabarda-Balkar Universitetində Aleksandr Sokurovun yeganə rejissor sinfinin üçüncü kursuna qəbul olunub.

2017-ci ildə Balaqovun «Darısqallıq» (Теснота) adlı ilk tammetrajlı filmi Kann kinofestivalının «Xüsusi baxış» proqramına daxil edilib və prestijli FIPRESCI mükafatına layiq görülüb. Bir il sonra gənc rejissor festivalın həmin seksiyasının münsiflər heyətinə daxil olub. «Uzundraz» (Дылда) adlı ikinci böyük filminə görə isə «Xüsusi baxış»da daha bir FIPRESCI-dən başqa, ən yaxşı rejissor işinə görə də mükafat alıb.

Hər il Rusiyanın Soçi şəhərində keçirilən «Kinotavr» açıq kino festivalında «Uzundraz»ın müsabiqədən kənar baxışı olub. Bu, hələ başlanğıcdır. Filmin həm Rusiya, həm də xaricdə auditoriyasının geniş olacağı deyilir.

Nalçikli olmaq

Balaqov «Kommersant»a müsahibəsində hələ də özünü nalçikli oğlan kimi hiss etdiyini deyir: «Çünki davranışıma görə hələ də oralıyam. Özü də deyə bilmərəm ki, bu mənim xoşuma gəlmir, əksinə, məni qidalandırır. Moskvada yaşamağım hələ avtomatik moskvalı olmağım... demək deyil. Olduğum kimi qalmaq istəyirəm».

«Darısqallıq» filmindən kadr
«Darısqallıq» filmindən kadr

«Mən, nə qədər olmasa, Rusiyanın vətəndaşıyam və müharibənin, blokadanın tarixi mənim də tariximdir, bu mövzuda düşünməyə haqqım var. Yalnız leninqradlıların blokadadan danışa biləcəyi haqda söhbətlər ruh etibarilə mənə kolonial görünür. Bundan başqa, hətta həyatımda nə vaxtsa qərbli aktyorlarla film çəksəm, bu mənim daha nalçikli oğlan olmadığım mənasına gəlməyəcək. Mənə elə gəlir ki, xüsusi Qafqaz intonasiyası bütün işlərimdə hiss olunacaq. Bunun silinib getməyəcəyinə, uçub getməyəcəyinə çox ümid edirəm. Hamımızın əsli uşaqlıqdan gəlir və bundan imtina etmək ağılsızlıqdır», – Balaqov deyir.

Rejissorun sözlərinə görə, «Uzundraz» filminə reaksiya, demək olar, hər yerdə eynidir: «Film kiminsə çox, kiminsə az xoşuna gəlir. «Darısqallıq»la da təxminən eyni cür idi. Görünür, güclü insani emosiyaları hamı anlayır. Ancaq yenə də bir gözlənilməz məqam olmuşdu. Filmin Kanndakı hər iki nümayişi zamanı tamaşaçılar hospitalda yaralıların balaca oğlan haqda söhbətinə gülmüşdülər: «O, haradan bilsin itlər necə olur, hamısını yeyiblər». Görünür, Avropada hamı bu səhnənin tarixi kontekstini anlamır və blokadanın həqiqi miqyasını dərk etmir. Əlbəttə, Rusiyada buna gülmürlər... Ancaq ümumən hər şey eynidir, suallar da, əsasən, oxşardır. Fransa mətbuatında müsbət rəyləri oxumaq xoş idi: tənqidçilərin fikrinə inansaq, film başa düşülüb və universal alınıb. Bu isə vacibdir», – o deyir.

«Uzundraz» filmindən kadr
«Uzundraz» filmindən kadr

Vətəndəki reaksiya

Balaqov deyir ki, hər yerdə olduğu kimi, vətəni Şimali Qafqazda da müxtəlif adamlar «Darısqallıq» filmini fərqli qarsalayıblar: «Ancaq müsbət rəylərin sayı hətta gözlədiyimdən də yuxarı oldu. Filmə çoxlu gənc insan baxdı. «Uzundraz» filminin prokatı təzə başlayıb. Premyera hələ iyunun 20-si baş tutub. Ona görə tamaşaçıların reaksiyasından danışmaq hələ tezdir. Əlbəttə, mənim üçün filmə vətəndə göstərilən reaksiya çox vacibdir».

Bəs, kino industriyasında uğurlu başlanğıc üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?

«Bəlkə də, banal şeylər deyəcəyəm, ancaq əzm, öz ideyana inam. Amma bununla yanaşı, ətrafı dinləmək lazımdır, tərs eşşək olmağa dəyməz: bəzən kənar baxış film üçün faydalı ola bilər. Ancaq yenə də çox şey xoşbəxt təsadüfdən asılıdır. Həyatımda Aleksandr Nikolayeviç Sokurov olmasaydı, o mənə «Darısqallıq»ın buraxılmasında kömək etməsəydi, bilinmir ki, indi harada olardım», – K.Balaqov deyir.

XS
SM
MD
LG