Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:33

'Gəncə məhbusları' qandallı saxlandı: bir gün öncə baş verənlərə görə...


Qandal
Qandal

Gəncə hadisələrinə görə həbs olunub, 6 ildən 9 ilə qədər həbs cəzası almış daha yeddi nəfərin apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşır. Prokuror onlara minimum 4 il 6 ay, maksimum 5 il 6 ay iş verilməsini istəyib. Bir nəfər - Elvin Əliyevin cəzasının isə 1 ilə qədər azaldılmasını təklif edib.

Avqustun 16-da Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxslər son sözlərini deyiblər. Onlar hakimlər önündə dəmir qəfəsdə əlləri qandallı vəziyyətdə saxlanılıblar. Hakim deyib ki, bir gün öncə Bakı Apellyasiya Məhkəməsində baş verənlərə görə (Gəncə işi üzrə başqa bir qrup haqqında qərar elan olunanda təqsirləndirilən şəxslər və valideynləri kəskin şəkildə etiraz etmişdi, bəzi əşyalar sındırılmışdı-red.) qandallar açılmayacaq.

Təqsirləndirilən şəxslərdən ikisi son söz deməkdən imtina edib.

«Bizim sizə sözümüz yoxdur», - təqsirləndirilən Yavər İsmayılzadə belə deyib.

Elvin Əliyev özünü təqsirli bilmədiyini, bəraət istədiyini söyləyib: «Özünüz də yaxşı bilirsiz ki, heç bir sübut yoxdur. Videogörüntülərə baxdınız, heç nə yox idi. İttiham aktı başdan-ayağa səhv yazılıb».

İsa Məhərrəmov məhkəmədən haqq-ədalət istədiyini deyib: «Biz heç nədən cəza çəkirik...».

İki nəfərin son sözü isə avqustun 22-də keçiriləcək növbəti məhkəmə iclasına saxlanıb.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Avqustun 9-da qruplardan birində 4 nəfər məhkəmə zalından azadlığa buraxılıb.

Həbs olunanlar məhkəmədə saxlanılarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG