Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30

'Problemli kreditlərin dəqiq həcmi bilinmir'


Ə.Həsənov
Ə.Həsənov

«Azərbaycanda problemli kreditlərin bütün həcmi hələ də məlum deyil. Səbəb də budur ki, bəzi banklar kredit adı ilə mənimsəmələri etiraf etmirlər».

Bunu bank sahəsi üzrə ekspert Əkrəm Həsənov ölkədə problemli kreditlər ilə bağlı söyləyib.

Ə.Həsənovun qeyd etməsinə görə, bəzi banklarda 10-20 milyon dollarlıq saxta kreditlər verilib. Onun fikrincə, hələ indi də bunun dəqiq həcmini müəyyən etmək mümkün olmayıb: «Bunlar kredit kimi verilsə də, pullar bankdan kənara çıxarılmayıb. Həmin bankın idarəediciləri və onlara yaxın şəxslər tərəfindən mənimsənilib. Kəmiyyət baxımından 10 min dollara qədər kredit götürən vətəndaşların sayı çoxdur. Amma problemli kreditlərin çox hissəsi orada deyil. Problemli kreditlərin həcminin azalmamasının kökü milyonlarla kredit adı ilə yol verilən mənimsəmə və talandadır. Elə ona görə də beynəlxalq qurumlar Azərbaycanda problemli kreditlərin həcminin rəsmi göstəriləndən yüksək olduğunu vurğulayırlar».

Ekspert deyib ki, bağlanmış «Bank Standard»da Kreditorların Müdafiə Komitəsinin sədri olduğu 2017-2019-cu illərdə 10-20 milyon dollar həcmində kreditlərin verildiyi adamları sahibkar kimi heç kimin tanımadığı hallara rast gəlib: «Aralarında sahibkarlar da var ki, kredit götürüb, amma 2015-ci ildəki iki devalvasiyadan sonra onları qaytara bilməyiblər».

Ə.Həsənov hesab edir ki, problemli kreditlərlə bağlı həqiqətlər ortaya qoyulmalıdır: «Bundan bu yana həmin kreditləri gizlətmək mümkün olmayacaq. Bu yaxınlarda mən özüm də bəzi məsələlərə aydınlıq gətirəcək açıqlamalar edəcəyəm».

Ekspertə görə, ən uzağı ilin sonuna kimi bu məsələyə aydınlıq gələcək: «İndi bəzi banklar bunu etiraf etmirlər, etiraf etdikləri halda problemlər yaşayacaqlarını bilirlər. Odur ki, bu «kreditlər»i aktivləri kimi göstərirlər...».

Bu açıqlamaya, hələlik, ölkədəki mövcud bank rəhbərlərindən münasibət almaq mümkün olmayıb. Hazırda ölkədə 30 civarında bank var. 2015-ci ildə Azərbaycanda baş verən devalvasiyalardan sonra 10-dan çox bank bağlanıb. Bu, onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib. Keçmiş bank işçilərindən məsuliyyətə cəlb edilənlər də var.

Problemli kreditlər iyulda artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-də 1 milyard 487.4 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik rəqəmlərə görə, bu, iyulun 1-i ilə müqayisədə 0.1 çoxdur. Həmin vaxt bu, 1 milyard 486.5 milyon manat olmuşdu.

Amma ilin əvvəli və bir il əvvəllə müqayisədə vaxtı keçmiş kreditlərin həcmində azalma var. İlin əvvəlində bu, 1 milyard 585 milyon manat, 2018-ci ilin analoji dövründə isə 1 milyard 782 milyon manatdan bir qədər çox olub.

Bu il fevralın 28-də dövlət başçısı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərman imzalayanda bir çoxları problemli kreditlər məsələsinin böyük ölçüdə həll ediləcəyini gözləyirdi. Bu fərmana əsasən, banklara 10 min dollara qədər borcu olan şəxslərə devalvasiyalarla (2015-ci ildə baş verən devalvasiyalar ilə manat iki dəfə dəyər itirib) dəyən ziyan dövlətin üzərinə qoyulub.

Amma bəzi ekspertlər hesab edirlər ki, indi problemli kreditlərin ciddi şəkildə azalmaması başadüşüləndir. Onlar vurğulayırlar ki, fərman bütün detallar üzrə hələ tam yerinə yetirilməyib. Üstəlik, onlar qeyd edirlər ki, problemli kreditlərin böyük hissəsi 10 min dollardan çox götürülüb.

Xatırlatma

Azərbaycanda problemli kreditlər məsələsinin, əsasən, 2015-ci ildə baş verən devalvasiyalardan sonra aktuallaşdığı bildirilir. Həmin devalvasiyalar nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirdi. Bundan sonra kreditlərin qaytarılmasında çətinliklər yaşandığı açıqlandı.

XS
SM
MD
LG