Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:35

Kinoteatrlar Scorsese-in ‘İrland’ filmini niyə göstərmirlər


Martin Scorsese
Martin Scorsese

AMC və “Regal” kimi kinoteatr şəbəkələrinin Scorsese-nin “İrland” (The Irishman) filmini göstərmədiyi deyilir.

2018-ci ildə Netflix özünün mükafatlara layiq görülmüş “Roma”, “Buster Scruggs balladası” (The Ballad of Buster Scruggs) və “Quş qutusu” (Bird Box) filmlərinin internetdə debüt etməkdən öncə kinoteatrlarda göstəriləcəyini elan etmişdi.

O zaman bu, şirkət tərəfindən edilmiş qeyri-adi bir etiraf idi. Başqa sözlə, bu o demək idi ki, striminq nəhəngi sonadək kinoteatr biznesindən yan keçə bilməz. “Roma” üç həftə ərzində bəzi kinoteatrlarda göstərildi. “Scruggs” və “Bird Box” isə yalnız bir həftə göstərildi.

The Atlantic yazır ki, 2019-cu ildə çıxan Netflix filmləri isə əvvəllər olduğu kimi birbaşa internetdə göstərilməyə başladı. Növbəti Oskar mövsümü yaxınlaşdıqca şirkət öz nüfuzlu rejissorlarını razı salmaq üçün onların filmlərinin böyük ekranda uğur qazanmasına çalışır.

Tərəfdaşlığa niyə skeptik yanaşırlar

Məsələ burasındadır ki, iri kinoteatr şəbəkələri Netflix-lə tərəfdaşlığa həmişə skeptik yanaşıblar.

Martin Scorsese-nin “The Irishman” adlı yeni detektiv filmi (filmdə Robert De Niro, Al Pacino və Joe Pesci rol alıb) əvvəlcə noyabrın 1-dən kinoteatrlarda göstəriləcək, daha sonra, noyabrın 27-dən Netflixə çıxarılacaq.

Ancaq məhz kinoteatr şəbəkələrinin Netfliksə skeptik münasibətinə görə AMC, Regal və Cinemark kimi şəbəkələr bu filmi göstərməkdən imtina edir. Halbuki, Netflix-in bu mövzuda onlarla danışığa cəhd etdiyi bildirilir.

Bu şirkətlər göstərdikləri hər film üçün üç aylıq eksklüzivlik tələb edirlər. Onlar tamaşaçıların cəmi bir neçə həftədən sonra rahatlıqla internetdə baxa biləcəkləri filmə bilet almayacaqlarından narahatdırlar.

Netflix rəhbərləri Scorsese-nin çəkdiyi iribüdcəli qanqster filminin böyük şəbəkələrin fikrini dəyişməyə kifayət edəcəyini düşünsə də, bu baş vermədi.

Netflix özünün çəkdiyi orijinal filmləri mümkün qədər tez öz istifadəçilərinə çatdırmaqda israrlıdır. “Roma”dan başlayaraq bu israr yenidən güclənib.

“The Irishman” 27 gün ərzində ABŞ-ın müstəqil və arthaus tipli kinoteatrlarında nümayiş olunacaq. Bununla yanaşı, Noah Baumbach-ın “Evlilik hekayəsi” (“Marriage Story”) (noyabrın 6-dan kinoteatrlarda, dekabrın 6-dan onlayn), Steven Soderbergh-in “The Laundromat” (sentyabrın 27-dən kinoteatrlarda, oktyabrın 18-dən onlayn), və Timothée Chalamet-in oynadığı “Kral” (“The King”) adlı orta əsrlər dramı (oktyabrın 11-dən kinoteatrlarda, noyabrın 1-dın onlayn) strim olunmağa başlamazdan öncə kinoteatrlarda nümayiş etdiriləcək. Ancaq eksklüzivliyin şəbəkələrin tələb etdiyi kimi 3 ay əvəzinə cəmi 3 həftə olduğunu görürük.

Üç həftəlik gəlir

“The Irishman” Netflix-in ortaya qoya biləcəyi ən cəlbedici kozırdır. Hətta onun tezliklə internetdə olacağını bilə-bilə insanlar bu filmə kinoteatrda baxmaq imkanı qazanmaq üçün bilet alardılar. AMC və Regal kimi şəbəkələr biletləri rahatlıqla sata bilərdilər.

Üç həftəlik eksklüzivlik o qədər də az deyil. Çünki blokbaster filmlər bir qayda olaraq əsas gəliri ilk bir neçə həftə ərzində götürürlər. Hətta tarixdə ən çox gəlir gətirmiş film olan “Avengers: Endgame” ABŞ-dakı gəlirinin 86%-ni (741 milyon dollar) ilk üç həftə ərzində əldə edib.

Kinoteatr şəbəkələrini narahat edənsə başqa məsələdir. Netflix-lə saziş striminq sahəsinə daxil olan digər studiyalar üçün də arzuolunmaz presedent yaradır. Netflix-lə danışığa gedilsə, onda Disney də eyni şərtləri tələb edəcək və filmlərini özünün onlayn Disney+ adlı striminq xidmətinə daha tez çıxarmağa çalışacaq. HBO Max adlı striminq əlavəsini işə salmağa hazırlaşan Warner Bros. da belə işləmək istəyəcək və s.

Beləliklə də kino nümayişi biznesi kökündən dəyişəcək, kinoteatrlar sadəcə filmləri cəmi bir neçə həftə göstərmək üçün mövcud olacaq. Bu, kinoteatrların mövcudluğunun sonunun başlanğıcı ola bilər. Məhz buna görə də eksklüzivliyin bir aya endirilməsi kinoteatr şəbəkələri üçün çox risklidir.

Netflix nüfuzlu rejissorları, tanınmış ulduzları və digər studiyaları əməkdaşlığa cəlb etməyə davam edəcək. Digər studiyalar da öz eksklüziv təkliflərini elan etməyə başlayacaqlar. Ancaq hələlik, qarşıdurma davam edir.

XS
SM
MD
LG