Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:24

ABŞ ‘Putinin aşpazının’ şəxsi əmlakına sanksiya qoyur


Yevgeny Prigozhin (solda) Vladimir Putinə xidmət göstərir
Yevgeny Prigozhin (solda) Vladimir Putinə xidmət göstərir

Vaşinqton ABŞ seçkisinə müdaxilə ilə əlaqədar Rusiya İnternet Araşdırmaları Agentliyi və onu maliyyələşdirən Yevgeny Prigozhin-ə bağlı bir neçə müəssisənin və fərdin üzərinə sanksiyalar qoyub.

ABŞ Maliyyə Nazirliyinin sentyabrın 30-da verdiyi bəyanatda deyilir ki, Vaşinqton bu sanksiyalarla 2018-ci ilin ABŞ aralıq seçkilərinə müdaxiləyə görə Prigozhin-ə təzyiqi artırır, həm də onun bir neçə təyyarəsi və yaxtası da daxil şəxsi əmlakını hədəfləyir.

Kremllə sıx bağları olan və “Putinin aşpazı” ləqəbini qazanmış Prigozhin-ə bağlı Sankt Peterburqdakı İnternet Araşdırmaları Mərkəzi beynəlxalq aləmdə “troll fabriki” kimi tanınır.

Onun adı habelə Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller-in hesabatına da düşüb.

ABŞ maliyyə nazirinin müavini Steven Mnuchin deyib ki, “Amerikanın demokratik prosesini əngəlləmək” cəhdinə görə Yevgeny Prigozhin-in şəxsi təyyarələrinə, yaxtasına və ona bağlı balıqqulağı şirkətlərinə sanksiyalar qoyulur.

Xəbər verilir ki, ABŞ özünün sanksiya siyahısına Rusiya vətəndaşları Denis Kuzmin və İgor Nesterovu da salıb.

RBK agentliyinin məlumatına görə Kuzminin Sankt Peterburqda dərc etdirdiyi “Nevskiye novosti” nəşri Prigozhin-ə bağlıdır.

2019-cu ilin iyununda bu jurnalın bir müxbiri İvan Golunov-un müdafiəsi üçün petisiyanı imzaladığına görə işdən qovulub.

Bundan başqa Seyşel adalarında və Çexiyada qeydiyyatdan keçmiş üç hüquqi şəxsin üzərinə də sanksiyalar qoyulub.

Bunlar Autolex Transport, Beratex Group və Linburg Industries firmalarıdır. Bu şirkətlərin də Yevgeny Prigozhin-ə və “troll fabrikinə” bağlı olduğu deyilir.

Prigozin-in şəxsi əmlakından St. Vitamin Pleasure Craft yaxtasına və sözü gedən firmalara aid üç təyyarəyə də sanksiyalar qoyulub.

125-800B və Hawker 800XP təyyarələri tez-tez Afrika qitəsinə uçur və bu uçuşlar Prigozhin-in səfərləri ilə eyni vaxta düşür.

XS
SM
MD
LG