Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 04:48

Trump Türkiyə iqtisadiyyatını ‘darmadağın’ etməklə hədələyir


Prezident Donald Trump oktyabrın 7-də ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair qərarının ardınca, əgər Türkiyə “həddini aşarsa” onun iqtisadiyyatını dağıdacağı ilə hədələyib.

BBC bildirir ki, Trump yazdığı bir neçə tvitdə qoşunları Suriyadan çıxarmaq qərarını müdafiə edib. ABŞ qoşunlarının Suriyadan çıxarılması Türkiyənin sərhəd üzərindən kürd qüvvələrinə hücumu üçün yol açır.

Qoşunların çıxarılması qərarını hətta Trump-ın Respublikaçılar Partiyasından olan müttəfiqləri də tənqid ediblər.

Kürd qüvvələri Suriyada İslam Dövləti ekstremist təşkilatının məğlub edilməsində ABŞ-ın əsas müttəfiqi olub.

Trump-ın bu gözlənilməz qərarını əsas kürd qruplaşması “arxadan zərbə” adlandırıb.

Tənqidçilər deyirlər ki, qoşunların çıxarılması İŞİD-in təkrar dirçəlişinə yol aça və kürd qüvvələrini Türkiyənin mümkün hücumu qarşısında müdafiəsiz qoya bilər.

Lakin Trump xəbərdarlıq edib ki, Türkiyə onun qərarından fürsətlənməməlidir.

O bildirib ki, əks halda Türkiyə iqtisadiyyatını “darmadağın və yerlə yeksan” edə bilər.

Ötən il ABŞ bəzi Türkiyə mallarına rüsumlar qoyub və bu ölkənin bəzi rəsmilərinə sanksiyalar elan edib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, onun məqsədi sərhəd ərazisindəki kürd döyüşçüləri oradan çıxarmaq və burada yaradılacaq “təhlükəsiz zonada” hazırda Türkiyədə olan 3, 6 milyon suriyalı qaçqının “iki milyonuna qədərini” yerləşdirməkdir.

Pentaqonun sözçüsü Jonathan Hoffman tərəfindən səsləndirilmiş bəyanatda deyilir:

“Müdafiə Nazirliyi Türkiyəyə aydın şəkildə bildirib ki, biz Türkiyənin Suriyanın şimalında əməliyyat planlarını qəbul etmirik”.

Trump-ın yaxın müttəfiqi, respublikaçı senator Lindsey Graham prezidentin qərarını “fəlakətə hazırlıq” adlandırıb.

O deyib ki, Senata bu qərara qarşı qətnamə layihəsi təqdim edəcək.

Senator ümid etdiyini bildirib ki, Trump bu qərarına yenidən baxacaq.

Graham-ın sözlərinə görə Trump-ın qərarı ABŞ-ı “etibarlı müttəfiq” kimi gözdən sala bilər.

Suriya kürdləri ABŞ qoşunlarını alqışlayırlar
Suriya kürdləri ABŞ qoşunlarını alqışlayırlar

Kürdlər ‘arxadan vurulan zərbə’dən danışır

SDF-in sözçüsü Kino Gabriel oktyabrın 7-də deyib ki, ABŞ-ın “sürpriz” bəyanatı “onlara arxadan bıçaq zərbəsi” olub.

“Amerika Birləşmiş Ştatları təminat verirdi ki, regionda Türkiyənin hər hansı hərbi əməliyyatına icazə verməyəcək”, – Gabriel Al-Hadath televiziyasına deyib.

Trump isə tvitində yazıb ki, kürd döyüşçülər “bizimlə birgə savaşıblar, ancaq bundan ötrü onlar iri məbləğlərdə pul və avadanlıq verilib”.

“Bu savaşı… 3 ilədək təxirə saldım, ancaq artıq bu gülünc Sonsuz Müharibələrdən, daha çox tayfa müharibələrindən çıxmağımızın, əsgərlərimizi evə gətirməyin zamanı çatıb. XEYRİMİZƏ OLAN YERDƏ VURUŞACAĞIQ VƏ ANCAQ QLƏBƏ UĞRUNDA VURUŞACAĞIQ”, – o yazıb.

Trump onu da əlavə edib ki, “Türkiyə, Avropa, Suriya, İran, İraq, Rusiya və kürdlər… indi vəziyyəti ayırd etməli, saxlanmış İŞİD döyüşçüləri ilə nə etmək istədiklərini qərarlaşdırmalıdırlar”.

***

Erdogan Suriyada əməliyyatların istənilən an başlana biləcəyini deyir

Oktyabrın 7-də Erdogan jurnalistlərə deyib ki, Türkiyə ordusu Suriyanın şimal-şərqində əməliyyatlara istənilən vaxt başlamağa hazırdır.

“Bu terrorçu qrupların hədələrinə bir az da dözməyimizdən qətiyyən söhbət gedə bilməz”, – Türkiyə lideri kürd döyüşçüləri ilə bağlı deyib.

Erdogan deyir ki, noyabrın birinci yarısında Vaşinqtona səfər planlaşdırır, Trump ilə “təhlükəsiz zona”nı müzakirə edəcək.

BMT-nin humanitar məsələlər üzrə koordinatoru Panos Moumtzis isə Cenevrədə deyib ki, Türkiyənin əməliyyatının nəticələri barədə “xeyli sayda cavablandırılmayan suallar” var.

“Ən pisinə hazırlaşırıq, ancaq ən yaxşısına ümid edirik”, – Moumtzis söyləyib.

Suriyanın şimal-şərqində ABŞ və Türkiyə qüvvələrinin birgə reydi
Suriyanın şimal-şərqində ABŞ və Türkiyə qüvvələrinin birgə reydi

Ağ evin bəyanatında SDF-in əsas hissəsi olan Kürd Xalq Mühafizə Birləşmələrinin (YPG) adı çəkilmir. Suriyada İslam Dövləti qruplaşmasının məğlub edilməsində aparıcı rol oynayan YPG-ni indiyədək Vaşinqton güclü şəkildə dəstəkləyirdi.

Türkiyə isə bu qrupu qadağan olunmuş Kürd İşçi Partiyasının (PKK) bir qanadı sayır. PKK 30 ildir Türkiyədə kürdlərin muxtariyyəti uğrunda mübarizə aparır.

YPG PKK-ya hər hansı şəkildə birbaşa bağlılığı olmadığını deyir.

***

ABŞ Suriyanın Türkiyəylə sərhədindən qüvvələrini çıxarır

ABŞ Suriyanın Türkiyə ilə sərhədi boyunca yerləşən qüvvələrini çıxarmağa başlayıb. Birləşmiş Ştatlar elan etmişdi ki, Türkiyə Suriyanın şimal-şərqində kürd qüvvələrə qarşı əməliyyat başladarsa, buradan çıxacaq.

“Reuters” adını çəkmədiyi ABŞ rəsmisinə istinadla xəbər verir ki, oktyabrın 7-də ABŞ qüvvələri Tel Abyad və Ras al Ain-də iki müşahidə postunu boşaldıblar.

Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı da ABŞ qüvvələrinin iki mövqedən çəkildiyini təsdiqləyib.

“ABŞ qüvvələri Türkiyə ilə sərhəd ərazilərdən çıxıb”, – kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri bəyanatında bildirib.

Tel Abyadda Türkiyə hərbi maşınları, 4 oktyabr, 2019-cu il
Tel Abyadda Türkiyə hərbi maşınları, 4 oktyabr, 2019-cu il

Türkiyə bir neçə ay idi Suriya ilə sərhəddə hərbi əməliyyat başlatmaqla hədələyir, orada “təhlükəsizlik zonası” yaratmaq istədiyini deyirdi.

***

Ağ ev: Türkiyə Suriyada əməliyyatı davam etdirərsə...

Ağ ev bildirir ki, Türkiyə Suriyanın şimalını tutmaq planını həyata keçirərsə, bu ərazidə ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərin taleyi qeyri-müəyyən qalar. Bəyanat oktyabrın 6-da verilib. Həmin gün Türkiyə və ABŞ liderləri telefonla danışıblar.

Ağ ev bildirir ki, Suriyanın şimalındakı əməliyyata qatılmayacaq və ABŞ qüvvələri “həmin ərazidən çıxarılacaq”.

Türkiyənin son iki ildə ələ keçirilmiş İŞİD döyüşçüləri üçün məsuliyyət daşımalı olduğunu vurğulayan Ağ ev bildirir ki, həmin döyüşçülərin gəldiyi “Fransa, Almaniya və Avropanın digər ölkələri” onları “istəməyib və geri qəbul etməyib”.

Erdogan-ın sözçüsü Ibrahim Kalin oktyabrın 7-də tvitində yazıb ki, planlaşdırılan “təhlükəsiz zona”ın məqsədi sərhədi terrorçu elementlərdən təmizləmək, qaçqınları Suriyanın ərazi bütövlüyü çərçivəsində bu ölkəyə təhlükəsiz şəkildə qaytarmaqdır.

***

Erdogan Ağ evə dəvət olunduğunu deyir

Türkiyə Prezidenti Recep Tayyip Erdogan deyir ki, gələn ay Vaşinqtona səfər edəcək, Suriyanın şimalında “təhlükəsizlik zonası”nın yaradılmasını Prezident Donald Trump-la müzakirə edəcək. İki lider oktyabrın 6-da telefonla söhbət edib.

Təhlükəsizlik zonasının Fərat çayından şərqdə yaradılması təklif olunur. Suriyada 2011-ci ildən gedən vətəndaş müharibəsi humanitar böhran yaradıb, milyonlarla adam evindən didərgin düşüb.

Türkiyə prezidentinin vebsaytında yerləşdirilmiş məlumata görə, Erdogan-la Trump arasında telefon zəngi Türkiyənin bəyanatından bir gün sonra baş tutub. Türkiyə bildirmişdi ki, Ankaranın terrorçu saydığı, ABŞ-ın dəstəklədiyi kürd yaraqlıların təhdidini aradan qaldırmaqdan ötrü Suriyanın şimal-şərqində hərbi əməliyyat qaçılmazdır.

Erdogan bəyanatında avqustda təhlükəsizlik zonasıyla bağlı əldə olunmuş razılaşmanı ABŞ-ın hərbi və təhlükəsizlik rəsmilərinin yerinə yetirməməsindən məyusluq ifadə etmişdi.

Donald Trump (solda) və Recep Tayyip Erdogan
Donald Trump (solda) və Recep Tayyip Erdogan

Ağ evin bəyanatında nə deyilir

Ağ evin oktyabrın 6-da axşam yaydığı bəyanatda Erdogan-la telefon söhbəti aparıldığı təsdiqlənir.

Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar Suriyanın şimalında “çoxdan planlaşdırılan əməliyyatı dəstəkləməyəcək, yaxud onda iştirak etməyəcək”.

İndən belə Türkiyə “son iki ildə ABŞ-ın “Xilafəti” məğlub etməsindən sonra burada ələ keçirilmiş İŞİD döyüşçüləri üçün” məsuliyyət daşıyacaq, Ağ ev bildirir.

Erdogan ötən ay Nyu Yorkda BMT Baş Məclisinin iclası zamanı görüşməliydi, ancaq onlar bur araya gəlmədilər.

Türkiyədə 3,6 milyon suriyalı qaçqın yaşayır və Ankara sözügedən zonada 2 milyon qaçqını yerləşdirmək istəyir.

Ankara təhlükəsizlik zonasını Suriyanın 30 kilometrliyinədək uzatmağı planlaşdırır.

Ancaq Türkiyə ilə həmsərhəd şimal-şərq zonasına kürd yaraqlılar nəzarət eidir.

Rusiya və İran Suriya Prezidenti Bashar al-Assad-ı, Türkiyə, Birləşmiş Ştatlar, Avropa və ərəb müttəfiqlər isə fərqli üsyançı fraksiyaları dəstəkləyir.

Müharibədə 400 mindən çox adam öldürülüb.

XS
SM
MD
LG