Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:56

Əli Əsədov Baş nazir oldu


Ə.Əsədov
Ə.Əsədov

Ə.Əsədov: «Bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm»

«Bu gün sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyevə mənə yüksək etimad göstərərək Baş nazir vəzifəsinə təqdim etdiyinə görə dərin minnətdarlığımı bildirirəm».

APA-nın xəbərinə görə, bunu bu gün, oktyabrın 8-də Milli Məclisin baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verdiyi Əli Əsədov parlamentin plenar iclasında çıxışında bildirib.

Ə.Əsədov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin səyi nəticəsində ölkə sürətli inkişaf yolu keçməkdədir: «Qazanılan möhtəşəm nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin əməyinin nəticəsidir. Bu dövr ərzində ölkəmizdə ümumi daxili məhsul 3.3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5 faizə, işsizlik səviyyəsi 4.9 faizə enib. Ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara yüksəlib».

Baş Nazir vurğulayıb ki, indi ölkənin əsas problemi Qarabağın işğaldan azad edilməsidir: «Ermənistan rəhbərliyinin məsuliyyətsiz, populist çıxışlarına Prezident İlham Əliyev tərəfindən layiqli cavab verilib: «Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Beləliklə Qarabağ Azərbaycandır və nida işarəsi». Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətimizin artırılması Prezidentin gündəlik fəaliyyətinin əsas prioritetlərindədir».

Ə.Əsədov deyib ki, son illərdə ölkədə sosial problemlərin həllində böyük uğurlar əldə edilib: «...Ölkə rəhbərliyi Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrini, müharibə əlillərini, xüsusi qayğıya ehtiyacı olan şəxsləri, o cümlədən məcburi köçkünləri, ahılları, uşaqları daim diqqət mərkəzində saxlayır. Bu insanlara Birinci vitse-prezident Mehriban Əliyeva məhəbbət və mərhəmətlə dolu qayğı göstərir... Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm».

V.Əhmədov
V.Əhmədov

Deputatın yeni Baş nazirdən xahişi

APA agentliyinin xəbərinə görə, Milli Məclisdə müzakirə zamanı deputat Vahid Əhmədov deyib ki, Ə.Əsədovun Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcəyinə inanır: «Biz komitələrdə, parlamentdə müzakirələr zamanı təkliflər veririk. Baş nazirdən xahiş edirəm ki, millət vəkillərinin təkliflərinə diqqət yetirilsin. İkincisi, Prezident İlham Əliyev son illər iqtisadi inkişafla bağlı ciddi addımlar atır. Prezident iqtisadiyyatın inkişafının neft deyil, qeyri-neft sektorunun inkişafından asılı olmasına çalışır. Qeyri-neft sektorunda müəyyən inkişaf olsa da, bu, yetərli deyil. Mən Baş nazir kimi Sizdən qeyri-neft sektorunun, sənayenin inkişafına diqqət yetirməyi xahiş edirəm. Üçüncüsü, Hesablama Palatası büdcə layihələrinə ciddi iradları olur, o iradlara və millət vəkillərinin təkliflərinə diqqətlə yanaşmağı xahiş edirəm. Digər tərəfdən, büdcə layihəsi həcmcə çox böyük olur, məncə, 100-səhifəlik layihə kifayətdir».

M.Əhmədoğlu
M.Əhmədoğlu

M.Əhmədoğlu: «Novruz Məmmədovun təyinatı...»

«Baş nazir dəyişikliyini təkcə Nazirlər Kabineti ilə məhdudlaşdırmaq düzgün deyil, bu, qlobal dəyişikliklərlə bağlıdır».

Bunu politoloq Mübariz Əhmədoğlu bildirib.

M.Əhmədoğlu vurğulayıb ki, Azərbaycan üçün yeni təhdidlər, yeni təhlükələr yaranır: «Eləcə də, yeni imkanlar yaranır. Novruz Məmmədovun təyinatı Ermənistandakı Baş nazir təyinatına görə idi. Çünki Ermənistanda Konstitusiyaya əsasən, prezidentlə baş nazir arasında Qarabağ danışıqlarını kimin aparacağı barədə qeyri-müəyyənlik var idi».

Politoloqun fikrincə, N.Məmmədov xarici siyasət üzrə çox güclü mütəxəssisdir: «Ona görə də hələ Heydər Əliyev dövründən Qarabağ danışıqlarının hamısında iştirak etmişdi və bu danışıqları yaxşı bilirdi. İndi iş də belə gətirdi ki, Qarabağ danışıqları, demək olar ki, dayandı...».

M.Əhmədoğlunun fikrincə, indi Azərbaycanın qarısında duran əsas məsələ iqtisadiyyatı dirçəltməkdir: «Ona görə, baş nazir postuna elə adam gəlməlidir ki, iqtisadiyyatı dirçəldə bilsin. Ə.Əsədov o adamdır ki, siyasi qruplaşmada olmayan şəxsdir, hədsiz enerjili və aktiv şəxsdir. Prezidentin özünə sadiq və bağlı şəxsdir...».

Milli Məclis Ə.Əsədovun Baş nazir olmasına razılıq verdi

Azərbaycan Milli Məclisi bu gün, oktyabrın 8-də keçirilən plenar iclasında Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verib.

Deputatlar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, onun dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

S.Novruzov
S.Novruzov

S.Novruzov: «İslahatlar tələb edir…»

«Bu gün aparılan sosial-iqtisadi islahatlar tələb edir ki, çevik siyasət həyata keçirilsin».

«Report»un xəbərinə görə, bunu bu gün, oktyabrın 8-də Milli Məclisin iclasında Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələnin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, Ə.Əsədov ölkədə aparılan abadlıq-quruculuq işlərində Prezident İlham Əliyevin köməkçisi kimi yaxından iştirak edib: «Hesab edirəm ki, bu təyinatdan sonra Nazirlər Kabinetində kifayət qədər islahatlar həyata keçiriləcək».

N.Bəydəmirli
N.Bəydəmirli

N.Bəydəmirli: «...Gözləntimiz yoxdur»

«Biz prezident respublikasında yaşayırıq. Amma çox adam, jurnalistlər, ictimai fəallar, qeyri-hökumət təşkilatları təmsilçisi Azərbaycanda yaşayaraq Avropasayağı, yəni parlament tipli respublikada yaşananları görmək istəyirlər».

Bunu keçmiş deputat, işadamı Nazim Bəydəmirli deyib. Onun sözlərinə görə, unutmaq olmaz ki, hökumətə birbaşa rəhbərlik edən Baş nazir yox, Prezidentdir: «O baxımdan, parlamentin Baş nazirin təyinatına razılıq verməsi formal xarakter daşıyır. İstənilən adamı Prezident məsləhət bildikdə dəyişdirə bilər, bu, onun səlahiyyətindədir. Mən hesab edirəm ki, cəmiyyət Baş nazir postundan heç nə gözləməməlidir. O zaman bir gözləntimiz olar ki, ölkə parlament tipli respublikaya çevrilsin və Baş nazir iqtisadiyyatdan, daxili siyasətdən sorumlu olsun».

O qeyd edib ki, Avropa Şurasına daxil olan ölkələrin çoxu artıq parlament tipli respublikaya keçib: «Seçkilərdə qələbə qazanan partiya da ölkənin baş nazirinin kimin olacağını müəyyən edir. Parlament tipli ölkə olsaydıq, vətəndaş olaraq hansısa gözləntilərimiz olardı. İndiki halda isə Baş nazir, onun 6 müavini, 40-a qədər strukturu əhatə edən Nazirlər Kabineti çevik və dinamik deyil. Ona görə də heç bir gözləntilərimiz yoxdur».

A.Hacılı
A.Hacılı

A.Hacılı: «Bu postda, kim olursa olsun,...»

« Azərbaycanda Baş nazirin hökumətə rəhbərlik, nazirləri, nazir müavinlərini təyin etmək, hətta öz Aparatını yaratmaq səlahiyyəti yoxdur».

Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılının sözlərinə görə, ölkənin iqtisadi məsələlərinə dair mühüm qərarlar Nazirlər Kabinetində qəbul edilmir və Kabinetin belə səlahiyyəti yoxdur. «Çünki Azərbaycanda hökumətin başçısı Baş nazir yox, Prezidentdir. Bütün iyerarxiya faktiki olaraq yekunda dövlət başçısına tabe olur. Birinci vitse-prezident institutu təsis edilib, bu da əslində indiki dövrdə Baş nazirin həyata keçirməli olduğu funksiyaları yerinə yetirir».

A.Hacılının fikrincə, Baş nazir postuna kimin gətirilməsindən asılı olmayaraq onun ölkədə gedən proseslərə əhəmiyyətli təsiri olmayacaq: «Düşünmürəm ki, Novruz Məmmədovun yerinə gələn Baş nazir olaraq hansısa şəkildə fərqlənəcək. Azərbaycan hakimiyyətində situasiya elədir ki, Baş nazirin hansısa mühüm funksiyalar daşıması nəzərdə tutulmur».

+++

Bu gün, oktyabrın 8-də Milli Məclisin iclasında Əli Əsədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacağı gözlənir.

Bu barədə Milli Məclisin saytı məlumat yayıb.

Ümumilikdə parlamentin gündəliyinə 14 məsələ daxil edilib.

Azərbaycanın hazırkı Baş naziri Novruz Məmmədov ötən il aprelin 21-dən bu postdadır.

Ə.Əsədov hazırda prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini işləyir.

Əli Əsədov kimdir

Əli Hidayət oğlu Əsədov 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində doğulub. 1978-ci ildə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlayıb. 1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi kimi çalışıb.

1989-1995-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində işləyib.

1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Milli Məclisinin deputatı olub.

1998-ci ildə Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

XS
SM
MD
LG