Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 00:39

Türkiyə Suriyanı vurmağa başladı. Ölənlər var (VIDEO)


Ras əl-Ayn şəhərinin yaxınlığında
Ras əl-Ayn şəhərinin yaxınlığında

Suriyanın şimal-şərqində keçirilən hücum əməliyyatının əvvəlində Türkiyənin hərbi təyyarələri kürdlərin mövqelərini bombardman ediblər.

Suriyanın Türkiyə ilə həmsərhəd Ras əl-Ayn şəhərində güclü partlayışların eşidildiyi xəbər verilir.

Prezident Recep Tayyip Erdoğan oktyabrın 9-da bəyan edib ki, kürd yaraqlılara və İslam Dövləti ekstremist təşkilarına qarşı hücumdan məqsəd Suriyanın şimalında “təhlükəsiz zona”nın yaradılmasıdır.

Suriyanın şimal-şərqinə nəzarət edən kürd qüvvələri Ras əl-Ayn şəhəri yaxınlığında iki mülkinin öldüyünü və daha iki nəfərin yaralandırğını bildiriblər.

Suriya Demokratik Qüvvələrinin bəyanatında deyilir ki, “biz beynəlxalq koalisyaya daxil bütün ölkələri öz məsuliyyət paylarını daşımağa və mümkün humanitar böhranın qarşısını almağa çağırırıq”.

BMT Təhlükəsizlik Şurası oktyabrın 9-da bu vəziyyəti bağlı qapılar arxasında müzakirə etməlidir.

***

Türkiyənin NTV televiziyası artıq “Barış Pınarı” (Sülh bulağı) əməliyyatının başlandığını xəbər verir.

“CNN Turk” yazır ki, Prezident Recep Tayyip Erdogan artıq “Sülh bulağı hərəkatı”nın başlandığını açıqlayıb. “Reuters” YPG-yə aid sursat depolarının vurulduğunu, Türkiyə qırıcılarının Resulayn şəhərində hədəfləri bombardman etdiyini xəbər verir.

***

Kürdlər Türkiyəylə sərhəddə səfərbərliyə çağırır

Suriyanın Türkiyəylə sərhədində kürd liderlər “ümumi səfərbərliyə” çağırıb. Suriyanın şimal-şərqindəki kürd hakimiyyəti oktyabrın 9-da xəbərdarlıq edib ki, burada əməliyyat başlanarsa, “humanitar fəlakət” yaşanar.

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov-un sözlərinə görə, ABŞ-ın ərazidəki addımları “bütöv regionu alovlandırır”.

Azad Suriya Ordusu daxilində bir fraksiyanın sözçüsü hücumun ilk mərhələsinə 18 min döyüşçünün qatılacağını söyləyib. Abdelrahman Ghazi Dadeh Akcakaledə jurnalistlərə deyib ki, onlardan 8 mini Suriyanın sərhəd şəhəri Tel Abyadı, qalan 10 mini isə Resulaynı hədəfə alacaq. Xəbəri “AFP” yayıb.

Qazaxıstan paytaxtı Nur-Sultanda danışan Lavrov-un sözlərinə görə, kürdlər “həddən artıq narahatdırlar” və sərhəd münaqişəsindən “nəyin bahasına olursa-olsun qaçılmalıdır”.

Suriyada kürd qadın döyüşçülərin etirazı
Suriyada kürd qadın döyüşçülərin etirazı

Erdogan rusiyalı həmkarı Vladimir Putinə telefon zəngində deyib ki, hərbi hücum “Suriyada sülhə və sabitliyə töhfəsini verəcək, siyasi həllə gedən yolu asanlaşdıracaq”.

Suriyanın dövlət mediası isə Xarici İşlər Nazirliyində mənbəyə istinadla yazır ki, ölkə “bütün qanuni yollarla Türkiyənin təcavüzünü önləmək qərarını yeniləyir”.

Bu arada kürdlərin yarımmuxtar administrasiyası Moskvanı Suriya Prezidenti Bashar al-Assad rejimi ilə dialoqu asanlaşdırmağa çağırıb. Rejim kürd qrupları ümumi hakimiyyətə dönmək qərarı verəcəkləri halda onlara “qucaq açmağa” hazır olduğunu bildirib.

***

Türkiyənin Suriyayla sərhəddə mövqelərini möhkəmləndirdiyi bildirilir. Xəbərlərə görə, oktyabrın 8-də onlarla hərbi yük maşını, zirehli maşın, tank Akcakale şəhərinə doğru yol alıb.

***

Türkiyə rəsmisi: Suriyaya hücum ‘tezliklə’ başlanacaq

Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə “tezliklə” Suriya sərhədini keçəcək. Bunu Prezident Recep Tayyip Erdogan-ın kommunikasiya üzrə köməkçisi oktyabrın 9-da səhər deyib. Xəbəri “Reuters” yayıb.

Fahrettin Altun “The Washington Post” qəzetində köşə yazısında ərazidəki kürd döyüşçülərə xəbərdarlıq da səsləndirib, onları geri çəkilməyə çağırıb, əks halda Türkiyənin İslam Dövləti yaraqlılarına qarşı savaşını “pozmasının” önlənəcəyini deyib.

Türkiyə kürdlərin başçılıq etdiyi qüvvələrə qarşı əməliyyat apararaq Suriyanın 30 kilometrliyində “təhlükəsiz zona” yaratmaq istəyir. Kürdlər bu ərazinin İŞİD-dən təmizlənməsində ABŞ qüvvələrinə kömək edib.

Üç gün öncə ABŞ Prezidenti Donald Trump Erdogan-la telefon danışığından sonra dedi ki, Türkiyənin əməliyyatına müdaxilə etməyəcək.

Ərazidəki ABŞ əsgərləri ölkənin başqa yerlərinə köçürülüb.

Türkiyə oktyabrın 7-də bildirdi ki, ordusu Suriya-İraq sərhədinə zərbə endirib, kürd qüvvələri buradan Suriyanın şimal-şərqindəki bölmələrini gücləndirmək üçün istifadə edirmiş.

Erdogan-la söhbətdən bir gün sonra Trump Türkiyəyə Suriyaya hücumla bağlı xəbərdarlıq edib, daha sonra türkiyəli həmkarını noyabrın 13-də Ağ evə dəvət edib.

Trump NATO müttəfiqini ABŞ-ın böyük ticarət tərəfdaşı adlandırıb, F-35 qırıcıları üçün polad göndərdiyini bildirib. Ancaq Ankara Rusiyadan raket kompleksi aldığından Türkiyə F-35 proqramından kənarlaşdırılıb.

2020-ci ilin martınadək Birləşmiş Ştatlar Türkiyədən ehtiyat hissələr alınmasını dayandırmağı planlaşdırır.

Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlanandan 3,6 milyon suriyalı Türkiyəyə sığınıb. Ankara onların 2 milyonunu təhlükəsizlik zonasına yerləşdirmək istəyir.

Suriya müharibəsində indiyədək 400 minədək adam həlak olub.

XS
SM
MD
LG