Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 00:27

Avstriyalı yazıçının Nobel mükafatının alınmasını tələb edirlər


Peter Handke Slobodan Milosevic-in dəfnində
Peter Handke Slobodan Milosevic-in dəfnində

Serebrenitsa Anaları qrupu avstriyalı yazıçı Peter Handke-yə verilmiş Nobel mükafatının geri alınmasını tələb edir. Bu qrup 1995-ci ildə Bosniyanın Serebrenitsa kəndindəki qətliam qurbanlarının yaxınlarını birləşdirir.

76 yaşlı avstriyalı yazıçı mükafata dünən – oktyabrın 10-da layiq görülüb. O, 1990-cı illərdə Yuqoslaviya parçalanandan sonra Balkanları viran qoymuş müharibədə serbləri müdafiə etdiyinə görə həmişə tənqidlə üzləşib.

“Bu adamın kim olduğunu bilməliydi”lər

Analar qrupundan Munira Subasic “The Associated Press” agentliyinə deyib ki, bu qərar onları, “oğullarını, ərlərini və qardaşlarını itirmiş Serebrenitsa analarını incidib”.

Subasic deyib ki, Nobel komitəsi “bu adamın kim olduğunu bilməliydi”.

Handke 2006-cı ildə Serbiyanın keçmiş lideri Slobodan Milosevic-in dəfnində çıxış edərək onu “faciəvi adam” adlandırıb. Onda Milosevic-ə hərbi cinayətlər ittihamı irəli sürülmüşdü.

Bosniyanın üçtərəfli prezidentliyinin müsəlman üzvü Handke-yə Nobel verilməsini “qalmaqallı və utancverici” adlandırıb. Sefik Dzaferovic deyib ki, Nobel Komitəsi “əxlaq kompasını tamamilə itirib”, Handke-nin vaxtilə Milosevic-i, Bosniyanın serb liderləri Radovan KaradzicRatko Mladic-i dəstəkləməsini gözardı edib.

Bu şəxslərin üçü də BMT-nin hərbi cinayətlər tribunalında mühakimə olunub. Milosevic məhkəməsi bitməmiş ölüb. Karadzic və Mladic təqsirli bilinərək ömürlük həbsə məhkum ediliblər.

Dzaferovic deyib ki, “Handke genosid, zorlama, digər qəddar cinayətlərin qurbanlarına yüngül peşmançılıq hissi belə bildirməyib, yaxud üzrxahlıq etməyib”.

Handke serblərə təşəkkür edir

Peter Handke isə ona Nobel mükafatının verilməsini cəsarətli addım sayır. Hazırda Fransada yaşayan yazıçı Parisin kənarındakı evinin qarşısında çıxış edərkən serblərə ona göstərdikləri dəstəyə görə təşəkkür edib.

Olga Tokarczuk
Olga Tokarczuk

Serbiyanın dövlət televiziyasına serbcə müsahibə verən yazıçı deyib ki, “bu gecə rakija (Serbiya brendisi) və ağ şərab içəcəyik”.

Handke 1990-cı illərdə Kosovodakı zorakılığın dayandırılmasından ötrü NATO-nun Serbiyaya raket zərbələrinə qarşı çıxıb. BMT məhkəməsinin qərarına baxmayaraq, o, Bosniyanın Serebrenitsa kəndində qətliam baş vermədiyini deyir.

Dünənki mərasimdə 2018-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına polşalı yazıçı Olga Tokarczuk layiq görülüb. O, çıxışında həmvətənlərini bazar günü keçiriləcək parlament seçkisində demokratiyaya səs verməyə, ölkənin siyasi kursunu dəyişməyə çağırıb.

Tokarczukh Polşanın Avropa Birliyi ilə ziddiyyətlər yaşayan sağçı hökumətinin tənqidçisidir. O deyib ki, seçki “bu ölkənin gələcəyini dəyişə bilər”.

Hakim Hüquq və Ədalət Partiyasının seçkidə ikinci müddətə seçiləcəyi gözlənir. Əsas müxalifət qrupu olan AB-pərəst Mülki Koalisiya rəy sorğularında hakim partiyadan xeyli geri qalır.

XS
SM
MD
LG