Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:51

Manafort Ukrayna məsələsini niyə yayıb


Paul Manafort məhkəmədən çıxır, arxiv fotosu
Paul Manafort məhkəmədən çıxır, arxiv fotosu

2016-cı ilin yayında ABŞ Prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort Ukraynayla bağlı konspiroloji ideya ortaya atıb. O iddia edib ki, Demokratik Milli Komitənin kompüter serverinə haker hücumunun arxasında Rusiya deyil, Ukrayna dayanıb. Bunu yeni açıqlanmış sənədlər üzə çıxarıb.

Noyabrın 2-də ictimaiyyətə açıqlanmış sənədlərə görə, seçki kampaniyası menecerinin müavini Rick Gates Federal Təhqiqat Bürosuna (FTB) Manafortun nəzəriyyə haqda danışıb. O, keçmiş xüsusi prokuror Robert Muellerin Rusiya istintaqı çərçivəsində dindirilib. Mueller Rusiyanın 2016-cı ildə prezident seçkisi kampaniyasına müdaxiləsini araşdırırdı.

500 səhifəlik sənəd açıqlanıb

Ədliyyə Departamenti Muellerin hesabatına aid 500 səhifəlik müsahibə xülasələrini, elektron yazışmaları, digər sənədləri açıqlayıb. Bu, ABŞ-ın BuzzFeed News və CNN media qurumlarının qaldırdığı məhkəmə iddiasından sonra mümkün olub.

Yeni informasiya onu göstərir ki, Trump-ın seçki kampaniyasının üzvləri, eləcə də ətrafında olanlar Ukrayna haqda əsaslandırılmamış nəzəriyyə yayıblar. Bu məlumat həmçinin artıq tamamlanmış Mueller istintaqı ilə hazırda Nümayəndələr Palatasında demokratların apardığı impiçment araşdırması arasında əlaqəni üzə çıxarır. Demokratlar Trump-ın Kiyevə təzyiq göstərməklə səlahiyyətlərini aşıb-aşmadığını araşdırırlar.

Mueller apreldə açıqladığı hesabatda belə bir qənaətə gəlib ki, Rusiya 2016-cı il seçkisinin nəticəsini Trump-ın xeyrinə dəyişməkdən ötrü “sistematik” səy göstərib, dezinformasiya yaymaq üçün Demokrat partiyası rəsmilərindən oğurlanmış emaillərdən, sosial media kampaniyasından istifadə edib.

Moskva bunu təkzib edir, Trump isə Rusiya ilə əməkdaşlıq etmədiyini bildirir.

Birləşmiş Ştatlar seçki kampaniyasında iddia olunan fəaliyyətindən dolayı Rusiyaya bir sıra sanksiyalar tətbiq edib.

Demokratların iddiasına görə, Trump gələnilki seçkidə potensial rəqibi Joe Biden və oğlu barədə araşdırma aparmaqdan ötrü Ukraynaya təzyiq göstərib, hətta ölkəyə təsdiqlənmiş hərbi yardımı dayandırmaqla hədələyib.

Trump iyulun 25-də ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə telefon söhbətində Demokrat partiyasının hücuma məruz qalmış serveri haqda da soruşub.

Trump məsələyə nə vaxt toxunub

Trump isə həm impiçment araşdırmasını, həm də Muellerin hesabatını “əcinnə ovu” adlandırıb.

Muellerin Rusiya istintaqı çərçivəsində Manafort lobbiçilik qaydalarını pozmaqda və maliyyə cinayətlərində təqsirli bilinib. Ona 7 il yarım həbs cəzası kəsilib.

“The New York Times” qəzeti yazır ki, Trump-ın bu nəzəriyyəni nə vaxtdan yaymağa başladığı bəlli deyil.

2017-ci ilin aprelində, prezidentliyinin üçüncü ayında o bu məsələdən ilk dəfə açıq danışıb, FTB-nin haker hücumunu necə araşdırdığını sual edib, deyib ki, agentlər niyə serverə kimin hücum etdiyini öyrənməkdən ötrü onu demokratlardan almayıblar.

Demokratlara “hücum olunur, FTB onlara baş çəkir, ancaq onlar FTB-nin serverə baxmasına icazə vermirlər”, – Trump onda “The Associated Press” agentliyinə demişdi.

“Onlar, eşitdiyimə görə, Ukraynada mənzillənən başqa bir şirkət dəvət edirlər. Eşitdiyimə görə, bu şirkətin sahibi çox varlı ukraynalıdır”, – prezident vurğulayıb.

XS
SM
MD
LG