Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:54

Çində uyğurların saxlandığı düşərgələrin sayı ‘daha çoxdur’


Çində düşərgədən qaçmış Omer Bekali Almaniyada mətbuat konfransında, arxiv fotosu
Çində düşərgədən qaçmış Omer Bekali Almaniyada mətbuat konfransında, arxiv fotosu

Vaşinqtonda mənzillənən uyğur fəalların qrupu noyabrın 12-də bildirib ki, Çində uyğurların saxlandığı 500-dək düşərgə və həbsxananın yerini müəyyənləşdirib. Qrup Pekinin, adətən deyildiyi kimi, 1 milyon deyil, daha artıq uyğuru həmin mərkəzlərdə saxladığını iddia edir.

Şərqi Türküstan Milli Oyanış Hərəkatı (ŞTMOH) Çində əsasən müsəlmanların yaşadığı Sincan regionuna müstəqillik tələb edən qeyri-kommersiya təşkilatıdır. Qrup 182 şübhəli konsentrasiya düşərgəsiylə bağlı ilkin məlumatı paylaşıb.

Birillik layihə zamanı ŞTMOH “Google Earth” vasitəsilə təsvirləri yerdəki informasiya ilə tutuşduraraq daha 129 şübhəli həbsxana və 74 şübhəli əmək düşərgəsinin yerini müəyyənləndirib. ​

“Bunlar əsasən öncədən bəlli olmayan mərkəzlərdir, buna görə də daha böyük rəqəmlərdən danışa bilərik”, – hərəkatın əməliyyatlar direktoru Kyle Olbert “Frans Pres”ə deyib.

“3 milyon” uyğur

Əvvəllər ABŞ kəşfiyyatı üçün çalışmış, qrupa məsləhət vermiş təhlilçi Anders Corr agentliyə söyləyib ki, sözügedən məkanların 40 faizə yaxını haqda indiyədək məlumat açıqlanmayıb.

BMT-nin hesablamasına görə, əsasən etnik türklər olan 1 milyonadək uyğur və digər etnik müsəlmanlar Sincanda “ekstremizmlə mübarizə mərkəzləri”ndə saxlanır.

Pentaqonun Asiya üzrə aparıcı rəsmisi Randall Schriver isə mayda deyirdi ki, bu rəqəm “3 milyon”a yaxındır. Bu isə regionun 10 milyonluq əhalisinin üçdə birinə yaxınını təşkil edir.

ŞTMOH Çinin “nəzarət altında kütləvi saxlama” kampaniyasını Holokostla müqayisə edib.

Olbert Çinin siyasətini “həbs soyqırımı” adlandırıb.

Pekin ilk öncə düşərgələrin mövcudluğunu inkar edirdi, ancaq sonradan bunu müsəlmanlara təlim keçməklə onları ekstremizmdən uzaqlaşdırmaq siyasətilə əsaslandırıb.

Fəallar və şahidlərsə bildirirlər ki, Çin işgəncə vasitəsilə uyğurları regionun Han çoxluğuna assimilyasiya etməyə çalışır. Digər addımlar isə müsəlmanların namaz qılmaq, donuz əti yeməmək, spirtli içki içməmək kimi inanclarından əl çəkməsinə nail olmaqdır.

XS
SM
MD
LG