Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:53

Az vaxtda yaxşı yatmaq üçün…


Yuxu
Yuxu

Mütəxəssislər yetkin insanın sutkada 7-9 saat yatmalı olduğunu deyirlər. Yuxusuz qalmaq yaddaşı və qərar qəbuletmə bacarığını zəiflədir, infeksiya tutmaq və kökəlmə riskini artırır. Ancaq insanlar müxtəlif səbəblərdən yuxunu qurban verirlər.

Bəs görəsən, yuxunu elə optimallaşdırmaq olarmı ki, az vaxtda dərin və keyfiyyətli yuxu yata bilək?

BBC yazır ki, yeni «yuxu optimallaşdırma» üsulları sayəsində bu mümkündür. Dünyanın müxtəlif yerlərində aparılan təcrübələr göstərib ki, beynin gecə fəaliyyətinin səmərəliliyini artırmaq, dərin yuxuya keçidi sürətləndirmək, istirahət vaxtını uzatmaq mümkündür.

Yuxu fazaları

İnsan yatarkən beyin müxtəlif yuxu fazalarından keçir. Hər fazanın özünə xas «beyin dalğaları» var. Bu zaman beyinin müxtəlif sahələrindəki neyronlar müəyyən bir ritmlə, birlikdə, sinxron siqnallar göndərirlər. Məqalədə bu, birlikdə təbilə zərbələr vuran bir dəstə adama bənzədilir.

Tez yuxu fazasında bu ritm sürətli olur. Məhz bu fazada insan yuxu görür, gözlər hərəkət edir. «Ancaq müəyyən məqamlarda gözlər hərəkətini dayandırır, yuxular itir, beyin dalğalarının ritmi saniyədə bir siqnala qədər enir», – BBC yazır. Bu zaman biz yuxunun ən dərin fazasına daxil oluruq. Bu fazaya «yavaş dalğalı yuxu» deyilir.

Yuxunun optimallaşdırılması imkanlarını araşdıran alimlər məhz bu yuxu fazası ilə maraqlanırlar.

1980-ci illərdən bəri aparılan tədqiqatlar bu yuxu fazasının beyin sağlamlığı üçün nə qədər vacib olduğunu göstərib. Bu faza beyinin müxtəlif hissələrinin informasiyanı bizim qısamüddətli yaddaşımızdan uzunmüddətli yaddaşa ötürməsinə imkan verir. Bu, öyrəndiklərimizi unutmamağımız üçündür.

Yavaş dalğalar həm də qan və serebrospinal mayenin beyinə axınını sürətləndirir. Nəticədə sinirləri zədələyə biləcək hər hansı potensial hissəciklər beyindən təmizlənir. Stress hormonu sayılan kortizolun səviyyəsi düşür, immun sistem gəncləşir.

Buna nail olmağın ən perspektivli yöntəmlərindən biri beyni düzgün ritmə salan metronom kimi çalışır. İnsanın başına taxdığı cihaz beyin fəaliyyətini qeydə alır və beyin yavaş dalğalar göndərməyə başlayanda hiss edir. Bu zaman cihaz qısa, yavaş səs pulsları göndərməyə başlayır. Bu səslər o qədər yavaşdır ki, insanı oyatmır. Ancaq həm də beyinin sezəcəyi qədər yüksəkdir.

Tübinqen Universitetinin professoru Jan Born təcrübə yolu ilə aşkar edib ki, bu yüngül səs stimulyasiyası düzgün beyin ritmlərinə kömək edə bilər. Bu xüsusi cihazı taxan təcrübə iştirakçıları yaddaş testlərindən daha yaxşı nəticə göstəriblər. Onların hormonal balansı da dəyişib. Kortizol aşağı düşüb, immun sisteminin vəziyyəti yaxşılaşıb.

Born deyir ki, hələlik, bu üsulun heç bir yan təsiri qeydə alınmayıb.

Cihaz yuxu məsləhətləri verir

Fransada yaradılmış «Dreem» startapı qiyməti təqribən 400 avro (440 dollar) olan cihaz düzəldib. Bu cihazda yuxarıda sözügedən səs siqnalları texnikasından istifadə olunur. «Dreem» cihazı mobil əlavəyə qoşularaq sizin yuxunuzu təhlil edir, daha keyfiyyətli yuxu yatmaq üçün praktik məsləhətlər verir. Bura meditasiya, tənəffüs idmanları da daxildir. Məqsəd yuxunun keyfiyyətini yaxşılaşdırmaq, gecəyarısı oyanma hallarını azaltmaqdır.

«Philips»in «SmartSleep Deep Sleep Headband» adlı cihazı isə yuxusuzluğun ziyanlı təsirlərini aradan qaldırmaq üçün nəzərdə tutulub.

İstehsalına 2018-ci ildə başlanılmış bu cihaz da «Dreem»in məhsulu kimi başa taxılır, beynin elektrik fəaliyyətini qeydə alır, dövri olaraq səs siqnalları göndərir. Ağıllı kompüter proqramı isə onun göndərdiyi səslərin yüksəkliyini dəqiqliklə tənzimləyir. Bu cihaz, hələlik, yalnız ABŞ-da satışdadır. Onu 399 dollara almaq mümkündür.

«Gələcəkdə yuxunun optimallaşdırılmasının uzunmüddətli perspektivdə fayda verib-vermədiyini görmək maraqlı olacaq. Biz xroniki yuxusuzluğun şəkər və hətta Altsheymer xəstəliyi kimi hallara yol açdığını bilirik. Ancaq bu yeni üsulların bu riskləri azaltmağa kömək edəcəyini bilmirik», – məqalədə deyilir.

XS
SM
MD
LG