Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:51

'Onkoloji xəstə' adıyla adamlar necə təqaüdə çıxarılıb?


Onkoloji Dispanser. Foto arxiv
Onkoloji Dispanser. Foto arxiv

Cənub bölgəsində yaşayan onlarla adama onkoloji xəstə kimi əlillik dərəcəsi, pensiya təyin olunsa da, əslində onlar bu xəstəlikdən əziyyət çəkmirmiş. Bu barədə həm pensiya alanların özlərinin, həm də təyinat prosesində iştirak edənlərin ifadələri, qüvvəyə minmiş məhkəmə hökmü var. İddia olunur ki, onkoloji xəstə kimi saxta əlillik nəticəsində 76 nəfərə ümumilikdə 61 min 118 manat pensiya verilib.

Bu olaylara görə xeyli adam cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi Əli Əliyev, bu xəstəxananın həkim-onkoloqları İlyas Səmədov, Muştaba Dədəcanov, xadimə Sələmə Mirzəyeva, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkimləri Hüsaməddin Əlicanov Fərid Məmmədov, Lənkəranın Aşağı Nüvədi və Masallının Xırmandalı kəndlərində yaşayan İsrafil Tağıyev, Musa Əliyev də var.

Cinayət işinin materiallarında yazılıb ki, S.Mirzəyeva rəsmən xadimə olsa da, kompüter mütəxəssisi funksiyasını yerinə yetirib. O, əlillik dərəcəsi almaq və ya dərəcəni dəyişmək istəyən, bundan ötrü pul vermək istəyən adamları tapıb. Həmin adamlara onkoloji xəstəlikdən əziyyət çəkmələri, onlara təqaüd verilməsi üçün əsas yaradan sənədləri hazırlayıb. Baş həkimin və digər həkim-onkoloqların elektron imzalarından istifadə edib. Hazırlanan məlumatlar informasiya resurslarına əlavə olunub.

Psixiatriya xəstəxanasının həkimləri də belə «müştərilər» tapıb vasitəçilik etməkdə suçlanır.

İfadə niyə dəyişib

İş materiallarında dəstənin rəhbəri kimi Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının sabiq baş həkimi Ə.Əliyev göstərilsə də, o, ittihamı qəbul etməyib. Deyib ki, S.Mirzəyeva onu şərləyir, öz əməllərinin məsuliyyətini onun üzərinə yıxmağa çalışır: «Bu yolla öz aqibətini yüngülləşdirməyə, əməllərini ört-basdır eləməyə çalışır».

S.Mirzəyeva iddia edib ki, pensiya almaq istəyən müştərilərdən təxminən 2-3 min pul, ya da o dəyərdə əmlak alıb, gətirib baş həkimə çatdırıb. Baş həkim də pulun əsas hissəsini özü götürüb, hər adama görə 100-200 manat da ona verirmiş. Bu pulun müqabilində əlillik dərəcəsi almaq istəyən şəxs üçün 088№li forma üzrə saxta göndərişləri kompüterdə çap edib, Tibbi-Sosial Ekspert Komissiyasına göndərib. Bu işləri görmək üçün baş həkimin əlyazmaları əsasında köhnə xəstəlik tarixçələrindən istifadə olunub, xəstəxananın jurnallarında heç bir qeydiyyat aparılmayıb.

«Əgər mən Sələmə Mirzəyevanın maxinasiyalarında iştirak etsəydim, elə yalançı xəstələri Lənkəran Onkoloji Xəstəxanasının qeydiyyat jurnalına salardım, onlar üçün xəstəlik tarixləri açardım, lazım olan sənədləşmə işlərini aparardım. Bu halda, heç kim, qeydiyyatların və xəstəlik tarixçələrinin olmamasına görə irad tuta bilməzdi, bu işlərin üstü açılmazdı. Jurnallarda yalançı-xəstələrin qeydiyyatlarının olmaması göstərir ki, mən maxinasiyalarda iştirak etməmişəm, xəbərim olmayıb», – keçmiş baş həkim belə deyir.

S.Mirzəyeva birinci ifadəsində baş həkimin onun əməllərindən xəbərsiz olduğunu deyib. Sonrakı ifadələrində isə Ə.Əliyevin bu işlərin başında dayandığını söyləyib. İfadəsini dəyişməsini isə belə izah edir: «Bu işlərin üstü açılandan sonra Əli Əliyev məni yanına çağırıb, bütün işləri öz boynuma götürməyimi istədi. Söz verdi ki, məni həbsdən qurtaracaq. İfadə verməliydim ki, xəstələri əməliyyat etdiyi üçün özünün vaxtı olmadığına görə elektron imzanı mənə vermişdi. Ona görə də əvvəlki izahat və ifadələrdə elə demişəm».

Cəzalandırılanlar arasında Masallı və Lənkəranın kəndlərindən olan, heç yerdə işləməyən iki nəfər də əlillik dərəcəsi almaq istəyənlərlə S.Mirzəyeva arasında vasitəçilik edənlərdir.

Cəzalar

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lənkəran Regional Onkologiya Xəstəxanasının sabiq baş həkimi Ə.Əliyev 9 il, xadimə S.Mirzəyeva 8 il 3 ay, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkimi F.Məmmədov 8 il 6 ay, kənd sakinlərindən İ.Tağıyev 9 il, M.Əliyev isə 8 il 3 ay azadlıqdan məhrum edilib. Onlar rüşvət alma, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi əməllərdə təqsirli biliniblər.

Onkologiya Xəstəxanasının iki həkimi İ.Səmədov və M.Dədəcanov CM-in 314.2 (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib və onlara 2 il şərti cəza təyin edilib.

Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkimi H.Əlicanov rüşvət alma, vəzifə saxtakarlığı kimi əməllərdə suçlu sayılsa da, onun 72 yaşının olması və başqa yüngülləşdirici hallara görə ona da 8 il 6 ay şərti cəza kəsilib.

Təqsirləndirilən şəxslərdən H.Əlicanov 13 min, S.Mirzəyeva 20 min manat ödəyib. Bu vəsait Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülüb.

Təqsirləndirilən şəxslər hökmdən apellyasiya şikayəti versələr də, Şirvan Apellyasiya Məhkəməsi dekabrın 27-də nəticəni dəyişməyib.

XS
SM
MD
LG