Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:55

'Səhv diaqnoz nəticəsində görmə qabiliyyətimi itirdim'


Müayinə. Foto arxiv.
Müayinə. Foto arxiv.

Bakı sakini Zöhrə Kərbəlayeva həkim səhlənkarlığından şikayətlənir. Deyir ki, səhv diaqnoz nəticəsində həm səhhətinə xeyli ziyan dəyib, həm də cibinə. Onun sözlərinə görə, yanlış diaqnozdan sonra durumunun ağır olduğunu zənn edib stress keçirib, nəticədə görmə qabiliyyətini itirib. Təkrar müayinələr üçün başqa xəstəxanalara üz tutub və xeyli pul xərcləyib.

Z.Kərbəlayeva onu müayinə etmiş həkimi məhkəməyə verərək ondan maddi ziyana görə 900 manat, mənəvi ziyana görə isə 50 min manat kompensasiya tələb edir. O, Mərkəzi Neftçilər Xəstəxanasında müayinə olunub. Həkim Namiq Hacıyev ultrasəs müayinəsindən sonra rəy verib ki, onun hər iki böyrəyində bir-birinə bənzər ölçüdə parenxima (şiş) izlənilir, kristallaşmış duzlar var.

«Heç yerdə işləyə bilmirəm»

«Evə gələndən sonra şok keçirdim. Şəkərim düşdü, görmə qabiliyyətimi itirdim. Əsəb sistemim qısa müddətdə pozuldu. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına getdim. Orada dedilər ki, ancaq sol böyrəkdə daş çöküntüsü var. Sonra bir özəl xəstəxanaya da getdim. Orada da dedilər ki, böyrəklərimdə elə problem yoxdur. Bu müayinələrə 900 manat xərcim çıxdı. Keçirdiyim stressdən sonra yuxusuzluqdan əziyyət çəkirəm. Heç yerdə işləyə bilmirəm», - Z.Kərbəlayevanın sözləridir.

Həkim N.Hacıyev məhkəmədə deyib ki, o, Z.Kərbəlayevaya diaqnoz qoymayıb. Həkimin sözlərinə görə, o, yalnız müayinə edib və nəticələrlə bağlı hesabat hazırlayaraq pasiyentə verib. N.Hacıyev bildirib ki, o, nə diaqnoz qoyub, nə də müalicə təyin edib.

Nəsimi Rayon Məhkəməsi kompensasiya tələbiylə qaldırılmış iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Amma Ali Məhkəmə belə nəticəyə gəlib ki, iş hərtərəfli araşdırılmayıb. Ona görə də qərarı ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarıb. Bu instansiya bir daha baxsa da, nəticə dəyişməyib. Bu iş yenidən Ali Məhkəməyə gəlib və dekabrın 30-da orada bir daha baxılıb. Z.Kərbəlayevanın şikayəti təmin olunmayıb. Ali Məhkəmə qərarında yazıb ki, «hazırkı tələb üzrə cavab verməli olan şəxs Namiq Hacıyev (həkim) yox, onun işlədiyi müəssisə - Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanası olmalıdır». Ona görə də Z.Kərbəlayevaya izah olunub ki, indiki tələblə xəstəxanaya qarşı iddia qaldıra bilər.

XS
SM
MD
LG