Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:53

Bolton: Trump Ukraynaya yardımı o vaxtadək dondurub ki...


Donald Trump (solda) və John Bolton
Donald Trump (solda) və John Bolton

ABŞ Prezidenti Donald Trump Ukraynaya hərbi yardımı o vaxtadək dondurmaq istəyibmiş ki, onun siyasi rəqibləri barədə təhqiqat aparılsın. Bu iddiayla keçmiş milli təhlükəsizlik müşaviri John Bolton hələ çap olunmamış kitabında çıxış edib.

“The New York Times” qəzetinin yanvarın 26-da yazmasına görə, Bolton kitabında qeyd edib ki, Trump ona yüzmilyonlarla dollarlıq təhlükəsizlik yardımını yubandırmaq istədiyini deyib, o vaxtadək ki keçmiş vitse-prezident Joe Biden və oğlu daxil olmaqla istintaqlarda kömək etsinlər.

Qəzet prezidentin keçmiş müşaviri John Boltonun hələ çap olunmamış əlyazmasından söz açıb. Ancaq sənədə birbaşa istinad etməyib. Həmin sənəd dərc olunmazdan qabaq baxılmaq üçün Ağ evə də göndərilib. Bu, administrasiyanın kitab yazan indiki və keçmiş rəsmiləri üçün standart qaydadır.

Ağ ev hələlik, məsələni şərh etməyib.

Senatdakı impiçment mühakiməsində Trump-ı təmsil edən hüquqi komanda yanvarın 25-də deyib ki, prezidentin Ukraynaya yardımı təhqiqata bağlamasına dəlil yoxdur. Yüzmilyonlarla dollarlıq yardım 2019-cu ilin federal büdcəsində təsdiqlənib. Trump administrasiyası büdcəni təsdiqləyən Konqresə iki dəfə deyibmiş ki, Ukraynaya yardımı ayırır: fevralın 28-də və mayın 23-də.

Ancaq Ağ ev heç bir halda yardımın niyə yubadılmasına izahat verməyib.

“Boltonda dəlil var”

Bolton Ağ evdəki vəzifəsindən gedəndən bir gün sonra, sentyabrın 11-də Trump Ukraynaya 391 milyon dollarlıq hərbi yardımı ayırıb. Keçmiş müşavir konqresmenlərə ifadə verməyə hazır olduğunu deyib. Baxmayaraq ki, prezident köməkçilərinə istintaqla əməkdaşlığı qadağan edib.

“John Boltonun dəlili var”, – Senatda çoxluğun lideri Chuck Schumer tvitində yazıb.

Onun sözlərinə görə, Boltonun, eləcə də Prezident Trump-ın hərəkətləri ilə bağlı birbaşa bilgisi olanların senatdakı məhkəmədə ifadə verməsi təmin olunmalıdır.

Məhkəmədə şahid ifadələrinə nail olmaq üçün azı dörd respublikaçı demokratlarla birlikdə səs verməlidir. Senatda Trump-ın həmkarları olan respublikaçıların nəzarətindədir.

AzadAvropa/AzadlıqRadiosu Boltonun kitabının məzmununu dəqiqləşdirə bilməyib. O, prezidentlə fikir ayrılığından sonra vəzifədən getmişdi. Trump onu işdən çıxardığını, Bolton isə istefa verdiyini deyib.

ABŞ Nümayəndələr Palatasındakı demokratlar Trump-a vəzifədən sui-istifadə və Konqresin işinə maneçilik yaratmaq ittihamı irəli sürüblər. Senat isə prezidenti təqsirli hesab edərək vəzifədən kənarlaşdırmaq məsələsinə baxılacaq. Senatın 100 üzvü məhkəmədə jüri üzvü olacaq.

Trump hər hansı səhvə yol vermədiyini deyir, impiçment prosedurunu “əcinnə ovu” adlandırır.

İmpiçment mühakiməsinin yeddinci günü yanvarın 27-də yerli vaxtla günorta 1-də başlamalıdır. Trump-ın müdafiə komandası ilkin arqumentlərin təqdimatını davam etdirəcək.

***

Bu məlumat yayılandan sonra demokratlar Boltonun Senatda Trump-ın impiçment mühakiməsində ifadə verməsilə bağlı tələbi bir daha səsləndiriblər.

Trump isə yanvarın 27-də səhər bir neçə tvitində bu iddianı rədd edib.

“Ukraynaya yardımın Bidenlər daxil olmaqla demokratlarla barədə istintaqla bağlı olduğunu John Boltona HEÇ VAXT deməmişəm”, – o yazıb.

“Faktiki olaraq, vəzifəsi başa çatanadək heç vaxt bundan gileylənməyib. Əgər John Bolton bunu deyibsə, ancaq kitabını satmaqdan ötrü söyləyib”, – o əlavə edib.

Boltonun vəkili Charles Cooper ABŞ mediasına deyib ki, o, kitabının əlyazmasını baxılmaq üçün dekabrın 30-da Milli Təhlükəsizlik Şurasına göndərib.

Hazırda impiçment mühakiməsində Trump-ın iyulun 25-də ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə telefon söhbəti araşdırılır. Həmin söhbət zamanı ABŞ Prezidenti ukraynalı həmkarından Biden barədə araşdırma aparmasını istəyib. Biden noyabrda keçiriləcək prezident seçkisində Trump-ın potensial rəqibi sayılır. O, vitse-prezident vəzifəsində olarkən oğlu Hunter Biden Ukraynada enerji şirkətinin heyət üzvü olub.

Tənqidçilərin fikrincə, Kiyevə hərbi yardım təzyiq vasitəsi kimi yubandırılıb.

XS
SM
MD
LG