Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:44

Putin 2024-cü ildən sonra baş nazir olacaqmı – Qərb mediası


Moskvanın mərkəzində Putinin portreti
Moskvanın mərkəzində Putinin portreti

Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Rusiya konstitusiyasına dəyişiklikləri elan edib. Bu təkliflər belə bir sual yaradır ki, indiki vəzifə müddəti bitəndən sonra, 2024-cü ildə Putin neyləyəcək? “The Washington Post” qəzetində Paul Chaisty və Stephen Whitefield bu suala cavab axtarırlar.

Rusiyanın mövcud konstitusiyasında prezidentlər “dalbadal” iki dəfədən artıq seçilə bilməzlər. Bu isə Putin kimi ikinci müddətlərini başa vuran prezidentlər və tərəfdarlarına ciddi problemlər yaradır.

Prezidentlər vəzifədən getməyə niyə qorxur

“Rusiyada vəzifədən gedən prezidentlər xələflərinin onların maraqlarını qoruyacağından arxayın ola bilmirlər. Əlbəttə, demokratik sistemlərdə prezidentlər seçkini uduzaraq kənara çəkilirlər. Ancaq Rusiya və keçmiş sovet ölkələrində vəzifədən gedənlərin varisləri tərəfindən maliyyə və digər səhvlərə görə həbs olunma qorxusu var. Son vaxtlar bu özünü Qırğızıstanın timsalında göstərdi”, – müəlliflər yazır.

Məqalədə qeyd olunur ki, Putinin açıqladığı ən mühüm dəyişiklik baş nazir təyinatının parlamentə verilməsidir. Bu, vəzifədən gedən prezidentə bir sıra üstünlüklər verir, məsələn, onun varisinin səlahiyyəti zəiflədilir. Üstəlik bu, Putinin parlamentdə çoxluğun dəstəyilə baş nazir postuna keçməsinə imkan yaradır.

“Bu təklif Putinin üzləşdiyi problemi yaxşıca yoluna qoyur, ancaq riskləri də mövcuddur. Birincisi, Rusiya ictimaiyyəti hökumətdən iqtisadi və sosial siyasət üçün birbaşa məsuliyyət götürməyi gözləyir… İkincisi, Rusiya vətəndaşları liderlərinin şəxsi mənfəət naminə konstitusiya qaydaları və normaları ilə manipulyasiya etməsindən elə də məmnun deyillər”, – məqalədə vurğulanır.

Müəlliflər 2018-ci ilin aprel-may aylarında 1590 rusiyalı arasında keçirilmiş bir sorğuya istinad edirlər. Britaniya Akademiya Layihəsi üçün keçirilmiş sorğuda respondentlərdən soruşublar ki, prezidentin, parlamentin, hökumətin və siyasi partiyaların fəaliyyətini necə dəyərləndirirlər.

Narazı elektorat

Respondentlərin 70 faizindən çoxu prezidentin iqtisadi məsələlər üzrə perfomansını müsbət dəyərləndirib. 40 faizdən də az isə hökumətlə bağlı müsbət fikir söyləyib. Sorğu onu da üzə çıxarıb ki, ictimaiyyətin hökumətin bir sıra əsas siyasi sahələr üzrə məsuliyyətindən gözləntiləri yüksəkdir.

Müəlliflər Putinin 2012-ci ildə baş nazirlikdən prezidentliyə qayıdışının etirazlara səbəb olduğunu da vurğulayırlar. O vaxtdan bu əhalinin sayı azalsa da, çəkisini saxlayır. Elə 2018-ci il sorğusu da göstərib ki, respondentlərin 40 faizə yaxını eyni şəxsin iki müddətdən artıq prezident olmasını istəmir. Məqalədə əhalinin bu seqmentinin hakimiyyətə etiraza meylli olduğu göstərilir.

“Bu nəticələrə əsasən demək olar ki, Putin 2024-cü ildə baş nazir olmaq istəməyə bilər. Çünki bu halda birbaşa siyasi atəş xəttində yer almış olar. O, milli hökumət başçısı kimi ictimaiyyətin nəzərində əsas siyasi nəticələr üçün məsuliyyət daşıyacaq, Rusiya hökumətləri adətən bu kontekstdə uğur qazana bilmirlər. Üstəlik, o, yeni prezident və potensial rəqiblə yanaşı işləməli olacaq”, – müəlliflər yazır.

Vladimir Putin artıq konstitusiyaya düzəliş təklifləri paketini parlamentə təqdim edib. Təkliflərdə eyni şəxsin dalbadal iki müddət prezident olmasını qadağan edən maddədən “dalbadal” sözünün çıxarılması, həmçinin prezidentin səlahiyyətlərinin bir hissəsinin baş nazirə və Dövlət Şurası adlı quruma verilməsi nəzərdə tutulur. Bəzi təhlilçilər bildirirlər ki, Putin prezidentlik müddəti başa çatmamış bu şuranın sədri vəzifəsini tutmağı planlaşdırır. Bu ona istədiyi müddətdə hakimiyyətdə qalmaq imkanı verməlidir.

XS
SM
MD
LG