Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:53

Erdogan: Türkiyə ’30-35’ suriyalı əsgəri öldürüb


Türkiyə artilleriyası Suriya ilə sərhəddə. Foto arxiv
Türkiyə artilleriyası Suriya ilə sərhəddə. Foto arxiv

Türkiyə Suriyanın şimal-qərbini hökumət qüvvələrinin bombalaması nəticəsində 4 əsgərinin öldürülməsinə cavab olaraq onlarla suriyalı əsgəri qətlə yetirib. Bunu Prezident Recep Tayyip Erdogan fevralın 3-də deyib.

“Hazırda əməliyyat davam edir… ilkin rəqəmlərə görə, 30-35 suriyalı neytrallaşdırılıb”, – Erdogan İstanbul aeroportunda Ukraynaya yola düşməzdən öncə jurnalistlərə deyib.

Britaniyada mənzillənən Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı isə 13 suriyalı hərbçinin öldürüldüyünü bildirib.

Erdogan Suriyanın əsas müttəfiqi olan Rusiyanı bu işə qarışmamağa çağırıb.

"Mən xüsusilə də Rusiya hakimiyyət orqanlarının nəzərinə çatdırıram ki, burada bizim söhbətmiz sizinlə yox, Suriya rejimi ilədir və siz bizim qabağımızı kəsməyin”.

***

Türkiyə Suriyada 4 əsgərinin öldürüldüyünü deyir

Fevralın 3-də Suriya hökuməti qüvvələrinin ölkənin şimalını “intensiv bombalaması” nəticəsində azı 4 Türkiyə əsgəri öldürülüb, 9-u yaralanıb. Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Hadisə Suriyanın İdlib vilayətində törədilib. Nazirlik bildirir ki, Türkiyə qüvvələrinin koordinasiya nöqtələri haqda informasiya öncədən vilayət rəhbərliyinə göndərilmişdi. Qurum Türkiyə qüvvələrinin hücuma cavab verdiyini qeyd edir.

Məlumata görə, Ankara son baş verənləri diqqətlə öyrənir və gərəkən bütün addımlar atılacaq.

Hazırda Suriya hökuməti üsyançıların son istehkamı olan İdlibə və Hələb regionunun bəzi hissələrinə hücum həyata keçirir.

Müşahidə postlarına əlavə qüvvə ‘göndərilib’

Türkiyə qüvvələri üsyançıların əlində olan bəzi hissələrə yerləşdirilərək Rusiyayla daha öncə razılaşdırılmış atəşkəs rejiminə necə əməl olunmasına nəzarət edir. Atəşkəs razılaşmasına o vaxtdan tam əməl olunmayıb.

Türkiyənin regionda 12 müşahidə postu var. Yerli media bazar günü Türkiyə həmin postlara əlavə qüvvələr göndərdiyini yazıb.

Suriya hökumət qüvvələri Rusiyanın raket zərbələrinin dəstəyilə son həftələr İdlib üzərinə hücumu gücləndirib.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlanandan Türkiyə ilə Suriyanın münasibətləri pisləşib.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan ötən həftə xəbərdarlıq edib ki, Ankara Suriyaya qarşı “hərbi güc”ə əl ata bilər.

Dəməşq isə Türkiyəni minlərlə əcnəbi döyüşçünü Suriya ərazisinə buraxmaqla onun təhlükəsizliyini zərbə altında qoymaqda ittiham edir.

Türkiyə indiyədək 3,5 milyondan çox suriyalı qaçqını qəbul edib, İdlibdə zorakılığın qızışmasından dolayı daha bir qaçqın axınının yaranacağından ehtiyatlanır.

Artıq regionda yüzminlərlə adam evindən didərgin düşüb və çoxu elə Türkiyə-Suriya sərhədinə doğru yol alıb.

Erdogan deyirdi ki, qaçanları sığınacaqla təmin etməkdən ötrü sərhədin Suriya tərəfində evlər tikilir.

XS
SM
MD
LG