Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:38

Trump Amerikanın 'böyük qayıdışından' danışdı


Prezident Donald Trump Konqresdə “Ölkənin vəziyyəti” adlı illik ənənəvi nitqini edir
Prezident Donald Trump Konqresdə “Ölkənin vəziyyəti” adlı illik ənənəvi nitqini edir

ABŞ prezidenti Donald Trump Konqresdə “Ölkənin vəziyyəti” adlı illik ənənəvi nitqini "Biz üç il əvvəl Amerikanın böyük qayıdışına başlamışdıq" sözləri ilə açıb.

O millət vəkillərini,vise-prezidenti və birinci ledini salamladıqdan sonra deyib:

“Cəmi üçcə ilin ərzində biz Amerika Tənəzzülü mentalitetini dağıtmışıq və Amerikanın taleyinin kiçildilməsindən imtina etmişik. Biz qısa müddət bundan əvvəl təsəvvürə belə gəlməyən sürətlə irəliləyirik və geri dönməyəcəyik!”

Trump deyib ki, ondan əvvəlki administrasiya 8 il ərzində 300 min əmək yaşlı insanı işsiz qoyub:

“Mənim administrasiyamın üç ili ərzində 3, 5 milyon insan işçi qüvvəsinə qoşulub”.

Trump deyib ki, hazırda ABŞ iqtisadiyyatı həmişə olduğundan daha güclüdür.

Onun sözlərinə görə, “ordu tamamilə yenidən qurulub və dünyada misilsiz qüdrətə malikdir”.

O “sərhədlərin möhkəm olduğunu, ailələrin firavan yaşadığını, dəyərlərin təzələndiyini və iftixar hissinin bərpa edildiyini” dilə gətirib.

Donald Trump deyib ki, orta işsizlik faizi onun administrasiyası dövründə ABŞ tarixində ən aşağı həddə düşüb.

O əlavə edib ki, işsizlik afro-amerikalılar, ispandillilər arasında da azalıb.

Prezident iddia edib ki, əhalinin bu təbəqəsi arasında yoxsulluq da rekord səviyyədə enib.

Trump bildirib ki, onun administrasiyası dövründə keçmiş məhbusların işlə təmin edilməsi də rekord həddə yüksəlib.

Prezident olmasının səbəblərindən biri də...

Prezident ABŞ-ın dünyanın bir nömrəli neft istehsalçısına çevrilməsini də öz xidmətlərindən biri kimi təqdim edib.

O habelə deyib ki, “şirkətlər Amerikanı tərk etmirlər, əksinə Amerikaya qayıdırlar”.

Trump deyib ki, Amerikanın beynəlxalq sazişlərinin ABŞ üçün ədalətsiz olması, onun prezidentliyə namizədlik verməsinin səbəblərindən biri olub.

Prezident Meksika və Kanada ilə müqavilələrin təzələnməsini və ədalətli ticarətin bərpa olunmasını misal gətirib.

Trump deyib ki, onilliklər ərzində Çin Birləşmiş Ştatlardan sui-istifadə edib:

“Amma indi biz bunu dəyişmişik. Bununla belə, bizim Çinlə indiki münasibətlərimiz həmişə olduğundan daha yaxşıdır”.

Guaido da zalda idi

Trump daha sonra deyib:

“Biz kubalıların, nikaraqualıların və venesuelalıların ümidlərini dəstəkləyirik. Birləşmiş Ştatlar sosialist diktator Nicolas Maduroya qarşı 59 ölkədən ibarət koalisyaya rəhbərlik edir”.

Çıxışının bu məqamında Trump Venesuelanın keçid prezidenti Juan Guado-nun zalda olduğunu elan edib və onu salamlayıb:

“Təşəkkür edirəm, cənab prezident, lütfən bu mesajımızı özünüzlə aparın: Amerikalılar Venesuela xalqı ilə onun azadlıq uğrunda mübarizəsində həmrəydir”.

NATO müttəfiqlərinin ədalətli töhfəsi

Donald Trump deyib ki, “biz Amerika azadlığını müdafiə etmək üçün Birləşmiş Ştatların hərbiyyəsinə 2. 2 trilyon dollarlıq rekord investisiya yatırmışıq”.

Trump deyib ki, ABŞ nəhayət öz müttəfiqlərini müdafiə üçün ədalətli paylarını ödəməyə sövq edə bilib:

“Mən NATO üzvlərinin maliyyə töhfəsini 400 milyard dollardan çox artırmışam”.

Sosializmə yol verilməyəcək

Trump daha sonra ad çəkmədən konqresmenləri tənqid edib:

“Bu zaldakı 132 millət vəkili bizim səhiyyə sistemimizi sosialist qəsbinə verərək 180 milyon çox xoşbəxt amerikalının səhiyyə sığortasını silib atacaq qanunvericilik aktını qəbul edib. Mən bu gecə bizə baxanlara demək istəyirəm: Bilməyinizi istəyirəm ki, biz sosializmin Amerikanın səhiyyə sistemini dağıtmasına heç vaxt yol verməyəcəyik”.

Trump bildirib ki, təklif edilən səhiyyə sistemi ədalətsizdir:

“Əgər Amerika vergiödəyəninin qanunsuz miqrantlara pulsuz səhiyyə xidməti verməsi sizə ədalətli görünürsə, radikal solçular tərəfə keçin. Amma əgər bizim pasientləri və yaşlıları qorumalı olduğumuzu düşünürsünizsə qanunsuz miqrantlara pulsuz tibbi xidməti qadağan edən qanunun qəbulunda mənim tərəfimdə olun”.

Trump daha sonra deyib ki, ABŞ qanunsuz miqrasiya ilə mübarizə üçün Meksika, Honduras, El Salvador və Qvatemala hökumətləri ilə “tarixi əməkdaşlıq sazişləri” imzalayıb.

Onun sözlərinə görə bunun nəticəsində sərhədin qanunsuz keçilməsi may ayından bəri 75 faiz azalıb.

Din və silah azadlığı

Trump öz çıxışında deyib ki, onun administrasiyası din azadlığını müdafiə edir.

Lakin o bildirib ki, konstitusiyada təsbit edilmiş başqa bir hüquqa – silah daşımaq hüququna da inanır:

“Odur ki, mən prezident olduqca ikinci düzəlişi müdafiə edəcəyəm”.

Marsa bayrağını sancacaq ilk ölkə

Prezident Amerikanın bayrağındakı ulduzlara işarə edərək deyib ki, Amerika üçün daha bir cəbhə kosmosun fəth edilməsidir.

Trump Konqresi “daha bir kişini və ilk qadını Aya göndərəcək” proqramı dəstəkləməyə çağırıb.

O bildirib ki, bundan Amerikanın Marsa öz bayrağını sancan ilk ölkə olması üçün start nöqtəsi kimi istifadə oluna bilərdi.

Soleimani və Baghdadi-nin öldürülməsi

Daha sonra Trump elə ötən həftə İsrail və fələstinlilər arasında taleyüklü sülh planı təklif etdiyini xatırladıb və deyib ki, bundan əvvəl edilmiş bütün cəhdlər uğursuzluğa düçar olub.

Prezident bunu da bildirib ki, bir vaxtlar İraq və Suriyanın böyük ərazilərini qəsb etmiş xilafət 100 faiz məhv edilib.

O İŞİD-in “qana susamış qatil” lideri al-Baghdadi-nin məhv edilməsindən də söz açıb.

Trump habelə bu yaxınlarda İran İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələri komandanı Qasem Soleimani-nin də onun əmri ilə və ABŞ hərbiyyəsinin dəqiq zərbəsi ilə öldürüldüyünü deyib.

"Ən yaxşı olanı irəlidədir"

ABŞ prezidenti bununla yanaşı qeyd edib ki, o Amerika hərbçilərinin öz evlərinə və ailələrinə qayıtmasının tərəfdarıdır.

O deyib ki, Amerika qəhrəmanlar ölkəsidir:

“Bura böyüklüyün doğulduğu, talelərin yazıldığı və əfsanələrin gerçəyə çevrildiyi torpaqdır. Thomas Edison və Teddy Rooseveltin, Pershing, Patton və McArthur-un vətənidir. Bura Wright qardaşlarının, Harriet Tubman, Neil Armstrong və bir çox başqalarının evidir”.

“Amerika əsri, Amerika hekayəti, Amerika macərası indi-indi başlanır. Bizim ruhumuz hələ gəncdir. Bu günəş qalxmaqdadır. Allahın lütfü parlayır. Mənim amerikalı həmvətənlərim, ən yaxşı olanı hələ irəlidədir”.

XS
SM
MD
LG