Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:48

Zümrüd Yağmur: '...qadınlar kişilərin çızdığı dairədən o tərəfə keçən kimi, linç olunur'


Zümrüd Yağmur
Zümrüd Yağmur

Bu gün 8 mart Beynəlxalq Qadın Hüquqlarının müdafiəsi günüdür. Azərbaycan qadınının durumu, qarşılaşdığı çətinliklər və digər məsələlərlə bağlı yazıçı-publisist Zümrüd Yağmur AzadliqRadiosunun suallarını cavablandırır.

- Zümrüd xanım, kağız üstündə qadınların çox hüququ var. Bəs reallıqda necə, haqları qorunurmu qadınların?

- Azərbaycanda qadınların kağız üzərində hüquqları tanınır və hər hansı məhdudiyyət yoxdur. İlk baxışdan düşünmək olar ki, əgər Milli Məclis bu qanunları qəbul edibsə, deməli, hökumət bu haqları qadınlara verməyə və islahatlara can atır. Ancaq yaxın vaxtlarda ölkə başçısı böyük-kiçik məsələsinə toxunanda, “biz ənənələrə dayanan dövlət qururuq” deyəndə həm də qadınlara o mesajı verdi ki, qadın olduğunuzu unutmayın, yerinizi bilin. Bir ölkədə ki prezident “bəziləri istəyir Azərbaycanda qadınla kişi bərabər olsun, amma belə şey olmayacaq, gənclər məni eşitsin” deyir, özlüyündə hər şey bəllidir. Əgər dövlət başçısı belə düşünürsə, biz onda polisi nəyə görə qınamalıyıq? Bir qadının haqqı pozulanda polisə müraciət edəndə ona cavab verilir: “Get işinlə məşğul ol, ailənin söhbətini üzə çıxartma”, hətta ona əxlaq dərsi də verilir, “normal qadının polisdə nə işi var, normal qadın ərindən niyə şikayət etməlidir?” deyib qadına qarşı psixoloji şiddətə başlayır. Azərbaycanda qadınlara “haqqınız təmin olunur, sizə bu hüquqları vermişik” deyənlərin zehniyyəti, qadına münasibəti XIX və XX əsrin əvvəllərində ədəbiyyatda qadın düşməni olan bir obrazın təfəkküründən fərqli deyil. Cəmiyyət də bu məsələdə heç bir inkişaf yolu keçməyib və bu gün qadın cadrada deyilsə də, eyni şəkildə azadlığından məhrum edilmiş halda yaşamağa məhkumdur.

- Bəzən haqq, hüquq uğrunda mübarizə apardıqlarını bəyan edən bəzi siyasətçi kişilərin özləri belə qadın haqlarına mühafizəkar yanaşırlar.

- Az əvvəl ölkə başçısının yanaşmasından danışdıq, onun dedikləri də sırf kişi yanaşması idi. Avtoritar rejimlərdə hakimiyyətin insana, cinslərə ayırsaq, qadına münasibəti bundan o yana keçə bilməz. Çünki qadının azadlığı, həm də cəmiyyətin azadlığı deməkdir. “Azadlıq” kəlməsi isə belə rejimlərin kabusudur.

O ki qaldı haqq, hüquq uğrunda mübarizə apardığını iddia edən siyasətçi kişilər məsələsinə, burda iqtidar, müxalifət fərqi ortadan qalxır. Özünü demokrat, hətta liberal sayan kişilər belə qadına münasibətdə ölkədə avtoritar rejim yaradanlardan fərqli düşünmür.


Diqqət etsək, müxalifət düşərgəsində də qadınların təmsilçiliyi azdır. Gələnlər də bir müddət sonra onlara olan münasibətə görə ictimai-siyasi proseslərdən uzaqlaşır. Üzdə “eşq olsunlar” ola bilər, amma gəlin soruşaq, neçə nəfər kişi siyasətçi evindəki qadınlardan birinin o “eşq olsun” dediyi qadınlar kimi, mitinqlərdə iştirak etməsini, jurnalist kimi fəaliyyət göstərib mübarizə aparmasını istəyir? Neçə nəfər siyasətçinin həyat yoldaşı, qızı mitinqlərə gəlir? Belə nümunələr varsa da, o qadınlar əvvəldən, o adamla evlənmədən öncə fəal olan qadınlardı.

Deyə bilərsiz axı, mübarizə aparıb öz sözünü deyən qadınlar da var. Sayları çox azdı. Çünki hamının səbri və iradəsi, olanlara dözümü eyni deyil. Üzdə olan qadınlara da münasibət birmənalı deyil. Etiraf etməliyik ki, qadınlar kişilərin çızdığı dairədən o tərəfə keçən kimi, linç olunur, hətta geyindiyi paltardan tutmuş, dediyi sözə qədər müzakirəyə səbəb olur. “Qadın azadlıq istəyib nə edəcək, ona azadlıq lazım deyil, əxlaqsız olmaq istəyir” kimi bayağı ifadələr göz deşir. Əgər azad olmağa belə yanaşsaq, onda düşünək ki, Azərbaycanda bütün kişilər əxlaqsızdır? Axı onlara hələ uşaqlıqdan bütün azadlıqlar verilir.

Bir ölkədəki qadının hansı peşəylə məşğul olmasının yaxşılığını və vacibliyini də əks cins seçirsə, “sən müəllim, həkim, tibb bacısı ola bilərsən, bağçada işləyə bilərsən” deyilirsə, hansı azadlıqdan danışıla bilər? Çərçivələrdən, dairədən kənara çıxan qadın istər-istəməz lənətlənir və hər zaman əxlaqı dartışılır.

- Sizcə, səbəblər nədir?

- Bütövlükdə qadına münasibəti bizim min illik zehniyyətimiz tənzimləyir. Cəmiyyət qadına azadlıq vermək istəmir. Azad, özünü realizə edə bilən, “mən də sənin kimi eyni haqlara, qürura, duyğulara sahibəm” deyə bilən qadını kişilər avtoritetinə təhlükə kimi görürlər. Kişilər öz evlərində rahatdırlar, orda özlərini padşah sayırlar. Düşünürlər ki, azad qadın onların krallığına ziyan gətirə bilər, ona görə də avtoritarından tutmuş ən demokratına, liberalına qədər, “mən başa düşürəm, qadın azad ola bilər” deyir, arxasınca isə “amma” gəlir. Qadına vermək istədikləri azadlıq bu “əmmalardan” o tərəfə keçmir. Azad qadını kişinin avtoritarlığına təhlükə görürlərsə, hansı “diktator” öz sınırsız hakimiyyətindən əl çəkər ki? Madam ki, “kişiyə hər şey olar, o kişidir” yanaşması qarşı cinsə bütün haqq, azadlığı verib və bütün bunlar qadınların susması, tabe olması nəticəsində əldə edilmiş “uğurdur”, niyə bundan vaz keçsinlər ki?

- Məişət, ailə qayğıları qadına özünü realizə etməyə imkan yaradırmı?

- Azərbaycanda təkcə kişilərin deyil, hətta bir çox hallarda, xüsusən də, yaşlı nəsil xanımların da görmək istədiyi qadın evinin həm xanımı, həm qulluqcusu olmalıdır. “Övladının anası, ağıllı, başı aşağı, dinməz, tabe olan, başına min oyun açılanda dözən, ailəsini qoruyan qadındır”, bu qadın gerçək “Azərbaycan qadını”dır. Bundan kənarda olan qadın yaddır, bizdən deyil.

Məsələn, oğlunun evlənmək istədiyi qız jurnalist, aktvistdirsə, ana etiraz edəcək. “Nə işi var qadının o işlərdə?” soruşacaq. O qayınana da azadlıq görməyib. Onun da zehniyyətini min illərin kişi hegemoniyası formatlaşdırıb.

Bütün kişilər də bunu arzulayır. “Problemsiz qadın” tipi...

Amma iş ondadır ki, bu “problemsiz qadın” tipi tez gözdən düşür, tükədilir. Adiləşir və evdə uşaqların anasına çevrilən qadın ilk anda keçici həyəcanlara xərclənir.

Yəni sizcə, Azərbaycanda qadın ancaq ona biçilən obrazda yaşayır? Başqa nümunə mümkün deyil?

Bu günlərdə bir nəfər, təəssüf ki, adını unutmuşam, sosial şəbəkədə “Azərbaycan qadını” necə olmalıdırın “tərifini” yazmışdı: uşaq dünyaya gətirməlidir, onu yeditməlidir, ərinin qayğısına qalmalıdır, sözə baxan olmalıdır və s. Mən demirəm ki, qadın övlad dünyaya gətirməsin, demirəm ki, yemək bişirməsin, mehriban olmasın. Kim necə istəyirsə, elə də olsun. Amma axı “qadın necə olmalıdır?” deyə niyə bir model müzakirə obyekti olmalıdır? Məgər “əsl kişi necə olmalıdır” modelini müzakirə edirik? “Hansı peşə kişi peşəsidir, kişi necə geyinməli, necə gülməlidir” deyib müzakirələr açırıq? Qadını niyə əks çins şəkilləndirməlidir? Şərqdə, Azərbaycanda insan faktorundan çox, qadın cins olaraq müzakirəyə çevrilib. İnsanın şəxsiyyəti bir yana qalıb, ona qiymət hansı çinsə mənsub olması ilə verilir.

Fikir vermişəm, təlimlərdə, gənclərin yığışdığı və ciddi məsələlərin müzakirə olunduğu toplantılarda gənc qadınların sayı çox olur. Amma o qadınlar bir müddət sonra sanki yox olurlar. Çünki ailə quran kimi ailə, məişət qayğıları, “qadınsan yerini bil” yanaşması onları ağırlığı altında əzir. Karyera düşünmək ona görə deyil.

Bir dəfə Əkrəm Əylisli ilə elə AzadlıqRadiosunda bu mövzuda debatımız olmuşdu. Əylisli demişdi ki, niyə qadınların arasında Motsart, Tolstoy yoxdu? Çünki onların buna istedadı, gücü yetmir. O zaman demişdim ki, bəlkə o Motsart, Tolstoy ola biləcək qadınlar yanlışa yol verir, sizlər Motsart, Tolstoy ola biləsiniz deyə özlərini kürsü edir?! Siz də onları mətbəxə salıb bundan həvəslə istifadə etmisiniz?! Doğrudan da məişət, mətbəx qayğıları qadınların özünü realizənin qarşısında ən böyük əngəldir.

Burda iqtisadi amillər də böyük rol oynayır. Qadın maddi çəhətdən asılıdırsa, heç bir haqqdan söhbət gedə bilməz. Əslində, maddi asılılıq insanı əzən, yaralayan, incidən amildir, amma qadınların bu anda aldığı zədə fərqli və daha şiddətli olur. Çünki o kişi kimi rahat və istədiyi kimi, necə deyələr “bir tikə çörəyini” qazana bilmir. Qadın, məsələn, kafedə işləyən kimi, psixoloji şiddətin ən şiddətlisinə məruz qalır. Süpürgəçi işləyəcək, yenə aşağılanacaq, qabyuyan işləyəcək, ətrafında fürsətçilər min hoqqadan çıxacaq. Bütün bunlar qadını çəkindirir və o, nəticədə evdəki şiddəti seçir. Çünki bayırda onu daha artığının gözlədiyini bilir.

- Azərbaycanda feminizm hərəkatına, feministlərə münasibət birmənalı qarşılanmır, doğrudur, qıcıq doğuran məqamlar da olur. Bəs bu barədə nə deyə bilərsiniz?

- Əslində, bizdə feminizm hərəkatı müəyyən mənada gec qalmış hərəkatdır. Amma mən o qızlara təşəkkür edirəm, ən azından bu boşluğu nəhayət ki, doldururlar. Feminizm hərakatı, əslində, kişilərə qarşı savaş deyil, ümumən, hər kəsin bərabər olduğunu savunan hərakatdır. Amma Azərbaycanda dediyiniz kimi, feminizm hərakatına qarşı bir qıcıq var, çünki kişilər birmənalı şəkildə hesab edirlər ki, feministlər onlara qarşıdır. Halbuki feminizm kişilərə qarşı deyil, kişi-qadın bərabərliyini əsas götürür. Bizdəsə bu kişilərə, mentalitetə, dəyərlərə qarşı savaş kimi tirajlanır. Təbii ki, bu hərakatı kişilər özlərinə qarşı açılmış savaş kimi dəyərləndirir. Azərbaycan kimi ölkələrdə feminizm hərakatı zahirən çinslərarası savaş təssüratı bağışlayır.

İkinci tərəfdən feminstlərin üzərinə isə çox ağır iş düşüb. Çünki onları cəmiyyət də, müxalifət də, iqtidar da qəbul etmir, hətta fürsət düşən kimi linç edirlər. Müxalifət ancaq iqtidara qarşı mübarizə aparırsa, feministlər bütövlükdə cəmiyyətin zehniyyətinə qarşı savaş açıb. Bu dolayı olaraq hər kəsə, elə iqtidara da, müxalifətə də qarşı dirənməkdir. Qadına münasibətdə iqtidarla müxalifətin yanaşması heç nəylə fərqlənmir.

Üçüncü, cəmiyyətin münasibətidi. Mirzə Cəlilin Novruzəli obrazı ən mağmın insanın prototipidir. Amma sizi inandırıram, Vəli xanın qarısında əyilən Novruzəli evindəki qadının yanında özünü kral zənn edir və çöldə aşağılanmasının hıncını da evdə qadından çıxarır. Üstünlüyünü belə təmin edir. Müasir dövrdə Vəli xanı müdirlər, rəislər əvəzləyib və indi zəmanəmizin Novruzəlisi də, feminizm hərəkatını özünə təhlükə sayır. Çünki min illərdir yumruq altında Fatmanisə yetişdirib, özünə uyğun formalaşdırıb. Bir neçə qadın çıxıb və deyir ki, yox, sən qadını döyə, öldürə, onun haqqına girə bilməzsən. Bu durumda onun krallığı zədələnəcək. O razı olarmı ki, krallığı zədələnsin?!

Bu baxımdan Azərbaycanda feminizm hərəkatının qarşılaşdığı çətinliklər hər hansı Avropa ölkəsindəki feministlərin işindən daha çətindir. Onlara qarşı qıcıq məsələsi də bütövlükdə bununla bağlıdır.

Təəssüf ki, ölkədə feministlər haqqında davamlı xoş olmayan şeylər danışırlar, çünki qadın azaddırsa, “namus” meyarlarına sığmır.


Feministlər kişilərin illərdir şəkilləndirdiyi “dəyərlər”ə qarşı çıxdıqları üçün təbii ki, qıcıq doğuracaq, ona görə onları damğalamağa da çalışacaqlar. Hətta bəzən buna nail də olurlar. Bizim kimi cəmiyyətlərdə mütərrəqi ideyalar gec oturur, bəzən buna illər deyil, əsrlər bəs etmir.

XS
SM
MD
LG