Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:29

Prezident: 'Karantin rejiminin uzadılması yeganə düzgün qərardır'


“... Bildiyiniz kimi, karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə, karantin rejimi uzadılmalıdır. Mən hesab edirəm ki, bu, düzgün addım olacaqdır. Çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir”.

AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, aprelin 17-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda deyib.

O qeyd edib ki, Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək:

“Hesab edirəm ki, karantin rejiminin uzadılması yeganə düzgün qərardır”.

Dövlət başçısı vurğulayıb ki, “bunu nəzərə alaraq, biz insanların sosial müdafiəsini daha da gücləndirməliyik”. Prezident daha sonra da deyib:

“Ancaq nəzərə alsaq ki, karantin rejimi uzadılacaq və karantin rejimindən çıxış da gərək bəri-başdan planlaşdırılsın. Sizə də bu məsələ ilə bağlı müvafiq göstərişlər verirəm ki, biz karantin rejimini mərhələli yollarla sərtləşdirmişdik və bu rejimi eyni qaydada - mərhələli yollarla yumşaltmalıyıq. Bu, hansı formada olacaq? Gərək bu məsələ üzərində hökumət və o cümlədən nazirliklər işləsin, təkliflər versin. Yumşalma hansı sahələrdən başlamalıdır, biz indidən bunu planlaşdırmalıyıq. Çünki ümid edirəm, hətta uzadılmış karantin rejimi dövründə müəyyən yumşalma istisna deyil. Amma yenə də biz addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq”.

“200 min əvəzinə, 600 min insana...”

Prezident vurğulayıb ki, bununla əlaqədar aztəminatlı ailələrin problemləri daha geniş şəkildə həll edilməlidir:

“Yardım üçün müraciət edənlərin sayı kifayət qədər artmışdır. İndi bu təkliflər, bu sifarişlər geniş təhlil olunur və maksimum şəffaflıq təmin edilməlidir. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir”.

Prezident vurğulayıb ki, bu kateqoriyaya aid olanlar aztəminatlı təbəqənin nümayəndələri, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır:

“Onların da problemlərini dövlət öz üzərinə götürür. Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı...”

Bazar ölüb... Koronavirusun zərbə vurduğu bizneslər
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Prezident daha sonra deyib:

"... Tapşırıq verirəm ki, aprel-may aylarında – iki ay ərzində 600 min insan dövlətdən ayda 190 manat alsın. Bu vəsaiti alacaq vətəndaşlardan xahiş edirəm ki, onlar ikinci ödənişi almaq üçün bank hesabları açsınlar...”

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə deyib ki, aprelin 16-ı axşamadək artıq 140 min insana ödəniş edilibdir.

Prezident İlham Əliyev bu il martın 19-da koronavirusun ölkə iqtisadiyyatına, biznes və məşğulluğa mənfi təsirlərini azaltmaq məqsədi ilə sərəncam verib. Həmin sərəncamın icrası ilə bağlı 1 milyard manat ayırılıb.

Sənədə əsasən ilkin mərhələdə işsiz kimi qeydiyatda olan 200 min insana da 190 manatlıq yardım verilməsi nəzərdə tutulurdu.

Amma Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə görə, bir ailədə ər və arvad da işləmirsə, onlardan yalnız biri bu yardımı ala bilər.

Habelə, pay torpaqlarına görə, subsidiya almış şəxslərə də bu yardımın edilməyəcəyi qeyd edilirdi.

Üstəlik, işsiz kimi qeydiyyata alınan şəxslərdən hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara da birdəfəlik ödəmənin verilməyəcəyi bildirilmişdi.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 145 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da kütləvi tədbirlər ləğv edilib (Azərbaycanda bir ay ərzində ). Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb.

Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

XS
SM
MD
LG