Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:31

Simptomsuz yoluxanlar... Ölü basdırmağa yer yoxdur – Qərb mediası


İspaniyada koronavirus qurbanları dəfn olunur
İspaniyada koronavirus qurbanları dəfn olunur

Yeni araşdırmalar xeyli insanın heç bir simptom göstərmədən koronavirusa yoluxduğunu üzə çıxarıb. “The Associated Press” yazır ki, bu, bir tərəfdən virusun elə də ölümcül olmadığına ümidləri artırır. Digər tərəfdən, ətrafında kimin yoluxduğunu bilmək çətinləşir deyə, işə, məktəbə, normal həyata qayıtmaqla bağlı suallar qəlizləşir.

Son həftələr Bostonda bir evsizin, Nyu York xəstəxanasında hamilə qadının səssizcə yoluxmalara səbəb olduqları haqda informasiyalar gəlir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Önlənməsi Mərkəzlərinin rəhbəri deyir ki, yoluxanların 25 faizində heç bir simptom üzə çıxmaya bilər. Ölkənin Baş Qərargah rəisi, General John Hyten-in fikrincə, hərbçilərin 60-70 faizi koronavirusa yoluxa bilər.

Bu rəqəmlər qüsurlu və qeyri-adekvat testlərə əsaslandığından onların heç birinə etibar eləmək olmaz, Harvard İctimai Səhiyyə Məktəbindən Dr. Michael Mina deyir.

Anticisim testləri daha etibarlıdır?

Ümumilikdə dünyada 2 milyon 500 minə yaxın insan koronavirusa yoluxub, 170 mindən çoxu dünyasını dəyişib. Virus dünyanın bir sıra ölkələrinə görünməmiş iqtisadi və sosial ziyan vurub.

İslandiyada alimlər əhalinin 6 faizini yoxlayıblar, onlardan 0,7 faizində testlər pozitiv çıxıb. Səyahət etmiş, yaxud xəstəylə təmasda olmuş daha yüksək risk qrupunun isə 13 faizində virus aşkarlanıb.

Nyu Yorkun bir xəstəxanasında iki həftə ərzində doğmağa gələn hamilə qadınların hamısını test ediblər. Xəstəxanaya simptomsuz daxil olanların 14 faizə yaxınında koronavirus aşkarlanıb. Pozitiv halların 33-dən 29-da hətta test aparılanda belə simptom aşkarlanmayıb, sonradan yaranıb.

Yaponiyada bir araşdırma zamanı test olunanların yarıdan çoxunun nəticələri pozitiv çıxsa belə, simptomları olmayıb, sonradan xəstələniblər.

Agentlik yazır ki, bədəndə anticisimləri aşkarlayan yeni testlər daha yaxşı nəticələr ortaya qoya bilər. Anticisimlər immun sisteminin virusla mübarizədə yaratdığı cisimlərdir. Amma agentlik bu testlərin dəqiqliyinin də hələ müəyyənləşməli olduğunu vurğulayır.

Cümə günü tədqiqatçılar Kaliforniyanın Santa Klara dairəsində 3 min 300 nəfər üzərində anticisim testlərinin nəticələrini açıqlayıb. Onlardan 1,5 -2,8 faizinin yoluxduğu iddia olunur. Bu isə həmin dairədə 48 min – 81 min nəfərin virusa yoluxması deməkdir, yəni rəsmi təsdiqlənəndən 50 dəfə daha artıq.

Şəhərlərdə ölü basdırmağa yer tapılmır

“Reuters” agentliyi isə koronavirus pandemiyasının daha bir problemi üzə çıxartdığını yazır: şəhərlərdə qəbir yerləri çatışmır.

Son dekadalar ərzində dünyada şəhərlərin miqyası böyüdükcə, şəhər qəbiristanlıqları da olub. Ya da yollar, evlərin tikintisi üçün əraziləri kiçilib. Agentlik bunun kremasiyaların artmasıyla sonuclandığını qeyd edir.

“Bu tendensiya urbanizasiya ilə yanaşı davam edəcək. COVID-19 sadəcə bizi bu haqda daha tez düşünməyə vadar edə bilər”, – Avstraliyanın Macquarie Universitetindən Peter Davies deyir.

Sinqapur və Honq Konq kimi yerlərdə hələ pandemiyadan qabaq ölülərin külü saxlanan kolumbarilər belə ağzınacan dolmuşdu. Tarixçilər son məzarlıqları, onların irs və ənənələrini qorumaqdan ötrü hərəkətə keçmişdilər.

Dünyasını dəyişənlərin bir qayda olaraq dəfn olunduğu Britaniyada isə məzar yerləri tükəndiyindən birgə qəbirlərin qazılması təklif olunub.

Nyu York şəhərində şura üzvü bu ayın əvvəlində deyirdi ki, ictimai parklardan müvəqqəti məzarlıqlar kimi istifadə oluna bilər. Sonradan şəhər rəsmiləri bu iddianı təkzib elədi.

Cənubi Afrikada qəbiristanlıqlara tapşırılıb ki, fövqəladə dəfnlər üçün yer ayırsınlar. Koronavirusdan çox adam vəfat edəcəyi halda 20 nəfərlik kommunal məzarların nəzərdən keçirilməsi istənilib. Bunu agentliyə Cənubi Afrika Məzarlıqlar Assosiasiyasının sədri Pepe Dass deyib.

XS
SM
MD
LG