Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:23

Könüllülərə ilk dəfə olaraq koronavirus vaksini vuruldu


Simeon Courtie
Simeon Courtie

İngiltərənin Oksford Universitetində Avropada ilk dəfə olaraq könüllü pasientlərə koronavirus vaksini yeridilib.

BBC yazır ki, vaksin əvvəlcə sınaq üçün seçilmiş 800 nəfərdən ikisinə vurulub.

Sınaq planına görə könüllülərin bir yarısına COVID-19 vaksini, digər yarısına isə meningit vaksini vururlmalıdır.

Amma pasientlər onlara hansı preparatın vurulmasından xəbərsizdirlər. Bu, onların sonradan vaksinin təsiri barədə obyektiv danışa bilmələri üçün edilir.

İlk iki könüllüdən biri - tələbə Elisa Granato BBC-yə deyib ki, məqsədi elmi prosesi dəstəkləməkdir.

Bu vaksin üzərində Oksford Universitetinin alimlər qrupu üç ay işləyib. Qrupa Jenner İnstitutunun vaksinologiya professoru Sarah Gilbert başçılıq edir:

"Şəxsən mən bu vaksindən yüksək dərəcədə əminəm. Əlbəttə, biz hələ onu insan üzərində sınaqdan keçirməli, məlumatları toplamalıyıq. Biz vaksini geniş əhaliyə vurmazdan əvvəl preparatın işlədiyini və adamları koronavirusdan qoruduğunu yoxlamalıyıq”.

BBC bildirir ki, professor Gilbert bundan əvvəl vaksinin effektliyinə 80 faiz inandığını demişdi, lakin bu dəfə faiz bildirməyib. O sadəcə “çox nikbin” olduğunu söyləyib.

Vaksin necə işləyir?

Vaksin elmdə adenovirus kimi tanınan zökəm və ya adi soyuqdəymə virusunun zəiflədilmiş formasından hazırlanıb. Virus insanları risk qarşısında qoymamaq üçün şimpanzelərdə modifikasiya edilib.

Sözü gedən Oksford alim komandası bundan əvvəl, başqa bir koronavirus olan MERS-ə qarşı vaksin hazırlayıb.

İndiki vaksinin hazırlanmasında eyni texnikadan istifadə edilib.

Vaksinin işlədiyi necə bilinəcək?

Alimlərin COVID-19 vaksininin işləməsini bilməsi üçün qarşıdan gələn aylarda koronavirusa yoluxacaq adamların sayını müəyyənləşdirmək lazım gələcək.

Əgər indiki epidemiya çox tezliklə sönməyə başlasa, bu iş üçün problem yaranacaq, çünki kifayət qədər məlumat toplamaq mümkün olmayacaq.

Sınaqlara rəhbərlik edən professor Andrew Pollard deyib ki, alimlər işi hazırkı epidemiyanın sonunadək görməyə çalışırlar. Əks halda vaksinin işə yarayıb-yaramaması bilinməyə bilər.

Amma o əlavə edib ki, gələcəkdə bu virusla yeni üzləşmə olacaq, çünki o heç yerə çıxıb getmir.

Vaksin tədqiqatçıları könüllüləri əsasən yerli tibb işçilərindən seçiblər, çünki onların virusa yoluxma riski daha yüksəkdir.

Etika məsələsi

Xəbər verilir ki, 5 min könüllünün iştirak edəcəyi daha geniş sınaq qarşıdan gələn aylarda keçiriləcək. Bu qrupda yaş limiti olmayacaq.

Yaşlı adamların viruslara immun reaksiyası zəif olur. Alimlər deyirlər ki, ola bilsin yaşı çox olanlara iki doza vurmaq lazım gəlsin.

Oksford alimlər qrupu habelə sınaqların Afrika qitəsində, yəqin ki, Keniyada keçirilməsi məsələsinə baxırlar. Orada yoluxanların sayı sürətlə artır.

Professor Pollard “olmazmı ki, könüllülər vaksindən sonra virusa bilərəkdən yoluxdurulsunlar” sualına cavab olaraq deyib ki, “bu, ən qısa yol olardı”, amma onun tətbiqi etik baxımdan düzgün olmazdı. Beləki hazırda COVID-19-un isbat olunmuş müalicəsi yoxdur.

Professor Pollard gələcəkdə, koronavirusun dərmanları tapılanda, həmin “qısa yoldan” da istifadə edilə biləcəyini deyib.

Vaksin təhlükəsizdirmi?

Vaksin vurulmuş könüllülər daimi müşahidə altında olacaqlar. Onlara xəbərdarlıq edilib ki, ilk günlərdə qolların keyləşməsi, başağrıları və qızdırmaları ola bilər.

Könüllülərə bu da bildirilib ki, vaksin nəzəri baxımdan orqanizmin ciddi reaksiyasına səbəb ola bilər. Belə bir hal SARS virusu vaksininin sınaqları zamanı baş vermişdi.

Vaksin sınaqları habelə London İmperiya Kollecində aparılır. Orada insanlar üzərində təcrübə iyun ayında başlanacaq.

Hökumət Oksford və İmperiya Kolleci alimlərinin layihələrinə toplam 40 milyon funt sterlinq ödəyib.

Könüllülərdən biri də jurnalistdir

Mirror qəzeti yazır ki, ilk günün könüllülərindən ikincisi Britaniyanın ITV telekanalına müsahibə verib.

Yazıçı və uşaq televiziya proqramlarının keçmiş aparıcısı Simeon Courtie vaksinin törətdiyi yan fəsadlardan söz açıb.

Yazıçı deyib ki, alimlər ona vaksinin vurulmasından sonra qripəbənzər simptomları, başağrısı və qızdırması, habelə ağrı və sancıları ola biləcəyi barədə xəbərdarlıq ediblər.

O “düşümürəm ki, ağır olacaq” deyib. Simeon Courtieözünü “böyük tədqiqatın kiçik elementi” adlandırıb:

"Biz vaksinin təhlükəsizliyini yoxlayırıq, məndən sonra bu vaksin minlərlə insana vurulacaq”.

Simeon maraqlananların suallarını habelə özünün Twitter hesabından cavablandırıb.

Ona verilən suallardan biri belə idi: “Mən düşünürdüm ki, siz yəqin bundan əvvəl COVID-19 xəstəliyini keçirmisiniz. Amma heç xəstə kimi görümürdünüz”.

Simon izah edib: “Yox, əksinə, koronavirusu keçirmiş adamları bu sınaqlara buraxımırlar. Üstəlik könüllülər sınaqdan əvvəl ciddi müayinədən keçiblər”.

Bu arada Britaniya rəsmiləri bildiriblər ki, yeni vaksindən kütləvi istifadə yalnız gələn ildən mümkün olacaq.

XS
SM
MD
LG