Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:31

30 milyon işçi maaşını dövlətdən istəyir


İtaliyada FCA Mirafiori zavodu işə başlayır, 27 aprel, 2020-ci il
İtaliyada FCA Mirafiori zavodu işə başlayır, 27 aprel, 2020-ci il

Avropanın ən böyük beş iqtisadiyyatında 30 milyondan çox işçi maaşının ödənməsi üçün dövlətə müraciət edib. Bu haqda “The Financial Times” qəzeti yazır.

Maaşların koronovirus böhranı dövründə işsizliyin sürətlə artmasını dayandırmağı hədəfləyən qısamüddətli məzuniyyət sxemlərinə əsasən ödənməsi xahiş olunur.

Qəzet yazır ki, Almaniya, Fransa, Britaniya, İtaliya və İspaniyada məzuniyyətə buraxılmış işçilərin sürətlə artması pandemiyanın Avropanın əmək bazarlarına vurduğu ziyanın miqyasını göstərir. “FT”nin topladığı məlumatlar 30 milyonun həmin ölkələrin ümumi işçi qüvvəsinin 20 faizinə yaxınına bərabər olduğunu üzə çıxarıb.

Hökumətlər işəgötürənləri dilə tuturlar ki, böhran bitənədək işçilərinə maaşlarını ödəsinlər. Şirkətlərə icazə verilir ki, ya işçiləri evə göndərsinlər, ya da onların iş saatlarını müvəqqəti azaltsınlar, maaşlarının bir hissəsini isə dövlət ödəsin.

100 milyard dollardan baha

Qeyd edək ki, hazırda dünyada yeni koronavirusa 3 milyondan çox insan yoluxub, 211 mindən çox xəstə vəfat edib.

Son beş həftə ərzində Birləşmiş Ştatlarda işsizlik müavinəti üçün 26 milyon nəfər müraciət edib.

Qəzet yazır ki, sözügedən siyasət Avropa hökumətlərinin pandemiya dövründə tətbiq etdiyi ən bahalı tədbirlərdən biridir və regionun beş ən böyük iqtisadiyyatına üst-üstə 100 milyard dollardan baha başa gələcəyi gözlənir.

İspaniya və Britaniya kimi bəzi ölkələrdə belə bir narahatlıq da var ki, bu sxem işsizliyin qarşısını almaqdan ötrü uzun müddət davam edə bilməz.

Avropada sözügedən sxemlər Almaniyanın Kurzarbeit proqramının modeli üzərində qurulub. 2008-ci il maliyyə böhranından sonra bu ölkədə işsizliyin kəskin artmaması məhz həmin proqramla izah olunur. Onda ölkə 1,5 milyon işçinin maaşının ödənməsini dəstəkləmişdi.

Avropa ölkələrində koronovirusdan ölü sayı tədricən azaldığından hökumətlər qadağaları yüngülləşdirməyə başlayıblar. Amma virusun yenidən qayıda biləcəyi sarıdan əndişələr var. Məsələn, Almaniyada qadağaların yüngülləşdirilməsindən bir həftə keçir. Robert Koch İnstitutu aprelin 28-də bildirib ki, virusun yayılma səviyyəsi 0,9-dan son günlər 1.0-a yüksəlib. Göstəricinin 1-dən aşağı olması virusun yayılmasının azaldığını, bu səviyyədən qalxması isə onun yüksəldiyini göstərir.

XS
SM
MD
LG