Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:31

DTX Biləsuvarın icra başçısı barədə bunları bildirib


M.Quliyev
M.Quliyev

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bugün, mayın 1-də Biləsuvar İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevin həbsi ilə bağlı açıqlama yayıb.

Açıqlamaya görə, M.Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə karantin rejiminin (Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimidir) tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini mənimsəməsinə dair əsaslı şübhələr yaranıb: "Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə… dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib".

Açıqlamada, eyni zamanda, M.Quliyevlə bağlı təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə dair də şübhələr yer alır.

"Mahir Quliyevin xidməti otağında…"

Qurum qeyd edir ki, aprelin 29-da bununla bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirib: "Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə… Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib".

Bu açıqlamaya, hələlik, M.Quliyevdən, başqa sözügedən şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Biləsuvarın icra başçısı həbs edilib

Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu barədə Səbail Rayon Məhkəməsindən bildirilib.

Verilən məlumata görə, bugün, aprelin 30-da məhkəmə Dövlət Təhlükəsizlik Xidmətinin təqdimatına baxıb.

Məhkəmə prosesində təqdimatın təmin olunduğu və M.Quliyevin barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Amma onun konkret nədə ittiham edildiyini, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

Bu məlumata M.Quliyevin yaxınları və onun vəkilindən də münasibət almaq cəhdləri nəticə verməyib.

Biləsuvarın icra başçısı çıxarıldı

Mahir Hacı oğlu Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı bugün, aprelin 30-da Prezident İlham Əliyev sərəncam verib.

Dünən, aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirdiyi bildirilmişdi. Bəzi yerli saytların yazdığına görə, M.Quliyev və daha bir neçə vəzifəli şəxs saxlanıb. Amma DTX və başqa rəsmi qurumlar, hələlik, bu məlumatları təsdiqləməyiblər.

M.Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi. O, bundan əvvəl isə Astara Rayon İcra Hakimiyyəti başçısı olub.

Xatırlatma

DTX bundan əvvəl Azərbaycanın bir sıra rayonlarında əməliyyatlar keçirib. Bu ilin fevralında qurumun Neftçala rayonunda əməliyyatı olmuşdu. Həmin əməliyyat nəticəsində azı 6 nəfər, əsasən, rüşvətə görə şübhəli şəxs qismində saxlanıb, həbs edilmişdi.

Saxlanan şəxslər rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov və Təhsil şöbəsinin müdiri Əjdər Kərimov idi.

Ondan əvvəl, ötən ilin dekabrında isə DTX Ağstafa rayonunda əməliyyat keçirmişdi. Onda da icra hakimiyyəti başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov həbs edildilər. Onlar da rüşvət alma və başqa oxşar ittihamlarla üzləşiblər.

XS
SM
MD
LG