Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:54

Pompeo virusun Çin laboratoriyasında yaranmasından danışır


Arxiv fotosu
Arxiv fotosu

ABŞ Dövlət katibi Mike Pompeo deyir ki, yeni koronavirusun Çində laboratoriyada yarandığına “əhəmiyyətli miqdarda dəlil” var.

Amma Pompeo virusun insan tərəfindən hazırlanmadığına dair ABŞ kəşfiyyat agentliklərinin qənaətini də sual altına almayıb.

Həm Pompeo, həm də ABŞ Prezidenti Donald Trump Çini şəffaflığın olmamasına görə kəskin tənqid edirlər.

“Bunun Vuhandakı laboratoriyadan çıxmasına əhəmiyyətli miqdarda dəlil var”, – Pompeo mayın 3-də ABC televiziyasına deyib.

İndiyədək dünyada 247 mindən çox, Birləşmiş Ştatlarda isə 67 mindən çox insan virusdan vəfat edib.

Pompeo-dan ziddiyyətli fikirlər

ABŞ-ın baş kəşfiyyat agentliyi aprelin 30-da yaydığı bəyanatda deyirdi ki, virusun insan tərəfindən hazırlandığı, yaxud genetikasının dəyişdirildiyi görünmür.

“İndiyədək ən yaxşı ekspertlər onun insan tərəfindən yaradıldığını deyiblər. İndiki məqamda buna inanmamağa əsasım yoxdur”, – Pompeo vurğulayıb.

Bunun ABŞ kəşfiyyat agentliklərinin qənaəti olmadığını ona xatırladanda isə Pompeo fikrini dəyişib: “Kəşfiyyat icmasının dediyini görmüşəm. Onların yanlış dediyinə inanmağa əsasım yoxdur”.

Milli Kəşfiyyat Direktorunun İdarəsi aprelin 30-da hesabatında bildirirdi ki, xəstəliyin insan tərəfindən yaradılmamasıyla bağlı “geniş elmi konsensus”la razıdır.

Pompeo Çini beynəlxalq təhqiqatçıları ölkə laboratoriyalarına buraxmamaqda ittiham edib.

“Biz ora komanda göndərmək istəyirik, Dünya Səhiyyə Təşkilatı oraya komanda göndərməyə çalışır. Nə Vuhandakı, nə də başqa laboratoriyaya heç kəsi buraxmırlar, Çində xeyli sayda laboratoriya var”, – Pompeo deyib.

Hələlik, Dövlət Departamentindən Pompeo-nun dediklərinə aydınlıq gətirmək mümkün olmayıb.

Çinin cavabı

Çinin ingilis-dilli “Qlobal Times” qəzeti isə mayın 4-də Pompeo-nun müsahibəsinə münasibət bildirib.

Hakim Kommunist Partiyasının orqanı olan “People's Daily” qəzetinə məxsus nəşr redaksiya məqaləsində yazıb ki, virusun Vuhandakı laboratoriyadan gəlməsinə dair Pompeo-nun dəlili yoxdur, o, “boşuna danışır”. Qəzet Birləşmiş Ştatları ortaya dəlil qoymağa çağırıb.

“Trump administrasiyası görünməmiş təbliğat müharibəsi aparır, eyni zamanda COVID-19 pandemiyasına qarşı qlobal cəhdləri əngəlləməyə çalışır”, – məqalədə vurğulanır.

Trump da aprelin 30-da deyirdi ki, virusun Çinin virusologiya laboratoriyasından çıxdığına inanır, amma dəlil ortaya qoymaqdan imtina etmişdi.

Kəşfiyyat məlumatları ilə tanış ABŞ rəsmilərinin sözlərinə görə, onlar virusun Vuhanın mərkəzində ət bazarında satılan vəhşi heyvanlardan insana keçməsinə, yaxud da Vuhandakı iki laboratoriyadan birindən təsadüfən sızdığına inanırlar. Həmin laboratoriyalarda mümkün bioloji təhlükələrlə bağlı mülki tədqiqat aparıldığı güman edilir.

XS
SM
MD
LG