Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:28

Freedom House: 'Əliyev istefa verərsə...'


İlham Əliyev (solda) və Mehriban Əliyeva, 2017-ci il
İlham Əliyev (solda) və Mehriban Əliyeva, 2017-ci il

Azərbaycan ‘oturuşmuş avtoritar rejim’ hesab olundu

“Azərbaycan, Tacikistan və Türkmənistan prezidentləri öz qohumlarını məsul vəzifələrə çəkməklə sülalə keçidinə zəmin yaradırlar. Tək şəxsiyyətin üstünlük təşkil etdiyi sistemdə hakimiyyətin istənilən formada təhvil verilməsi müəyyən risk daşıyır. Regionda oturuşmuş diktaturalarda idarəçilikdə, fundamental azadlıqların qorunmasında köklü dəyişiklik şansı zəifdir”. ABŞ-ın “Freedom House” insan haqları təşkilatı mayın 6-da açıqladığı illik “Keçid Ölkələri” hesabatında belə yazır.

Hesabatın əhatələdiyi 29 ölkədən 10-u demokratiya, 10-i hibrid rejim, 9-u avtoritar rejim kateqoriyasına salınıb.

Azərbaycanın demokratiya balı 1,4-dür və oturuşmuş avtoritar rejimlər sırasında yer alıb.

Ermənistan 3, Gürcüstan isə 3,25 balla keçid, yaxud hibrid rejimlər sırasındadır.

Hakim ailə daxilində daha bir dəyişiklik gözlənir?

“Freedom House” qeyd edir ki, Azərbaycan prezidenti İlham Əliyev 2003-cü ildə sərt nəzarət altında keçirilən seçkilər vasitəsilə hakimiyyəti atasından miras aldı. Ata Əliyev bundan bir neçə ay qabaq televiziyada canlı yayımda yıxılmışdı. Oğlunun prezident seçilməsindən bir neçə həftə sonra isə onun ölüm xəbəri açıqlandı.

“İndi də rejimin hakim ailə daxilində başqa bir, daha çox gözlənən hakimiyyət dəyişikliyinə zəmin yaratmasının əlamətləri görünür. Son illər Əliyev hakimiyyətinin yüksək eşelonlarında əsasən həyat yoldaşının xeyrinə dəyişikliklər edir. 2016-cı ildə yaradılan “birinci vitse-prezident” postu onun və Paşayevlər klanı adlanan ailə şəbəkəsinin xeyrinədir. Yavaşıyan iqtisadiyyat və getdikcə güclənən bölücü klan siyasəti fonunda ictimai dəstəyi azalan Əliyev “köhnə qvardiya” məmurlarını vəzifədən uzaqlaşdırmaqla elitadaxili qiyam ehtimalını azaldıb, həmin şəxslər ya onun həyat yoldaşına qarşı çıxırdılar, ya da azından ona sadiq deyildilər. Gələcəkdə Əliyev istefa verərsə, Birinci ledi Mehriban Əliyeva öz tərəfdarlarından ibarət hakimiyyət strukturuna rəhbərlik edəcək”, – hesabatda vurğulanır.

Azərbaycan rəsmiləri hələlik, bu hesabata münasibət açıqlamayıblar. Ancaq hakimiyyət təmsilçiləri, adətən, oxşar beynəlxalq tənqidləri rədd edir, ölkədə təməl hüquq və azadlıqların qorunduğunu bildirir, hesabat müəlliflərini qərəzli olmaqda ittiham edirlər.

Ümumilikdə hesabatın əhatələdiyi 29 ölkədə demokratik göstəricilər ən aşağı həddə çatıb. Region üzrə ümumi demokratiya balı artıq 16-cı ildir azalır.

Demokratik göstəricilərin isə seçki sistemlərinin manipulyasiyası, müxalifətin boykot etdiyi parlamentlər, müstəqil media və vətəndaş cəmiyyətinə qarayaxma kampaniyaları vasitəsilə gerilədiyi vurğulanır.

Rusiya, Ermənistan, Gürcüstan

Hesabatda Rusiya da “avtoritar rejim” adlandırılır. Qeyd olunur ki, Prezident Vladimir Putinin konstitusiya islahatları həyata keçərsə, iki müddətdən sonra da hakimiyyətdə qala bilər, bu isə “hüququn aliliyi və konstitusion hökumətin təməl prinsiplərinə həqarəti göstərir”.

Ermənistanda seçkilər və korrupsiya ilə mübarizə yaxşılaşdığından balı yüksəlib. Amma məhkəmə sistemində baş verənlər narahatlıq yaradır.

Ukraynada demokratik idarəçilik sahəsində yaxşılaşma olduğu bildirilir.

Gürcüstan məhkəmənin müstəqilliyi üzrə geriləmənin qeydə alındığı ölkələr sırasına düşüb.

“Freedom House” Mərkəzi Avropa, Balkanlar və Avrasiyada “qeyri-adi demokratik pozuntu” baş verdiyini bildirir, bir çox liderlərin hakimiyyətlərinə olub-qalan nəzarətlə də üzülüşməyə çalışdıqlarını vurğulayır.

“Mərkəzi və Şərqi Avropada bir çox liderlər hətta özlərini demokratiya qaydaları ilə oynayan kimi göstərməkdən belə vaz keçiblər. Onlar demokratik qurumlara açıq hücum edir, fərdi azadlıqları məhdudlaşdırmağa çalışırlar”, – hesabatda deyilir.

Qurum koronavirus pandemiyası dövründə demokratik institutlara hücumların arta biləcəyini vurğulayır. Freedom House-un Prezidenti Michael Abramowitz deyib ki, səhiyyə böhranı həm də bir “dönüş nöqtəsi”dir, bundan sonra işlər daha da pisləşə bilər, yaxud demokratiya dirçələr.

XS
SM
MD
LG