Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:56

Virus tüğyan edir, ikinci dalğa ‘gəlir’


ABŞ, arxiv fotosu
ABŞ, arxiv fotosu

Dünya Səhiyyə Təşkilatı (DST) xəbərdarlıq edir ki, ölkələr koronavirus pandemiyasına qarşı tədbirləri sürətlə qaldırsalar, “ikinci pik” qaçılmaz ola bilər. Bu arada dünyanın bir çox yerlərində yoluxmalar azaldıqca hökumətlər karantin tədbirlərini yumşaldırlar.

İslandiya sakinləri yenidən klublara yığışır, İspaniyada bir çox çimərliklər, Almaniyada isə idman zalları və hovuzlar yenidən açılır.

Dünya üzrə koronavirusa 5,5 milyondan çox yoluxma qeydə alınıb, 346 min nəfər vəfat edib. Ancaq Şərqi Asiya və Avropanın əksər hissəsində virusun səngidiyi görünür.

Tədbirlər sürətlə yumşaldılarsa...

DST-nin fövqəladə hallar üzrə rəsmisi Mike Ryan mayın 25-də xəbərdarlıq edib ki, virus Latın Amerikası, Cənubi Asiya və Afrikada tüğyan etməkdədir.

Ryan pandemiyanın adətən dalğalarla gəldiyini deyib, yəni birinci dalğanın indi sabitləşdiyi ərazilərdə ilin sonunadək yeni dalğa yarana bilər. Ancaq birinci dalğaya qarşı tədbirlər sürətlə yumşaldılarsa yoluxma sayı arta bilər.

1,66 milyon nəfərin yoluxduğu, ölü sayının 100 minə yaxınlaşdığı Birləşmiş Ştatlarda 50 ştatın hamısı bizneslərə, müəyyən dərəcədə sosial fəaliyyətə qadağaları qaldırıb. Ölkədə işsizlik ikirəqəmli səviyyədədir.

Ancaq ştatların yarısında virus hələ də epidemiya səviyyəsində yayılmaqdadır, bunu London İmperial Kollecinin araşdırması üzə çıxarıb. Pandemiyaya federal, ştat, yerli və şəxsi səviyyədə qarışıq reaksiya isə virusa qarşı əldə olunmuş kövrək proqresə də zərbə vurmuş olur.

Trump və Bolsonaro nə deyir

Prezident Donald Trump Vaşinqtonda və Baltimor yaxınlığında Xatirə günü mərasimlərinə qatılaraq deyib ki, ölkə “virusa qalib gələcək və Amerika bu böhrandan yeni və hətta daha yüksək zirvələrə qalxacaq”.

Latın Amerikası ölkəsi olan Braziliya COVID-19 yoluxmalarına görə dünyada Birləşmiş Ştatlardan sonra ikinci yerdədir, ölü sayı 23 mindən çoxdur. Ekspertlər real rəqəmlərin daha yüksək ola biləcəyini deyirlər.

Prezident Jair Bolsonaro pandemiyanın ciddiliyini azaltmağa çalışır, deyir ki, karantin tədbirləri xəstəliyi öz axarına buraxmaqdan baha başa gəlir. O, yerli rəsmilərdən iqtisadiyyatı açmağı tələb edir.

DST isə mayın 25-də Braziliyaya xəbərdarlıq edib ki, “gərgin” yoluxma səviyyəsi, gündə yüzlərlə xəstənin vəfat etdiyi bir vaxtda ölkəni açmasın.

Hindistanda da yoluxmalar sürətlə artır, amma mayın 31-də karantin tədbirləri bitməlidir. Mayın 25-dən ölkəiçi uçuşlar bərpa olunub.

Dünəndən İranda şiələrin böyük ziyarət yerləri açılıb. Zəvvarlara sosial məsafə saxlamaq, maska taxmaq tövsiyə olunduğu deyilir.

Dünyada dini ibadətlərin bərpası xeyli mübahisəli siyasi və dini məsələyə çevrilib.

XS
SM
MD
LG