Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:28

Virtual reallıq karantində necə köməyə çatır


Virtual reallıq
Virtual reallıq

Virtual reallıqda dünya səyahətinə çıxmaq da olar, robot müharibəsinə qoşulmaq da.

Hazırkı təcrid şəraitində insanlar günün əksər hissəsini evdə qalır, evin ətrafındakı kiçik gəzintiləri qənimət bilirlər.

Ancaq "The Guardian" yazır ki, təcridə qədərki həyatınızda etməyi sevdiyiniz şeylərin siyahısını tutsanız, onların çoxunu virtual reallıqda (VR) tapa bilərsiniz. VR cihazınız varsa, xaricə virtual səyahət edə, dostlarınızı ziyarət edə bilərsiniz.

Oyunlar

Qəzet yazır ki, VR texnologiyası hələlik ideal səviyyəyə çatmasa da, son bir neçə ildə xeyli irəliləyib. Ən müasir cihazlar "HTC Vive" (yaxud onun otaq variant olan "Cosmos" (650 dollar)), "Valve Index" (1000 dollar) və "Oculus Rift S" (400 dollar) sayılır. Bunların hər biri yüksək çözümlülüyə (resolution) malik displeylərə, inanılmaz sürətə və çox dəqiq izləmə qabiliyyətinə malikdir. Ancaq təəssüf ki, qiymətləri çox bahadır. Üstəlik, onları quraşdırmaq xeyli çətindir. Bundan başqa, onları ən müasir kompüterə kabellə birləşdirmək tələb olunur.

Alternativlərdən isə "PlayStation VR"ın (280 dollar) adı çəkilir. Onu PS4 oyun konsoluna qoşmaq, çözümlülüyü (resolution) bir qədər aşağı olsa da, çox sayda oyun oynamaq olur. Bu oyunlar arasında "Astro Bot Rescue Mission" platformeri və "No Man’s Sky" kosmik səyahəti də var.

Qiyməti 400 dollardan başlayan "Oculus Quest" hedsetini isə PC-yə qoşmaq tələb olunmur. Bu hedset hazırda texnologiyanın verə biləcəyi ən rahat VR cihazıdır. Onun iki simsiz kontrolleri sizin qol hərəkətlərinizi dəqiqliklə izləyir. Cihazı işə salmaq da kifayət qədər rahat və intuitivdir. Sadəcə, kontrollerin köməyi ilə otağınızda oyun üçün istifadə edə biləcəyiniz məkanı çəkirsiniz. Xarici kamera isə sizin başınız oyuna qarışanda jurnal masasına ilişib yıxılmamağınıza nəzarət edir.

Divanda oturub kosmosa səyahət etmək

Ağır PC-dən azad olmaq VR-ı maraqlı ev əyləncəsinə çevirən daha bir xüsusiyyətdir. Partnyorunuz TV-yə baxarkən siz divanda oturub kosmosa səyahət edə, dağa çıxa bilərsiniz. YouTube, Amazon və Oculus-da 360 dərəcəli VR filmlərinə baxa, köpək balıqları ilə üzə və Los-Ancelesdə hovuz partilərinə gedə bilərsiniz. Quest-də həmçinin, "Beat Saber" və "SuperHot" kimi enerjili oyunlar var. İlişə biləcəyiniz kabel olmadığı üçün onları oynamaq təhlükəsizdir.

Britaniya texnologiya startapı "Roto VR" "Roto VR Chair" adlı maraqlı cihaz düzəldib. O, idman avtomobilinin dairəvi hərəkət edə bilən oturacağına bənzəyir. Üstündə VR hedsetinizə birləşdirə biləcəyiniz izləmə cihazı var. Bu, oturacağın sizə lazım olan istiqamətdə hərəkət etməsi üçündür.

Bu cihazı təcrübədən keçirən müəllif onun real dünyada olma hissi verdiyini yazır ki, bu da virtual turizm aplikasiyaları və "Robo Reacall" kimi çoxistiqamətli oyunlar üçün idealdır. Bu cihazın qiyməti çox bahadır – 999 dollar.

Müasir VR oyunlarının verdiyi hiss real təcrübənin verdiyi hissə o qədər yaxındır ki, insan əslində pijamada qonaq otağında dayanıb əl-qolunu yellədiyini belə unudur.

"The Guardian" təcrid günlərində işə yaraya biləcək ən yaxşı VR app-lərindən bəzilərinin siyahısını təqdim edib:

Everest VR: Journey to the Top of the World (Oculus TV; Oculus and Samsung Gear VR)

Bu, görüntüləri ilə sizi heyrətə gətirəcək VR sənədli filmidir. O sizi alpinistlərin izi ilə Alp dağlarından Himalayadək səyahətə aparacaq. "Əgər ömrünüzdə cəmi bir 360 dərəcəli video görəcəksinizsə, o, mütləq bu video olmalıdır", – deyə müəllif israr edir.

Supernatural (Within; Oculus Quest)

Əgər evdə idman etməkdən yorulmusunuzsa, bu kardio fitness əlavəsi sizi real mənzərəli məkanlara aparacaq. Mehi hiss etmək üçün ventilyator, əhvalınızı bir qədər də yüksəltmək üçün şən musiqi qoşa bilərsiniz. "Supernatural"ın mediatekasından istədiyiniz fitness proqramını seçə bilərsiniz. Hər gün yeni sessiyalar olur. Virtual məşqçi isə düz qarşınızdadır.

VTime XR (VTime Limited)

Bu app dostlarını və qohumlarını görmək istəyənlər üçündür. Qonaq otağınızın 360 dərəcəli şəkillərini yükləsəniz 4-nəfərlik nahar qonaqlığına başlaya bilərsiniz.

The Climb (Crytek; Oculus Quest and Rift)

Bu qayaya dırmaşma simulyatoru real təcrübəyə çox yaxındır. Oyunçular yolu seçməli, tez-tez əllərinə tabaşir sürtməlidirlər. Çox həyəcanlanmamaq üçün aşağı baxmayın.

Nature Treks VR (GreenerGames)

Bu app sizi təbiət qoynuna çıxaracaq. Yoqa tərzində nəfəs alsanız, yaxşı dincələ bilərsiniz.

XS
SM
MD
LG