Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:36

Deputat nazir övladları haqda: 'Yəqin, bu pullar dolayı yolla qazanılıb'


Elmar Məmmədyarovun oğlu 4,2 milyon dollara mənzilləri necə alıb?
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Elmar Məmmədyarovun oğlu 4,2 milyon dollara mənzilləri necə alıb?

Azərbaycanda müxtəlif vaxtlarda yüksəkvəzifəli məmurlara, onların ailəsinə, övladlarına məxsus, dəyəri milyonlarla ölçülən əmlakların siyahısı, bahalı əşyalarla bağlı məlumatlar üzə çıxır. Məsələn, bir neçə ay öncə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğluna aid milyon dollarlıq saatın oğurlanması haqda məlumatlar xarici və yerli mediada müzakirə olunmuşdu. Və ya ötən həftə xarici işlər naziri Elmar Məmmədyarovun oğlunun ABŞ-da 4.2 milyon dollara mənzil aldığı xəbəri yayıldı. Onun ardınca keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun uşaqlarının Londonda 21 milyon dollara alınmış ev də daxil olmaqla, Britaniyada dəbdəbəli daşınmaz əmlak əldə etdikləri haqda yazıldı. Amma Azərbaycan rəsmi qurumları, hələlik, bu haqda geniş danışmır, ölçü götürülüb-götürülməyəcəyini bəyan etməyə tələsmirlər. Yalnız XİN sözçüsü nazir oğlunun bahalı əmlak almasını "şəxsi həyat" kimi dəyərləndirib.

Bütün bunlar ölkədə ard-arda bir neçə icra başçısının, nazir müavini, idarə rəisinin həbsi və onların külli miqdarda dövlət vəsaitini mənimsəməsi fonunda baş verir.

E.Məmmədov
E.Məmmədov

YAP-çı deputat: "Yəqin, bu pullar dolayı yolla qazanılıb"

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Elman Məmmədov hesab edir ki, bu sualların cavabı aydındır.

"Bu adam qanuni yolla, kommersiya və ya biznes yolu ilə pul qazanırsa, imkanı, pulu ola bilər. Bizim çoxlu imkanlı iş adamlarımız var. O ki qaldı məmur və vəzifəli adamlara, siz dediyiniz kimi, külli miqdarda vəsait hesabına mal-mülk əldə ediblərsə, onlar gəlir deklarasiyası verməlidirlər. Vəzifədə olanda da, vəzifəyə gələndə də gəlir deklarasiyası verməlidirlər, gizlilik olmamalıdır. Hüquq-mühafizə orqanları sözünü deməlidir ki, bu vəsait haradan alınıb", - E.Məmmədov deyir.

O, vəzifədə qalan və gedən şəxslərlə bağlı məlumatların araşdırılmalı olduğunu bildirir. Deputat prezidentin bu haqda dəfələrlə xəbərdarlıq etdiyini, amma nəticə çıxarılmadığını da qeyd edir.

"Düzgün yol tutulmalı, qazancın, maaşın nədirsə, ona uyğunlaşmalısan. Yəqin, bu pullar dolayı yolla qazanılıb. Söz hüquq-mühafizə orqanınındır", – E.Məmmədov fikrini belə yekunlaşdırır.

Yazıçı, deputat Aqil Abbas da bu məsələ haqda danışmaq istəmir. O, ilk növbədə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalı olduğu fikrindədir.

A.Abbas
A.Abbas

"Bunun həqiqət olub-olmadığını araşdıracaqlar, dəqiqləşdirəndən sonra ölçü götürüləcək. Mətbuatın yazdığı ilə olmur, axı. Azərbaycanda xüsusi xidmət orqanları var, necə işlədiklərini görürsüz. Onlar araşdırandan sonra, həqiqətdirsə dövlət tədbir görəcək", - A.Abbas söyləyir.

"26 ildir bir nazir niyə vəzifədə saxlanılmalıdır?"

Hakim partiyanın üzvü, keçmiş deputat Eldar Sabiroğlu hesab edir ki, bu məlumatlar üzə çıxıbsa, deməli, bu araşdırılıb və bununla bağlı nəticə olacaq. Ancaq o, dediyini geniş şərh etmir.

Keçmiş deputat buna qədər bəzi həbslərin aparıldığını, onlara toplumda fərqli münasibət sərgiləndiyini, "niyə tutdular" və ya "vəziyyət onsuz da dəyişməyəcək" kimi ikili fikirlərin hakim kəsildiyini bildirir: "Mən kadr dəyişikliklərinin, yerdəyişmələrin səmərəsinə inanıram. Xüsusən də mədəniyyət nazirinin işdən çıxarılmasının. 26 il bir nazir niyə vəzifədə saxlanılmalıdır?".

"Elmar Məmmədyarovun oğlu hansı bizneslə məşğul olub ki, 4 milyonluq mülk alıb?"

İqtisadçı Qadir İbrahimli Azərbaycanda son illərdə "məmur-deputat nomenklaturası" yaradıldığını, onlara müəyyən xüsusi biznes sahələrinə girişə icazə, güzəşt və imtiyazlar verildiyini deyir. Bəzilərinin fikrincə, məmur övladı fərasətli çıxaraq biznesə sahiblənə bilər. İqtisadçı isə Azərbaycanda kifayət qədər fərasətli işadamının biznesini ya xaricə köçürdüyünü, ya ölkəni tərk etdiyini, ya da əmlakına əl qoyulduğunu bildirir. "Onlar gedəndən sonra yerlərini büdcə oğruları tutub, yəni, imtiyazlı bizneslə məşğul olan korrupsionerlər", – deyən Q.İbrahimli Azərbaycan məmurlarının xaricdə çox bahalı mülkləri olmasını qeyri-adi saymır:

Q.İbrahimli
Q.İbrahimli


"Bu haqda həmişə məlumatlar səslənib. Əgər onların ailə üzvləri biznesmendirsə, qoy gəlirlərini açıqlasınlar. Hansı bizneslə məşğuldurlar? Niyə açıqlamırlar? Məsələn, Elmar Məmmədyarovun oğlu hansı bizneslə məşğul olub ki, 4 milyonluq mülk alıb? Ya da Eldar Mahmudovun övladları? Bunlar açıqlanmalıdır. Hətta iş o yerə çatıb ki, Xarici İşlər Nazirliyinin mətbuat xidməti deyir ki, bu, onun şəxsi həyatıdır. Artıq korrupsiya özəl həyata çevrilib, yəni, "bu, bizim öz işimizdir, haqqımızdır" deyilir. Şəffaflıq yoxdur çünki".

Q.İbrahimli indiyədək xarici və yerli mediada səslənən bu cür iddia və məlumatların araşdırılmamasını bəzi dövlət qurumlarının bunda maraqlı olmamasında görür: "Məsələn, Baş prokuror yanında antikorrupsiya idarəsi var. Bu yaxınlarda icra başçıları həbs ediləndə məlum oldu ki, onların övladlarının hamısı həmin idarədə işləyir. Antikorrupsiya idarəsində işləyənlər öz atalarını həbs edəcəklər? Əksinə, qoruyacaqlar".

Onun qənaətincə, Azərbaycanda korrupsiya ilə bağlı açıqlanan informasiyalar Avropada, hətta Avropa ölkəsi olmayan Türkiyədə səsləndirilsəydi, gündəm dəyişərdi: "Amma bizdə mətbuat xidməti deyir ki, özəl həyatdır və müzakirə oluna bilməz".

Azərbaycanda təkcə nazirlərin yox, həm də dövlət başçısının övladlarının müxtəlif ölkələrdə bahalı mülklərə sahib olması haqda dəfələrlə araşdırmaçı jurnalistlər yazıblar. Hakimiyyət bunları yalanlayıb.

XS
SM
MD
LG