Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:21

Koronavirusun faş etdiyi irqi bərabərsizlik


Londonda irqçiliyə qarşı nümayiş, arxiv fotosu
Londonda irqçiliyə qarşı nümayiş, arxiv fotosu

Birləşmiş Ştatlar və Britaniyada qaradərililər arasında koronavirusdan ölüm halları çoxdankı struktur və cəmiyyət bərabərsizliyinə işıq salır, onu sosial ədalətsizliyə qarşı qlobal etirazların diqqət mərkəzinə gətirir. AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Michael Scollon bu iki ölkədə qaradərili və digər etnik azlıqların COVID-19 xəstəliyindən ölüm riskinin daha böyük olduğunu yazır.

“APN” tədqiqat laboratoriyası ABŞ ştatlarından əldə olunan dataya istinadla bildirir ki, qaradərili amerikalılar arasında ağdərililərə nisbətən ölüm riski 2,4 dəfə çoxdur.

Britaniyada isə İctimai Səhiyyə İngiltərə hökumət agentliyinin məlumatına görə, qaradərili, asiyalı, yaxud digər azlıqda olan etnik mənşəli (BAME) insanın koronavirusdan ölüm riski iki dəfə çoxdur.

Dərin kök salmış bərabərsizliklər

Bu amillərə saysız faktorlar təsir göstərir, informasiya çatışmazlığı da var. Ancaq müşahidəçilər əsas səbəb kimi çoxdankı struktur və icma bərabərsizliyini göstərirlər.

“Virus uzun müddət gözardı olunmuş, dərin kök salmış bərabərsizlikləri faş edir”, – BMT-nin Ali İnsan Haqları Komissarı Michelle Bachelet iyunun 2-də deyib.

“Birləşmiş Ştatlarda George Floyd-un qətlinin səbəb olduğu etirazlar təkcə rəngli dərililərə qarşı polis zorakılığını deyil, səhiyyə, təhsil, işlə təminatda bərabərsizliyi və sistemli irqi ayrıseçkiliyi üzə çıxardı”, – o əlavə edib.

ABŞ-dakı Johns Hopkins Universiteti Birləşmiş Ştatlarda irqlər üzrə COVID-19 xəritəsini də hazırlayıb. 40-dan çox ştatdan alınmış informasiya bu xəstəliyin azlıqda olan əhaliyə, özəlliklə afroamerikalılara necə təsir göstərdiyini ortaya qoyur.

“Bir çox irqi və etnik azlıqlar yoxsul yaşadıqlarından pandemiyanı fərqli hiss edirlər. Məsələn, avtomobilləri yoxdursa, ictimai nəqliyyatdan istifadə edirlər, bazarlıq alıb yığa bilmədiklərindən daha tez-tez mağazaya gedirlər, tibbi sığortaları, daimi tibbi xidmətə çıxışları yoxdur”, – Johns Hopkins Sağlıq Bərabərliyi Mərkəzinin direktoru Lisa Cooper deyib.

Bundan başqa qaradərililərin astma, ürək, ağciyər xəstəliklərindən ağdərililərə nisbətən daha çox əziyyət çəkməsinin də koronovirusdan ölüm hallarına təsiri var.

Sosial-iqtisadi və ətraf mühitlə bağlı izahlar

Mayda “The Lancet” tibb dərgisində dərc olunmuş hesabatda deyilirdi ki, ölümün əsas səbəbi ilə yanaşı digər şərtlər də bəzi fərqləri izah edə bilər.

Ancaq hesabat müəllifləri Birləşmiş Ştatlar və İctimai Səhiyyə İngiltərə agentliyindən əldə olunmuş dataya söykənərək yazırdılar ki, “bioloji deyil, sosial-iqtisadi və ətraf mühitlə bağlı izahları dəstəkləyirlər”. Onların fikrincə, bioloji izahlar “eynən tarixi izahlar kimi elmə və əhaliyə ziyan vurublar”.

“Ya miqrasiyadan, ya da ölkədə doğulandan sonra əldə etdikləri statusları etnik/irqi azlıqda olan əhaliyə digərlərinə bərabər tibbi xidmət əldə etmək imkanı verir. Təəssüf ki, bu, qeyri-real səslənir”, – məqalədə deyilirdi.

ABŞ-da davam edən etirazların mərkəzində duran “The Black Lives Matter” hərəkatı koronavirusla bağlı daha çox irqi əsaslı məlumatlar tələb edir.

“Bu virus bizə fəlakət gətirir. Biz bu ölkəni ayaqda saxlayan əsas işçilərik; poçt daşıyırıq, çatdırılma, nəqliyyat xidmətində çalışırıq, xəstəxana işçiləriyik. Biz sadəcə evdə qala bilmərik”, – hərəkat apreldə yazırdı.

XS
SM
MD
LG