Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:34

Britaniyada heykəllərə qarşı ‘müharibə’ gedir


Polis Winston Churchill-in parlament meydanındakı heykəlini qoruyur
Polis Winston Churchill-in parlament meydanındakı heykəlini qoruyur

Mayın 25-də ABŞ-ın Minneapolis şəhərində afroamerikalı George Floyd polis tərəfindən həbs edilərkən vəfat edəndən bəri, dünyanın bir çox şəhərlərini antiirqçilik etirazları bürüyüb.

Bu mənada ABŞ-la birbaşa tarixi bağlılığı olan Britaniya xüsusilə diqqəti cəlb edir.

Londonda başlanmış izdihamlı etiraz yürüşünün ardınca, iyunun 7-də “Qaraların da ömrü qiymətlidir” adlı hərəkatın fəalları İngiltərənin Bristol şəhərində Edward Colston adlı tarixi şəxsiyyətin heykəlini əvvəlcə yıxıb, sonra isə dənizə atıblar.

Edward Colston-un heykəli dənizə atılır
Edward Colston-un heykəli dənizə atılır

Buna səbəb 17-ci əsr taciri cənab Colston-un qul ticarəti ilə məşğul olmasıdır.

O Royal African Company (RAC) şirkətinin sahibi kimi 1672 və 1689-cu illər arasında Qərbi Afrikadan Karib hövzəsinə və Amerika qitəsinə 100 min qaradərili insanı nəql edib.

Qulları daşıyan gəmilər çox vaxt ağzınadək doldurulduğuna görə on minlərlə insan elə yollarda ölüb.

“Yıxılmalı heykəllərin xəritəsi”

Kütlənin “irqçı heykəllərə” qarşı hərəkəti rəsmilər tərəfindən ümumən sakit qarşılanıb. Məsələn London şəhərinin leyborist meri Sadiq Khan dərhal elan edib ki, Britaniya paytaxtındakı bütün heykəllər “siyasi baxımdan” nəzərdən keçiriləcək.

Lakin etirazçılar rəsmilərin heykəlləri təftiş etməsini gözləmək fikrində deyillər.

Britaniya mətbuatının yazdığı kimi onlar bir çox hallarda qədim heykəllərin “hökmlərini” özləri verirlər.

Devon şəhərində “qul taciri” Francis Drake-in iki heykəlinin sökülməsi üçün imza toplanmasına başlanıb.

Edinburq şəhər bələdiyyəsinin başçısı Adam McVey “əgər Henry Dundas-ın heykəli götürülərsə heç bir təəssüfüm olmaz” deyib.

Qraf Dundas quldar olmayıb, amma o, 18-ci əsrdə müxtəlif nazir postları tutub və quldarlığın ləğvi barədə qanunun qəbulunu gecikdirənlərdən biri hesab olunur.

Uelsdə Kardif şəhəri bələdiyyəsinin başçısı Huw Thomas bəyan edib ki, o “19-cu əsrin ən qəddar quldarlarından” biri olmuş lord Thomas Picton-un heykəlinin demontaj edilməsinə çağırışları dəstəkləyir.

Britaniyada özünü “Trump-ı dayandıraq” koalisiyası adlandıran fəallar “İrqçiləri yıxaq” adlı xəritə tərtib ediblər.

The Daily Mail yazır ki, bu xəritəyə ölkənin müxtəlif şəhərlərində “yıxılmalı olan” 78 heykəl daxil edilib.

Əfsanəvi baş nazir - Churchill

Lakin son günlərdə irqçiliyə etiraz bildirənlər indiyədək Britaniyada “müqəddəs” və ya “toxunulmaz” sayılan şəxsiyyətlərin də heykəllərinə vandalizm hücumları ediblər.

Ötən həftəsonu Britaniyanın əfsanəvi baş naziri Winston Churchill-in parlament meydanındakı heykəlinə hücum edilib.

Heykəlin ətrafına toplaşanlar “Churchill də irqçı olub” deyə qışqırırdılar. Yeri gəlmişkən, onlar heykəlin postamentinə elə bu sözləri yazıblar.

Etirazçılar Winston Churchill-in abidəsini dövrəyə alıblar
Etirazçılar Winston Churchill-in abidəsini dövrəyə alıblar

Lakin bəzi qəzetlərin yazdığına görə elə həmin gecə bir neçə könüllü II Dünya Müharibəsinin qalib liderlərindən biri olmuş şəxsin heykəlini boyalardan təmizləməyə başlayıb.

Bu hadisəyə sosial şəbəkələr də birmənalı reaksiya verməyib və yenə də media xəbərlərinə görə belə hücumlardan sonra etirazçıların sıraları bir xeyli seyrəlib.

Bir çoxları belə ağına-bozuna baxmadan bütün abidələrə hücum edilməsinə qarşı səslərini ucaltmasalar da, sakitcə çıxıb gedirlər.

Etirazçılar Churchill-i bir sıra başqa xalqların nümayəndələri haqqında dediyi “alçaldıcı” sözlərə, 3 milyon hindlinin qırıldığı Benqal aclığına və bir çox başqa hadisələrə görə ittiham edirlər.

Sky News saytı yazır ki, Churchill etirazçıların siyahısında olan yeganə baş nazir deyil.

Hədəflənən heykəllərin arasında baş nazirlər William GladstoneRobert Peel, hətta məşhur dəniz kapitanı James Cook da var.

"Rhodes yıxılmalıdır!" plakatı
"Rhodes yıxılmalıdır!" plakatı

Zimbabveni yaradan quldar

Yıxılması istənilən heykəllərin bəziləri tarixi binaların memarlıq ansamblına daxildir və dövlət tərəfindən qorunur.

İyunun 10-da Oksford Universitetinin Oriel Kollecinin qarşısında da etiraz olub. Bura toplaşanların əllərində “Cecil Rhodes yıxılmalıdır!” şüarı vardı.

Onlar Rhodes-in universitetin divarındakı heykəlinin uçurulmasını tələb edirdilər.

Əslində eyniadlı hərəkat 2015-ci ildə Cənubi Afrikanın Keyp Taun Universitetində başlanıb.

Britaniyalı biznesmen, dövlət xadimi Rhodes 1890-1896-cı illərdə Keyp koloniyasının ilk baş naziri olub. O əslində hazırda Zimbabve adlanan, əvvəllərsə onun şərəfinə Rodeziya adını daşımış müstəmləkənin əsasını qoyub.

İyunun 9-da Londonun Tauer Hamlets rayonunda Robert Milligan-ın da heykəli demontaj edilib.

Robert Milligan da 18-ci əsr quldarlarından idi və Yamaykadakı şəkər plantasiyasında 526 qul işlədirdi.

Robert Milligan-ın heykəli götürülür
Robert Milligan-ın heykəli götürülür

Kraliça Victoria da hücuma məruz qalıb

The Mirror yazır ki, heykəl müharibəsi artıq kraliça Victoria-nın abidəsinə də çatıb.

Lids şəhərinin Hayd Parkındakı Victoria abidəsinə rəng atılıb, abidənin üstündə çoxlu qraffitilər yazılıb.

Kraliça Victoria taxta 1837-ci ildə çıxıb. O vaxt artıq 4 il idi ki, quldarlıq ləğv edilmişdi.

Amma onun 63 illik hakimiyyəti ərzində Britaniya imperiyasının sərhədləri, xüsusən də Hindistan və Avstraliyanın hesabına genişlənib.

The Guardian yazır ki, ölkə boyunca heykəllərə qarşı hücumlar Britaniyanın siyasi partiyaları tərəfindən birmənalı qarşılanmayıb.

Daha çox yerli elektorata bel bağlayan hakim Mühafizkar Partiyasının rəsmiləri şərh verməyə tələsmirlər.

Elektoratında daha çox etnik azlıqlar olan müxalif Leyborist Partiyası əsasən etirazçılarla həmrəylik ifadə edir.

Lakin leyboristlərin yeni lideri Keir Starmer deyib ki, əlbəttə, “21-ci əsrdə şəhərlərin küçələrində quldarların heykəllərinə yer olmamalıdır”.

Amma siyasətçi təklif edir ki, bu heykəllər səliqə ilə götürülərək, məsələn, muzeylərdə qoyula bilərdi.

Belə görünür ki, Britaniyada baş verən bu ziddiyyətli hadisələr hələ tezliklə səngiməyəcək.

Bəzi xəbərlərə görə etirazçılar artıq “quldarların” və “irqçilərin” adlarının pablardan, küçələrdən və parklardan götürülməsini tələb edirlər.

XS
SM
MD
LG