Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:27

Putini virusdan qorumaq üçün xüsusi qurğular düzəldilib


Dezinfeksiyaedici keçid kamerası
Dezinfeksiyaedici keçid kamerası

Kremlin prezident Vladimir Putini koronavirus yoluxmasından qorumaq məqsədilə dezinfeksiya edilən xüsusi keçid kameraları və ya kandarları yaratdığı xəbər verilir.

Rusiyanın RIA-Novosti dövlət xəbər agentliyinin iyunun 16-da verdiyi məlumata görə Penza şəhərində istehsal olunan qurğular Putinin Moskva yaxınlığındakı Novo-Oqoryova iqamətgahında quraşdırılıb.

Bu arada Associated Press agentliyi iyunun 17-də Putinin sözçüsü Dmitry Peskova ixtinadən xəbər verib ki, bu avadanlığın biri prezidentin evində, ikisi isə Kremldə yerləşdirilib.

Peskov deyib ki, söhbət dövlət başçısından gedəndə “əlavə ehtiyat tədbirləri tamamilə əsaslıdır”.

O deyib ki, bu kandarlar Rusiyada koronavirus epidemiyasının ən şiddətli vaxtında quraşdırılıb.

Antiseptik dumanı

Dezinfeksiyaedici keçid kandarları ilk dəfə Penza regionunun rəsmi internet saytındakı videoda göstərilib.

Qurğu hava limanlarındakı keçid qapılarına bənzəyir. Oradan keçən şəxs “antiseptik dumanına” bürünür.

Rusiyadan verilən rəsmi xəbərlərə görə iyunun 17-də bu ölkədə 7843 yeni yoluxma qeydə alınıb. Bu, aprelin sonlarından bəri ən aşağı gündəlik göstəricidir.

Rusiyada, ümumilikdə COVID-19-a 553 min 301 nəfər yoluxub. Bu, dünya üzrə Birləşmiş Ştatlar və Braziliyadan sonra üçüncü göstəricidir.

Ötən mart ayında ölkədə virus yoluxmalarının yayıldığı vaxtdan Vladimir Putin Novo-Oqoryovadakı iqamətgahında özünü təcrid edib.

O hökumət rəsmiləri ilə müşavirələrini bir qayda olaraq videobağlantı ilə keçirir, yalnız nadir hallarda ölkənin ən yüksək rütbəli təhlükəsizlik rəsmiləri ilə üzbəüz görüşür.

Buna baxmayaraq o, ötən həftə Rusiya Günü qeyd olunarkən Moskvada keçirilən ictimai tədbirlərdən birinə qatılmışdı.

Koronavirus pandemiyası Kremlin bir çox planlarını pozub. Ona görə 9 may qələbə paradı iyunun 24-ə keçirilib və Putinə 2036-cı ilə qədər prezident qalmaq imkanı verən konstitusiya düzəlişlərinə səsvermə iyulun 1-ə təxirə salınıb.

XS
SM
MD
LG