Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:36

Putini söyən jurnalist bu dəfə söymədi, amma sərt danışdı


Giorgi Gabunia
Giorgi Gabunia

Ötən yay Rusiya prezidenti Vladimir Putini Rustavi-2 telekanalının canlı efirində ağır söyüşlərlə təhqir etmiş Gürcüstan jurnalisti Giorgi Gabunia yenə də Rusiya dövlət başçısının ünvanına sərt sözlər deyib.

AzadlıqRadiosunun Rus xidməti bildirir ki, Gabunia indi çalışdığı Mtavari Arxi telekanalının efirindən Putinə “sən” deyə müraciət edib.

O bildirib ki, Putinin “qəbrini murdarlamaq” barədə ötən il verdiyi vədi yerinə yetirməyəcək, çünki onun sözlərinə görə Rusiya prezidenti heç buna da layiq deyil.

Gabunia bildirib ki, onun silahı sözdür, amma Putin “Gürcüstana qarşı əsl silahlardan istifadə edib” və “bircə atom bombası atmağı qalıb”.

Jurnalist bu proqramda ötən həftə yayılmış xəbərləri də şərh edib.

Gürcüstanın kütləvi informasiya vasitələri yazırdılar ki, Gürcüstan ərazisinə Gabunianı öldürmək üçün göndərilmiş Rusiya vətəndaşı həbs olunub.

Gabunia deyib ki, o bu informasiyanın səhihliyinə şübhə etmir. O bildirib ki, bunu Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti də təkzib etməyib. Gabunia deyib ki, ölümdən qorxmur.

Ölüm hədələri

Giorgi Gabunia 2019-cu ilin iyununda Putini canlı efirdə təhqir etdikdən sonra dəfələrlə ölümlə hədələndiyini bildirmişdi.

O vaxt Çeçenistanın moskvayönlü lideri Ramzan Kadyrov demişdi:

“İndi Gabunia 7 divar arxasında gizlənməlidir ki, ilk qarşısına çıxan ona layiq olduğunu etməsin”.

Bir həftə bundan əvvəl Tbilisidə keçirilmiş xüsusi əməliyyat nəticəsində Rusiya vətəndaşının həbs edildiyi xəbər verilmişdi.

Gürcüstan mediası yazırdı ki, həbs edilmiş 38 yaşlı İnquşetiya sakini Vasambek Bokov Ramzan Kadyrov-un sifarişini yerinə yetirməyə hazırlaşırdı.

Kremlin sözçüsü Dmitry Peskov bu iddiaları “absurd” adlandırmışdı.

Kadyrov da iddiaları rədd etmiş və demişdi ki, “onun əmrləri ilə hərəkət edənlər adətən əmri icra edirlər”.

XS
SM
MD
LG