Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:13

COVID-19-un iqtisadi bədəli


İranda bazar, arxiv fotosu
İranda bazar, arxiv fotosu

Dünyada koronavirusa yoluxma sayı 9 milyona yaxınlaşır, yarım milyonadək xəstə dünyasını dəyişib. Milyardlarla insan epidemiyanın önlənməsi üçün tibb sahəsində irəliləyiş gözləyir.

AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Andy Heil koronavirusun iqtisadi bədəlini araşdırıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) xəbərdarlıq edib ki, bu il dünya iqtisadiyyatında azı 6 faiz azalma gözləyir, “ilin sonunadək bir çox iqtisadiyyatlarda ikinci dalğa müşahidə olunarsa”, bu göstərici 7,6 faiz də ola bilər.

360 milyon işsiz

Qurum işsizliyin 9,2 – 10 faiz arasında olacağını bildirir. Başqa sözlə, dünyadakı 3,6 milyard nəfərlik işçi qüvvəsinin 360 milyon nəfəri işini itirə bilər.

Beynəlxalq Əmək Təşkilatının hesablamasına görə, qeyri-rəsmi iqtisadiyyatda çalışan 1,6 milyard nəfər iş saatlarında kəskin azalma səbəbindən gəlirlərini itirə bilər.

İqtisadçıların fikrincə, gələn ilin sonunadək dünyanın verəcəyi gəlir itkisi ötən əsrdə müharibələri çıxmaqla istənilən dönəmdən çox olacaq.

Dünyada işçilərin 94 faizi ötən ay iş yerlərinin bağlandığı ölkələrdə yaşayır. Hər altı gəncdən biri isə pandemiya başlanandan işləməyi dayandırıb.

“Böyük Depressiyadan bəri ilk dəfə olaraq həm qabaqcıl, həm də yaranmaqda olan bazar iqtisadiyyatları 2020-ci ildə resessiyada olacaq”, – Beynəlxalq Valyuta Fondundan Gita Gopinath ötən həftə xəbərdarlıq edib.

“V” və başqa hərflər

Bir çox ölkələrdə iqtisadi rıçaqların məhdudluğu, siyasi sistemlərin reaksiyasızlığı, maliyyə bazarları üçün cəzalandrıcı əngəllər durumu daha da çətinləşdirir.

Artıq iqtisadçılar ÜDM-nin mümkün formalarını təsvir etməkdən ötrü hamıya tanış “V” işarəsinin yanına bir sıra başqa hərfləri də əlavə ediblər.

“Çox adam V-formalı dirçəliş görür, ancaq biz bunun yarıda qalacağını düşünürük”, – OECD-nin baş iqtisadçısı Laurence Boone deyib.

“V sxemi”nə görə, çoxları iqtisadi göstəricilərin əvvəlki həddə qayıdacağına ümid edirdi.

Ancaq artıq “U sxemi” – iqtisadi fəaliyyətin bir çox formalarının durğunluq içində qalacağı, işsizliyin COVID-19-dan əvvəlki səviyyədən də aşağı düşəcəyi proqnozları da səslənir.

Yaxud “Z sxemi”nə görə, ÜDM-nin artımı ilkin iqtisadi zərbədən sonra sürətlə qalxacaq, pandemiyadan qabaqkı iqtisadi proqnozları da ötəcək.

Beynəlxalq Valyuta Fondunun iyunun əvvəlindəki proqnozunda deyilirdi ki, dünyada hökumətlər pandemiyanın iqtisadi təsirini qarşılamaqdan ötrü dövlət büdcələrindən 10 trilyon dollara yaxın xərcləməli olacaqlar.

Rusiya

Müəllif daha sonra Rusiya və İran kimi ölkələrin yaşadığı iqtisadi çətinliklərə nəzər salır.

Təhlilçilərin fikrincə, Rusiya pandemiyanın iqtisadi zərbəsinə digər ölkələrdən daha hazırlıqlı idi, çünki bundan qabaq beynəlxalq sanksiyalarla üzləşmişdi.

Ukraynaya qarşı təcavüzkar hərəkətlərinə görə Rusiya altı ildir sanksiya altındadır və bir sıra qənaət tədbirləri görməli olmuşdu. Məsələn pensiya islahatları heç də əhali arasında rəğbətlə qarşılanmamışdı.

Yaxud yüzmilyardlarla dollarlıq qızıl və valyuta ehtiyatı “Rusiyanı digər ölkələrdən daha yaxşı mövqeyə çıxarmışdı”, BCS Global Markets-in baş iqtisadçısı Vladimir Tikhomirov “The New York Times” qəzetinə deyirdi.

Onun fikrincə, Rusiyada digər ölkələrə baxanda həyat normal axına daha tez qayıda bilər, çünki borclarda neqativ yaranmayacaq.

Ancaq müəllif o qədər də möhkəm olmayan səhiyyə sisteminin, neft və qaz gəlirlərindən asılılığın bu üstünlüyü “yuyub aparacağını” düşünür.

İran

İrana gəlincə, COVID-19 pandemiyası bu ölkənin iqtisadi durumunu daha da ağırlaşdırıb.

Birləşmiş Ştatların 2018-ci ildən tətbiq etdiyi sanksiyalar öz sözünü demişdi. Ölkənin işçi qüvvəsinin 25 faizi işini itirmişdi, inflyasiya yüksək idi.

İran hökumətinin sonucda qəbul etdiyi 6,3 milyard dollarlıq stimul paketi “Fars körfəzindəki istənilən neft hasilatçısı olan ölkədəkindən az idi”, – ABŞ Sülh İnstitutunun “Iran Primer” vebsaytında Garrett Nada yazır.

Bu arada Vaşinqtonla Tehranın diplomatik və iqtisadi ədavəti də öz işini görür. İran rəsmiləri 1979-cu il inqilabından bəri ilk dəfə olaraq BVF-dən 5 milyard dollarlıq fövqəladə yardım istəyəndə ABŞ rəsmiləri bu xahişi bloklayacaqlarını deyiblər.

Martda hökumət böhranla mübarizə üçün Milli İnkişaf Fondundan 1 milyard dollar ayırmalı oldu.

Prezident Hassan Rohani iranlıların kənd təsərrüfatı və qeyri-neft sektoruna ümid bəsləyə biləcəyini deyib. BVF isə bu il İranın qeyri-neft sektorunda 6 faizlik azalma proqnozlaşdırır.

XS
SM
MD
LG