Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:34

Koronavirusla bağlı durum “heç yaxşı deyil”


Miçiqanda restoran, arxiv fotosu
Miçiqanda restoran, arxiv fotosu

Birləşmiş Ştatların yoluxucu xəstəliklər üzrə aparıcı rəsmisi deyir ki, ölkədə koronavirusla bağlı durum “həqiqətən yaxşı deyil”.

Anthony Fauci iyulun 6-da bildirib ki, Birləşmiş Ştatlar virusun birinci dalğasına “dizəcən batıb”, çünki Avropa və Asiyadan fərqli olaraq pandemiyalara heç vaxt ciddi nəzarət etməyib, ştatlar iqtisadiyyatlarını çox erkən açıblar.

Prezident Donald Trump isə yoluxmanın miqyasını azaldaraq şirkət iqtisadiyyatlarının təkrar açılmasına çağırır. Ölkə boyunca koronavirusa yoluxanların sayı 3 milyonu keçmək üzrədir, 130 min xəstə vəfat edib

Gündəlik yoluxmalar 50 min civarındadır

Virus Nyu Yorkda səngiyəndən sonra cənub və qərb hissələrdə yayılmağa başlayıb. Ölkəboyu yeddi günlük yeni yoluxmalar 50 min civarındadır, yəni bir ay öncəkindən iki dəfədən də çox. 50 ştatdan 39-da yoluxmalar artan xətt üzrə gedir.

Bir sıra ştatlar təkrar açılım qərarlarına fasilə verir, yaxud da prosesi dayandırır. Kaliforniya, Texas və Florida bu sıradadır. Floridanın Mayami ərazisi ABŞ-da koronavirusun yeni episentri olaraq iyulun 6-da təkrar acılımla bağlı qərarlarını ləğv etməyə başlayıb. Bir neçə həftə ərzində açıq olmuş restoranlar yenidən bağlanıb.

Florida COVID-19 testlərinin müsbət çıxma faizinin yuxarı olduğu ştatlar sırasındadır.

Arizona, Florida, Texas və Kaliforniyada xəstəxanaya yerləşdirilənlərin sayı da sürətlə artmaqdadır. Ancaq aprel və may ayları ilə müqayisədə indi virusdan daha az adam ölür. O zaman günə 3 minədək ölüm qeydə alınırdısa, indi bu say 600 civarındadır.

Səhiyyə ekspertlərinin fikrincə, ölüm səviyyəsinin azalması daha yaxşı müalicə və virusun dərk olunması, eləcə də COVID-19-a indi daha çox gənclərin tutulması ilə əlaqədardır.

ABŞ-dan sonra ikinci yerdə gələn Braziliyada 1,6 milyon yoluxma təsdiqlənib, 65 min 487 nəfər vəfat edib.

Braziliya, Hindistan, Avstraliya

Braziliya Prezidenti Jair Bolsonaro iyulun 6-da deyib ki, ağciyərlərini rentgen elətdirib və daha bir koronavirus testindən keçib. Yerli media onda virusun simptomlarının olduğunu yazmışdı. Populist lidersə virusa əhəmiyyət vermir, ictimaiyyət arasında maska taxmır, tədbirlərə gedir, tərəfdarları arasında görünür.

Bu arada Hindistanda yoluxmalar sürətlə artır və iyulun 6-da 700 minə yaxın yoluxma ilə Rusiyanı ötərək dünyada üçüncü yerə çıxıb. Hindistanda virusdan 20 min nəfərin öldüyü bildirilsə də, 1,3 milyarddan çox əhalisi olan ölkədə real rəqəmlərin daha yüksək olduğu düşünülür.

Avstraliyanın əhali sayına görə ikinci əyaləti olan Viktoriyada metropolitan Melburn və bir regional ərazidə evdə qalmaq göstərişi tətbiq olunacaq. 5 milyonadək sakini olan əyalətdə gündəlik rekord yoluxmalar qeydə alınıb.

Əyalətin Baş naziri Daniel Andrews deyib ki, iyulun 8-də gecəyarısından karantin başlanır və altı həftə qüvvədə qalacaq. Viktoriyada 191 yeni yoluxma qeydə alınıb ki, bu da epidemiya başlanandan ən böyük rəqəmdir.

Avstraliyadan indiyədək 8 min 500 yoluxma və 106 ölüm qeydə alınıb.

Dünya üzrə isə pandemiya 538 mindən çox insanın həyatına son qoyub, 11,6 milyon nəfərin yoluxduğu təsdiqlənib.

XS
SM
MD
LG