Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:15

Çin vaksin yarışında önə çıxmağa can atır – Qərb mediası


COVID-19 vaksini
COVID-19 vaksini

Çin COVID-19 pandemiyasına qarşı vaksinin hazırlanması yarışında çətinliklə olsa da önə çıxmağa çalışır. Sinovac Biotech şirkətinin hazırladığı eksperimental vaksin dünyada bu ayın sonunda sonuncu sınaq mərhələsinə keçəcək üçüncü, ölkə üzrə isə ikinci vaksindir.

“Reuters” agentliyi yazır ki, ölkənin dövlət, hərbi və özəl sektorları dünyada 500 mindən çox insanın həyatına son qoymuş xəstəliklə mübarizəyə cəlb olunub. Koronavirusun ötən ilin sonunda məhz Çində peyda olduğu güman edilir.

Birləşmiş Ştatlar daxil olmaqla bir çox ölkələr vaksin yarışmasında özəl sektorla sıx koordinasiya edir.

Agentlik yazır ki, Çinin COVID-19 yoluxmaları ilə mübarizəsi irimiqyaslı vaksin sınağı aparmasını çətinləşdirir. Üstəlik, indiyədək çox az ölkə bu sahədə onunla işləməyə razılıq verib. Keçmişdəki vaksin qalmaqallarından sonra Pekin dünyanı inandırmalıdır ki, bütün təhlükəsizlik və keyfiyyət tələblərini yerinə yetirib.

Ancaq Çin müəyyən nəticələr də əldə edib. Məsələn, dövlətin nəzarət etdiyi qurum özünün bildirdiyi kimi, “müharibə dövrü sürətilə”, iki aya iki vaksin zavodunun tikintisini tamamlayıb. Dövlət müəssisələri və ordu əməkdaşlar üzərində eksperiment aparılmasına icazə verib.

Xalq Azadlıq Ordusunun tibbi tədqiqat birliyi Çinin yoluxucu xəstəliklərlə mübarizəsinin əsas aparıcı qüvvəsidir. Ordu vaksinin hazırlanması üçün CanSino kimi özəl şirkətlərlə işləyir.

Hazırda dünyada vaksin adına 19 namizədin insan üzərində sınağı aparılır, Çin bu sırada 8-ci yerdən sonra gəlir. Sinovac-ın hazırladığı eksperimental dərman və orduyla CAnSino şirkətinin birgə hazırladığı dərman öndə gedənlərdəndir.

Çin həmçinin indiyədək qrip və qızılca kimi xəstəliklərə qarşı vaksin hazırlanmasında istifadə olunmuş texnologiyadan yararlanır. Bu, uğur şansını artıra bilər.

Onun qərbdəki rəqibləri – ABŞ-dakı Moderna, Almaniyanın CureVacBioNTech şirkətləri RNT mesenceri adlanan yeni texnologiyadan istifadə edirlər. İndiyədək bu texnologiya əsasında hazırlanmış məhsulun istifadəsinə razılıq verilməyib.

Çin ötən il vaksin sənayesini nizamlayacaq qanun qəbul edib. Saxta, yaxud aşağı keyfiyyətli vaksinlərin hazırlanması və satışına görə ağır cərimələr qoyulub.

Vaksin sınağı niyə yubanır

“Reuters” şirkəti vaksin sınaqları ilə bağlı Moderna Inc şirkəti ilə ABŞ alimləri arasında mübahisə yarandığını öyrənib.

Federal hökuməti Moderna-nın vaksin layihəsini təxminən yarım milyard dollar ilə dəstəkləyir və insanlar üzərində irimiqyaslı sınaq üçün də məhz onu seçib.

Ancaq indiyədək təsdiqlənmiş vaksin hazırlamayan, böyük sınaq aparmayan şirkət proseslə əlaqədar alimlərlə fikir ayrılığı yaşayıb, sınaq protokollarını gecikdirib, araşdırmanı necə aparmaqla bağlı ekspertlərin dediyini etməyib.

Vaksin layihəsindən xəbərdar mənbələrin bildirməsinə görə, bu gərginlik vaksin namizədinin sınağının başlanmasını iki həftədən çox yubadıb. İndi sınaq iyulun sonuna gözlənir.

“Daha çox əməkdaşlıq etsəydilər, hər şey qrafik üzrə gedərdi”, – mənbələrdən biri agentliyə deyib.

Narazılığın bir qismi nisbətən gənc firmanın nisbi təcrübəsizliyi ilə bağlı olub. Mənbələr onun insanlar üzərində sınağa nəzarət üçün yetərincə işçi və təcrübəsinin olmadığını deyirlər. ABŞ hökumətinin oturuşmuş dərman şirkətləri olan AstraZeneca Plc Johnson & Johnson ilə oxşar problem yaşamadığı bildirilir.

Moderna isə öz tərəfindən hansısa yanlış addıma yol vermədiyini desə də, ekspertlərlə “fikir ayrılığı” yaşadığını təsdiqləyib. Şirkət bildirir ki, çoxsaylı irimiqyaslı sınaqlar aparmış adamlardan ibarət təcrübəli komandası var.

“Hər şey rahat və asan getmir. İndiyədək heç kəs belə bir iş görməyib, nə Moderna, nə də hər hansı başqa şirkət”, – Moderna-nın sözçüsü Ray Jordan vurğulayıb.

XS
SM
MD
LG